1992-ci il 21 noyabr tarixi Yeni Azərbaycan Partiyasının yalnız yaranma günü deyil, həm də ölkənin siyasi həyatında dönüş nöqtəsidir. Həmin dövrdə Azərbaycanın qarşılaşdığı mürəkkəb situasiya fonunda YAP-ın təsis olunması cəmiyyətin gələcəyinə inamın yenidən formalaşmasına imkan verdi. Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi, qətiyyəti və xalqın etimadını qazanması bu partiyanı qısa zamanda ölkədə ən nüfuzlu siyasi qüvvəyə çevirdi.
Bu gün YAP artıq 33 ildir ki, Cənubi Qafqazın ən böyük siyasi partiyasıdır və ölkənin inkişaf strategiyasına yön verən əsas qüvvə kimi çıxış edir. VII qurultayın qərarları, partiyanın 730 mindən çox üzvü və davamlı olaraq siyasi proseslərin mərkəzində olması YAP-ın nə qədər geniş dayaqlara sahib olduğunu göstərir.
Mən hər zaman düşünmüşəm ki, ölkənin siyasi sabitliyi və inkişafı təsadüfi olmur — bunun arxasında böyük vizyon, doğru qərarlar və xalqın etimadı dayanır. Heydər Əliyevin uzaqgörənliyi və bu siyasətin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi bu tarixi qərarın nə qədər düzgün olduğunu sübut edir. YAP-ın yaranması təkcə bir partiyanın yaranması deyil, Azərbaycanın gələcəyə doğru atdığı ən mühüm addımlardan biridir.
Prezident İlham Əliyevin VII qurultaydakı çıxışında vurğuladığı kimi, bu gün YAP yeni dövrə uyğun inkişaf strategiyasını formalaşdırıb. Dünya siyasəti dəyişir, beynəlxalq münasibətlər fərqli istiqamət alır və bu şəraitdə adekvat qərarlar vermək hər zamankından daha vacibdir. YAP-ın siyasəti həm milli maraqlara söykənir, həm də qlobal tendensiyaları nəzərə alır.
Partiyadaxili münasibətləri səciyyələndirən üç əsas meyar – peşəkarlıq, işgüzar münasibətlər və şəxsi inkişaf – təşkilati mədəniyyətin nə qədər müasir və davamlı olduğunu göstərir. Bu meyarlar həm idarəetmədə effektivliyi artırır, həm də üzvlərin şəxsi və ictimai fəaliyyətinə müsbət təsir göstərir.
Məncə, YAP-ın gücü təkcə keçmişdə qazandığı uğurda deyil, bu gün göstərdiyi yenilikçi yanaşmadadır. Dəyişən dünyaya uyğunlaşmaq hər bir təşkilat üçün çətindir, amma YAP bunu həm strateji düşüncə, həm də peşəkar komanda işi ilə bacarır. Partiyadaxili münasibətlərdə peşəkarlığa və şəxsi inkişafa verilən dəyər hər bir üzvü daha məsuliyyətli və daha məqsədyönlü edir. Bu, uzunmüddətli sabitliyin ən güclü təminatıdır.
Müəllim olaraq mən bunu xüsusilə vacib sayıram. Çünki tədrisdə şagirdlərə aşılamalı olduğumuz dəyərlər məhz bunlardır: öz üzərində işləmək, məsuliyyət daşımaq, inkişafdan geri qalmamaq.
Mən hesab edirəm ki, YAP-ın bugünkü fəaliyyəti gənclərə bir mesaj verir: “Zaman dəyişir və dəyişikliklərə ayaq uyduran ölkələr irəli gedir.” Şagirdlərimə hər zaman deyirəm ki, bu gün Azərbaycanda qurulan inkişaf modeli gələcək nəsillər üçün möhkəm təməl deməkdir. Bu siyasət, bu yanaşma həm müəllim kimi, həm də vətəndaş kimi məni qürurlandırır.
Güllü Məmmədova,
Xətai rayonu, 24 N-li məktəbin Azərbaycan dili müəllimi