20 noyabr 2025 08:05
173

YAP bütün sınaqlardan şərəflə çıxıb

21 noyabr 1992-ci il ictimai-siyasi fikir tariximizin ən əlamətdar və unudulmaz tarixlərindən biridir. Məhz həmin gün Yeni Azərbaycan Partiyasının yarandığı gündür.Həmin gün ümummilli lider Heydər Əliyevin rəhbərliyi altında Naxçıvanda Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirilmişdi. Bu tədbir, sözün əsl mənasında, dövlətçiliyimizin taleyində mühüm dönüş nöqtəsi oldu. Müstəqilliyimizin ilk dövrü hamının yadındadır: ölkə ağır, çətin, qarışıq bir mərhələni yaşayırdı. O vaxt hakimiyyətdə olan qüvvələr müstəqilliyi qorumaqda aciz idi. Azərbaycan həm də müharibə şəraitində idi və cəbhədə dalbadal itkilər cəmiyyətin ümumi əhvalını ciddi şəkildə sarsıdırdı. 1992-ci ilin mayında Şuşa və Laçının işğal olunması xalqımız üçün böyük faciə olmuşdu.

Həmin ilin ortalarında hakimiyyətə gələn yeni iqtidar isə vəziyyəti daha da gərginləşdirdi. Onların təcrübəsizliyi, səriştəsizliyi və məsuliyyətsizliyi nəticəsində dövlət müstəqilliyi real təhlükə ilə üz-üzə qalmışdı. Ölkədə siyasi qarışıqlıq, iqtisadi tənəzzül və idarəetmədə xaos hökm sürürdü. Belə çətin bir anda ziyalılar, tanınmış ictimai xadimlər, ölkə üçün narahatlıq duyan insanlar Heydər Əliyevin ətrafında birləşərək Yeni Azərbaycan Partiyasının yaradılmasına qərar verdilər.

YAP Azərbaycan Respublikasının Konstitusiyası və qanunvericiliyi çərçivəsində, özünün Nizamnaməsi və Proqramı əsasında fəaliyyət göstərən, öz sıralarında Azərbaycanda hüquqi dövlət, sabit və sosialyönümlü iqtisadiyyat, vətəndaş cəmiyyəti qurmaq ideyalarını qəbul edən vətəndaşları birləşdirən sağ mərkəzyönümlü siyasi partiyadır.

YAP-ın yeni proqramı, müasir dövrün çağırışlarını və qlobal tendensiyaları nəzərə alaraq hazırlanmışdır. Partiya innovativ inkişaf, şəffaflıq və inklüziv cəmiyyət quruculuğu istiqamətində fəaliyyətini davam etdirərək, Heydər Əliyev irsinin işığında Azərbaycanın yeni zirvələrə yüksəlməsinə töhfə verir.

Yeni Azərbaycan Partiyası, dünənin ağır sınaqlarından keçərək bu gün güclü liderliklə Azərbaycanın sabitliyini və inkişafını təmin edən qüvvədir. Gələcəyə inamla addımlayan bu partiya Heydər Əliyevin siyasi irsini yaşadaraq xalqımıza və dövlətimizə xidmət etməyə davam edir.

Aydan Nəsibova,
YAP Xətai rayon təşkilatının G.Şıxlinski 56/2 ünvanı üzrə ilk ərazi partiya təşkilatının üzvü