La Liqanın prezidenti Xavyer Tebas diskvalifikasiya ilə üzləşə bilər.
“İki sahil” xəbər verir ki, bu haqda AS məlumat yayıb.
Təhlükəyə səbəb onun “Barselona” ilə bağlı məxfi maliyyə məlumatlarının açıqlanmasıdır.
Noyabrın 21-də İspaniya İdman İnzibati Tribunalı (TAD) Tebasa qarşı iş açıb. İttiham 2025-ci il aprelin 2-də La Liqanın rəsmi saytındakı bəyanat vasitəsilə "Barselona" tərəfindən verilən məxfi məlumat ictimaiyyətə açıqlanması ilə bağlıdır. Qaydalara görə, belə məlumatlar mühafizə olunmalıdır.
Ötən mövsüm "Barselona"da maliyyə problemləri yaranıb. Həmin vaxt Kataloniya klubu 2024-cü ilin yayında Almaniyanın “Leyptsiq” klubundan 55 milyon avroya aldığı oyunçu Dani Olmonu qeydiyyatdan keçirməkdə çətinlik çəkirdi. Həmçinin Kataloniya təmsilçisi əlavə maliyyə problemləri ilə də qarşı-qarşıya idi. Bu vaxt isə La Liqa oyunçuların qeydiyyatdan keçirilməsinə görə icazəni ləğb etmək fikrində idi.
"Barselona" isə Tebası məxfiliyi pozmaqda ittiham edib. Buna cavab olaraq La Liqa rəsmi saytından və digər rəsmi kanallardan bəyanatı silib. TAD Tebası günahkar hesab edərsə, o, ictimai töhmətdən tutmuş 2 aydan 1 ilədək işdən kənarlaşdırılmaq cəzası ilə üzləşəcək.