Azərbaycan xalqının tarixində 17 Noyabr tarixi xüsusi əhəmiyyətə malikdir. Bu gün ölkəmizdə Milli Dirçəliş Günü kimi qeyd olunur və demokratik inkişafın, milli həmrəyliyin, dövlətçilik prinsiplərinin möhkəmlənməsinin rəmzi hesab olunur. Ulu Öndər Heydər Əliyevin sözləri ilə desək: “YAP dünənin, bu günün və gələcəyin partiyasıdır.” Bu ifadə Yeni Azərbaycan Partiyasının (YAP) Azərbaycan xalqının həyatında oynadığı mühüm rolun aydın göstəricisidir.
Yeni Azərbaycan Partiyası son 30 ildə Cənubi Qafqazda qurulan ən böyük və nüfuzlu siyasi qurum kimi Azərbaycanın ictimai-siyasi həyatında aparıcı mövqeyə malikdir. Partiyanın hazırda 730.354 üzvü fəaliyyət göstərir ki, bu da onun xalq tərəfindən dəstəkləndiyini və geniş təsir dairəsini göstərir. YAP-ın VII qurultayı ölkəmizin ictimai-siyasi tarixində tarixi hadisə hesab olunur. Bu qurultay yalnız partiyanın daxili fəaliyyətini tənzimləmək üçün deyil, həm də ölkədə gedən siyasi, iqtisadi və sosial proseslərin istiqamətini müəyyənləşdirən strateji addımdır.
Prezident İlham Əliyev vurğulayır ki, 2003-cü ildən etibarən xalqın göstərdiyi etimad nəticəsində Ulu Öndərin siyasətinə sadiqlik qorunub saxlanmışdır. Həyat sübut etdi ki, bu dövrdə Azərbaycan tarixi uğurlara imza atmış, ölkə müstəqilliyini möhkəmləndirmiş və yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Bu dövr, əvvəllər qurulmuş möhkəm təməllərə əsaslanmaqla yanaşı, həm də beynəlxalq tendensiyaları nəzərə alan adekvat və müasir inkişaf dövrünü təmsil edir. Prezident İlham Əliyev də qeyd edir ki, bu tarix gələcək nəsillər üçün dərsliklərdə, məqalələrdə və kitabçılarda düzgün əks etdirilməlidir.
Partiyadaxili münasibətlər YAP-ın uğurunda əsas rol oynayan meyarlarla xarakterizə olunur. Bunlara peşəkarlıq, işgüzar münasibətlər, şəxsi inkişaf, sağlam rəqabət, etik davranış və milli dəyərlərə sadiqlik, innovativ inkişaf və kreativlik, elmlilik və müasirlik daxildir. Bu dəyərlər Yeni Azərbaycan Partiyasını yalnız siyasi təşkilat deyil, həm də ölkənin strateji inkişafında aparıcı qüvvəyə çevirir.
Milli Dirçəliş Gününün əsas mesajlarından biri də xalqın həmrəyliyinin, dövlətçiliyə və milli maraqlara sadiqliyin önəmini vurğulamasıdır. Prezident İlham Əliyev də açıq şəkildə bildirir: “Ümummilli məsələlərdə heç bir fərqli fikir ola bilməz.” Bu fikir Azərbaycan xalqının tarixindən gələn birlik ruhunu, milli maraqlara üstünlük vermə prinsipini və gələcəyə doğru inamla irəliləmə yolunu əks etdirir.
Nəticə etibarilə, 17 Noyabr – Milli Dirçəliş Günü həm xalqın dövlətinə bağlılığının, həm də Yeni Azərbaycan Partiyasının ölkənin ictimai-siyasi həyatında oynadığı mühüm rolun simvoludur. Bu gün biz bir daha əmin oluruq ki, həmrəylik, düzgün qərarlar və strateji baxış Azərbaycanın sabitliyi və tərəqqisi üçün əsas şərtdir.
E. Ağayeva,
YAP Xətai rayon təşkilatının “Q.Nəbi 6a” ünvanı üzrə ərazi partiya təşkilatının üzvü