18 noyabr 2025 10:02
301

Yeni Azərbaycan Partiyası ölkənin ən böyük və nüfuzlu siyasi təşkilatıdır

1992-ci il 21 noyabr tarixi Azərbaycan siyasi tarixində dönüş nöqtəsi kimi qiymətləndirilir. Həmin gün Yeni Azərbaycan Partiyasının (YAP) təsis konfransının keçirilməsi müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın dövlətçilik sisteminin möhkəmləndirilməsi, ictimai-siyasi sabitliyin bərpası və ölkənin gələcək inkişaf istiqamətlərinin müəyyən edilməsində mühüm mərhələ olmuşdur.

XX əsrin sonları Azərbaycanın tarixində həm çətinliklərlə, həm də xalqın iradəsinin sınağa çəkildiyi bir dövr kimi yadda qalmışdır. 1991-ci ildə müstəqilliyini elan edən respublika daxili siyasi böhran, iqtisadi tənəzzül, idarəetmədə xaos və eyni zamanda Ermənistanın ölkəmizə qarşı apardığı hərbi təcavüzlə üz-üzə qalmışdı. Belə kritik şəraitdə xalqın gələcəyinə məsuliyyətlə yanaşan nüfuzlu ziyalılar, elm xadimləri, ictimai-siyasi şəxslər ölkəni bu vəziyyətdən çıxarmaq üçün yeni bir siyasi qüvvənin formalaşdırılmasının zəruriliyini önə çəkirdilər.

Məhz belə ağır və məsuliyyətli bir tarixi mərhələdə 91 nəfər tanınmış ziyalı tərəfindən Heydər Əliyevə müraciət ünvanlanmışdı. Onlar ölkənin nicatı və sabitliyə doğru aparan düzgün siyasi xəttin yalnız Heydər Əliyevin liderliyi altında mümkün ola biləcəyini bildirirdilər. Bu müraciət cəmiyyətin siyasi düşüncəsində yeni bir mərhələnin əsasını qoydu və qısa müddət sonra Yeni Azərbaycan Partiyasının yaranması üçün təşkilati işlərə başlanıldı.

1992-ci il 21 noyabr tarixində Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. Konfransda ölkənin müxtəlif bölgələrindən gəlmiş nümayəndələr, ictimai xadimlər, ziyalılar və siyasi fəallar iştirak edirdilər. Təhlükəsizliyin təmin edilməsi imkanlarının məhdud olduğu bir dövrdə konfransın məhz Naxçıvanda keçirilməsi Heydər Əliyevin siyasi iradəsini, xalq qarşısındakı məsuliyyətini və qətiyyətini nümayiş etdirirdi.

Təsis konfransı partiyanın strukturunun müəyyən edilməsi, proqram və nizamnaməsinin qəbulu, həmçinin partiyanın rəhbərliyinin seçilməsi ilə yadda qaldı. Konfransın yekdil qərarı ilə Heydər Əliyev Yeni Azərbaycan Partiyasının sədri seçildi. Bu gün də YAP-ın yaranma tarixi yalnız bir siyasi təşkilatın formalaşması deyil, həm də dövlətçilik ideyalarının möhkəmləndirilməsi baxımından tarixi əhəmiyyət daşıyan hadisə kimi qiymətləndirilir.

Partiyanın yaranması ölkədə siyasi sabitliyin bərpası, dövlətçilik ənənələrinin formalaşdırılması və müstəqilliyin qorunması istiqamətində mühüm töhfə verdi. 1993-cü ildə Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı, Azərbaycanın inkişaf strategiyasının müəyyən edilməsi, iqtisadi və siyasi islahatların həyata keçirilməsi məhz YAP-ın ideoloji xətti və təşkilatlanmış siyasi qüvvə kimi gücündən qaynaqlanırdı.

Bu gün Yeni Azərbaycan Partiyası ölkənin ən böyük siyasi təşkilatı olaraq dövlətçilik fəlsəfəsinə, milli maraqlara və təkmil idarəçilik modelinə əsaslanan xəttini uğurla davam etdirir. YAP-ın 1992-ci il 21 noyabr tarixində keçirilmiş təsis konfransı isə müasir Azərbaycanın siyasi inkişaf yolunda başlanğıc nöqtələrindən biri kimi tarixdə öz layiqli yerini tutmuşdur.

Şəbnəm Saracova,
YAP Xətai təşkilatının fəalı