Qarabağın qədim yaşayış məskənlərindən biri olan Ağdam zəngin mədəni irsi, strateji mövqeyi və çoxəsrlik tarixi ilə seçilən diyardır. 20 noyabr – Ağdam şəhəri günü azad edilmiş bu ərazilərin genişmiqyaslı bərpa və dirçəliş mərhələsinin təzahürüdür.
Ağdam rayonu 1930-cu ildə inzibati ərazi vahidi kimi təsis edilib. Sahəsi 1094 kvadrat kilometr olan rayonun ərazisi həm düzənlik, həm də dağətəyi relyeflə xarakterizə olunur. Qarabağ dağ silsiləsinin şimal-şərq ətəklərində yerləşməsi Ağdama həm strateji, həm də təbii-coğrafi baxımdan xüsusi əhəmiyyət qazandırır. Kür-Araz ovalığının qərb hissəsində yerləşən bu torpaq əsrlər boyu əkinçilik, bağçılıq və maldarlıq üçün əlverişli şəraiti ilə seçilib.
XX əsrin 50-ci illərindən başlayaraq Ağdam ərazisində aparılan arxeoloji qazıntılar burada mədəniyyət tarixinin minilliklərə söykəndiyini üzə çıxarmışdır. Tədqiqatlar sübut edib ki, bu bölgə Eneolit dövründə – e.ə. IV–VI minilliklərdə ilk oturaq əkinçi və maldar icmaların yaşadığı ərazilərdən biri olmuşdur. Üzərriktəpə abidəsi isə Qafqazın ilk şəhər tipli yaşayış məskənlərindən biri kimi elmi ədəbiyyatda xüsusi yer tutur. Tapılan maddi-mədəniyyət nümunələri Ağdamın qədim sivilizasiya mərkəzi olduğunu, burada inkişaf etmiş kənd təsərrüfatı mədəniyyətinin formalaşdığını göstərir.
1993-cü ildə Ağdam uğrunda 42 gün davam edən döyüşlər 23 iyulda rayon ərazisinin 73 faizinin işğalı ilə nəticələnmişdir. Döyüşlər zamanı minlərlə insan yaralanmış, soydaşlarımız məcburi köçkün kimi yaşamğa məcbur olmuşdur. Ağdamın işğalı Qarabağ probleminin ən faciəli səhifələrindən biridir.
1993-cü il iyulun 29-da BMT Təhlükəsizlik Şurası 853 saylı qətnamə qəbul edərək Ermənistan qoşunlarının Ağdam və digər işğal olunmuş ərazilərdən qeyd-şərtsiz çıxarılmasını tələb etmişdir. Lakin Ermənistan tərəfi bu beynəlxalq qərarlara məhəl qoymayaraq işğalçı siyasətini uzun illər boyunca davam etdirmişdir.
İşğal illərində Ağdam rayonunda sistemli şəkildə coğrafi adlar dəyişdirilmiş, mülki obyektlər dağıdılmış, ərazilər yandırılmış, mədəni-tarixi abidələr talan edilmişdir. Bu hərəkətlər Cenevrə Konvensiyalarının açıq şəkildə pozulması idi və Ermənistanın məqsədli şəkildə etnik təmizləmə siyasəti yürütdüyünü sübut edir. Ağdam dağıdılmış şəhərə çevrilmiş və beynəlxalq ekspertlər tərəfindən “Qafqazın Xirosiması” adlandırılmışdır.
44 günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində imzalanmış 10 noyabr 2020-ci il bəyanatına əsasən, 20 noyabrda Ağdam Azərbaycana təhvil verilmişdir. Rayonun dinc yolla azad olunması İkinci Qarabağ müharibəsinin dönüş nöqtəsi olmuşdur.
Prezident İlham Əliyevin təşəbbüsü ilə 2020-ci il noyabrın 26-da “Ağdamın azad olunmasına görə” təsis edilmişdir. Dövlətimizin başçısının müvafiq sərəncamları ilə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 5790 hərbi qulluqçusu bu medalla təltif olunmuşdur.
2021-ci ildə yaradılmış Ağdam Sənaye Parkı Qarabağın iqtisadi potensialının bərpasında mühüm rol oynayır. Park 190 hektar ərazini əhatə edir və ölkənin ikinci ən böyük sənaye parkıdır. Burada onlarla sahibkarlıq subyekti fəaliyyət göstərir, milyonlarla investisiya qoyulur, yeni iş yerləri açılır. Bu faktor Ağdamın iqtisadi mərkəzə çevrilməsi istiqamətində mühüm addımdır.
2022-ci il avqustun 16-da təsdiqlənmiş “Ağdam şəhərinin 2040-cı ilədək inkişafına dair Baş planı” şəhərin gələcək inkişafının əsas istiqamətlərini müəyyən edir. Ağdam yaxın illərdə Azərbaycanın ən böyük şəhərlərindən birinə çevriləcək və burada 100 mindən çox əhali yaşayacaq. Hazırda genişmiqyaslı tikinti-quruculuq işləri aparılır, yeni yaşayış massivləri, yollar, sosial obyektlər, yaşıllıqlar salınır. Artıq minlərlə sakin doğma yurda qayıdıb.
Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncama əsasən, işğaldan azad edilmiş ərazilər üzrə şəhər günləri təsis olunub və Ağdam şəhəri günü 20 noyabr olaraq müəyyən edilib. Bu əlamətdar tarix Ağdamın yenidən dirçəlişini ifadə edir.
20 noyabr – Ağdam şəhəri günü qədim mədəniyyətin irsini, Vətən müharibəsində qazanılmış Zəfəri, böyük quruculuq və qayıdış prosesini özündə birləşdirir. Ağdam dağıntılardan dirçələn, faciədən Zəfərə yüksələn bir torpaqdır və yaxın illərdə Qarabağın ən müasir şəhərlərindən birinə çevriləcək.
Elşən Alıyev,
YAP Daşkəsən rayon təşkilatının sədr müavini