Qədimliyi ilə dünyaya səs salan gözəl Qarabağımızın döyünən ürəyi olan Ağdam! Bu şəhər haqqında düşündükcə belə bir fikir yaranır: Tarixi çox qədimlərə dayanan bu şəhər mərdliyin, qürurun, incəsənətin və bir də zəhmətkeş insanların izlərini daşıyan yurd yeridir.
Rəvayətə görə, Qarabağ xanlığının banisi Pənahəli xan burada ağ daşlardan bir imarət tikdirmiş və əhali həmin yerə “Ağdam” adını vermişdir. Rayonun inkişafında Pənahəli xanın böyük rolu olmuşdur.
Bu şəhər həm strateji mövqeyi, həm də mədəni irsi ilə xüsusi əhəmiyyət daşıyır. Bu torpaqda yaşayanlar yalnız əkinçilik və maldarlıqla deyil, həm də dulusçuluq, toxuculuq, zərgərlik kimi ənənəvi sənətkarlıq sahələri ilə məşğul olmuşlar. Ağdam rayonu strateji mövqeyinə görə XIX əsrdən XX əsərin əvvəllərinə qədər ticarət mərkəzinə çevrilmişdir. Tarixi mənbələr sübut edir ki, bu rayonun etnik tərkibi qıpçaq və oğuz tayfalarından ibarət olub.
Ağdamlılar musiqiyə, incəsənətə, xüsusən də muğama olan dərin məhəbbətləri ilə seçilmişdirlər. Bu torpağın havası, suyu ilə böyüyən uşaqlar gözəl avazları ilə fərqləniblər. Muğam ustadlarından Xan Əmi – Havalansın Xanın səsi, Qarabağın şikəstəsi, Səxavət Məmmədov, Arif Babayev, Qədir Rüstəmov, Mənsum İbrahimov və başqalarını misal göstərmək olar.
Ağdam əsrlər boyunca mədəniyyətin, incəsənətin, zəhmətkeş insanların şəhəri olmasına baxmayaraq, son 3 onillik onun taleyinə həm faciəvi dağıntıları, həm də şəfqətli dirçəlişi ilə yazıldı. 1993-cü ildə mənfur qonşularımız olan erməni vandalları Ağdamı təkcə xəritədən yox, həm də insanlarının həyatından da sildilər. İnsanlar öz doğma yurd-yuvasından didərgin salındı. Şəhər xarabalığa çevrildi. Məzarlıqlar dağıdıldı. Hətta bu mənzərəni görənlər “Qafqazın Xerosiması” adlandırmışdılar. Ağdamın taleyi bütün Azərbaycan üçün bir acı həqiqətə çevrildi - ədalətsizliyin, zorakılığın və qeyri-insani davranışların yükünü xalqımız bir dərd kimi yaşadı. Ağdamlılar Qarabağ döyüşlərində böyük şücaət göstərmiş qəhrəmanları ilə seçiliblər. Birinci Qarabağ döyüşlərində Şəhid olan Milli Qəhrəmanlarımız Allahverdi Teymur oğlu Bağırov, İftixar Qasım oğlu Qasımov, Asif Yusif oğlu Məhərrəmov, Hidayət Eldar oğlu Rüstəmov və başqalarını misal göstərmək olar. Azərbaycan oğullarının şücaəti, rəşadəti bununla bitmədi. İllərlə vətən həsrətini ürəyində daşıyan körpə uşaqlar böyüyüb döyüşlərə atıldılar, 2020-ci ildə ərazi bütövlüyümüzü bərpə etmək naminə Şəhid oldular. Bunlardan Şəhriyar Quliyev, Mədət Qənbərov, Müşfiq Qabil oğlu Abbasov və minlərlə oğullarımız canlarını qurban verdilər. Ağdam uğrunda gedən döyüşlərdə 5897 nəfər şəhid olmuşdur. Başqa bir mənbəyə görə şəhid olanların sayı 6000 nəfərdir. Onlardan 16 nəfəri Azərbaycan Milli Qəhrəmanıdır. Onu deyə bilərəm ki, hər iki Qarabağ döyüşlərində ən çox şəhid olan ağdamlılar olmuşdur. Əminəm ki, indi Şəhidlərimizin ruhları şaddır! Ali Baş Komandanımızın rəhbərliyi ilə hərb tariximizə imza atıldı. Bütöv Azərbaycan olaraq Qarabağı erməni işğalçılarından azad etdik. Bu şanlı qələbəni bizə yaşadan Azərbaycan oğullarına minnətdarıq.
İlahə Qayıbova,
YAP Xətai rayon təşkilatının fəalı