09 dekabr 2025 10:36
380

Qarabağ və Şərqi Zəngəzurun bərpası regionun davamlı inkişafını təmin edir

Qarabağ və Şərqi Zəngəzur işğaldan azad edildikdən sonra regionun sosial-iqtisadi bərpası və davamlı inkişafı ölkəmizin əsas prioritetlərindən birinə çevrilib. Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasət çərçivəsində Böyük Qayıdış Proqramı, infrastruktur layihələrinin sürətləndirilməsi və məşğulluğun təmin edilməsi istiqamətində ardıcıl və sistemli tədbirlər görülüb. Dövlət başçımızın “Heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi” fikri Azərbaycanın müstəqil və qətiyyətli siyasətinin bariz nümunəsidir. Prezidentin regionlara mütəmadi səfərləri bir daha göstərir ki, Azərbaycan xalqı yalnız döyüş meydanında deyil, həm də quruculuq və dirçəliş mərhələsində qalib mövqeyini qoruyur. 2026-cı ilin sonunadək Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində Qarabağ və Şərqi Zəngəzura 140 min vətəndaşın köçürülməsi planlaşdırılır ki, bu da ölkəmizin artan iqtisadi gücünün, sosial planlaşdırma imkanlarının və siyasi iradəsinin aydın göstəricisidir.

Bütün bu strateji addımlar Qarabağ və Şərqi Zəngəzurda həyatın sürətlə bərpa olunduğunu açıq şəkildə göstərir. Hazırda azad olunmuş bir çox ərazilərdə keçmiş məcburi köçkünlər məskunlaşıb. Bununla yanaşı, bu bölgələrdə dövlət qurumlarının yerli nümayəndəlikləri fəaliyyət göstərir, müxtəlif sahələr üzrə mütəxəssislər- müəllimlər, həkimlər, mühəndislər, sahibkarlar, turizm işçiləri və ictimai xidmət əməkdaşları daimi əsaslarla burada çalışır və yaşayır. Ümumilikdə 50 mindən çox insan artıq bu ərazilərdə həyatına davam edir ki, bu da Böyük Qayıdış prosesinin yalnız başlanğıc mərhələsi olmaqla yanaşı, real və davamlı uğurların əyani təsdiqidir. Bu məskunlaşma və inkişaf strategiyası Azərbaycanın gələcək üçün yaratdığı sabitlik, sosial ədalət və vətəndaş rifahı modelinin mühüm tərkib hissəsidir.

Bütün bu proseslərin ardınca dövlət siyasətinin əsas istiqamətlərindən biri də daha genişmiqyaslı inkişaf hədəflərini əhatə edir. Ölkə rəhbərinin  həyata keçirdiyi siyasət yalnız infrastruktur və iqtisadiyyatın bərpasına yönəlmir, eyni zamanda, regionun təhlükəsizliyinin möhkəmləndirilməsi, ekoloji balansın qorunması və müasir idarəetmə standartlarının tətbiqinə də böyük önəm verir. Nəticədə Qarabağ və Şərqi Zəngəzurda aparılan bərpa-quruculuq işləri həm milli iradənin gücünü, həm də dövlətin strateji baxışının effektivliyini nümayiş etdirərək, işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi sosial-iqtisadi həyatına tam inteqrasiyasına zəmin yaradır.

Bu mərhələdə informasiya infrastrukturu və idarəetmə proseslərinin gücləndirilməsi xüsusi əhəmiyyət kəsb edir. Bu gün Qarabağ və Şərqi Zəngəzur ərazilərində internet, mobil rabitə, televiziya və poçt xidmətlərinin genişləndirilməsi nəticəsində bölgələr sürətlə müasir informasiya cəmiyyətinin bir parçasına çevrilir. 2020-ci ilin 24 noyabr tarixində Prezident İlham Əliyevin imzaladığı Sərəncamla Azərbaycanın işğaldan azad edilmiş ərazilərində bərpa, yenidənqurma və idarəetmə məsələlərinin mərkəzləşdirilmiş şəkildə həllini təmin etmək məqsədilə Əlaqələndirmə Qərargahı yaradılıb. Bu qərar həm də Azərbaycan dövlətinin müstəqilliyinin, ərazi bütövlüyünün və suverenliyinin təmin edilməsi baxımından mühüm bir mərhələni təmsil edir. Qərargahın fəaliyyətinin əsas məqsədi postmünaqişə dövründə proseslərin daha səmərəli, sistemli və operativ şəkildə həyata keçirilməsini təmin etməkdir. Eyni zamanda, regionda idarəetmə və bərpa proseslərinin koordinasiyası da prioritet məsələlərdən biri olub. Bu müddət ərzində Qərargahın rəhbərliyi altında ölkənin təhlükəsizlik və müdafiə strategiyası gücləndirilib, xarici təhdidlərlə mübarizə daha da mükəmməlləşdirilib. Qərargahın fəaliyyəti yalnız ərazi azadlığı ilə məhdudlaşmayıb. Həmçinin dövlətin daxili təhlükəsizliyi, iqtisadiyyatın inkişafı, sosial məsələlərin həlli və digər vacib sahələrdə bir çox mühüm layihələr həyata keçirilib. İnfrastrukturun yenidən qurulmasından sosial layihələrə, iqtisadi canlanmadan təhlükəsizliyin təmin olunmasına qədər hər bir istiqamət sistemli şəkildə planlaşdırılır və icra olunur. Bu yanaşma regionların sürətli dirçəlişini, əhalinin təhlükəsiz və dayanıqlı şəkildə geri qayıdışını, həmçinin işğaldan azad edilmiş torpaqların ölkə həyatına tam inteqrasiyasını təmin etməyə yönəlib. Regionun təhlükəsizliyinin təmin olunması bərpa və inkişaf proseslərinin effektivliyində də əsas rol oynayır. Çünki, bu bərpa və inkişaf işləri yalnız fiziki infrastrukturların yenidən yaradılması ilə məhdudlaşmır. Qarabağ və Şərqi Zəngəzurda tikinti və bərpa işlərinin vaxtında, təhlükəsiz şəkildə icra olunması üçün ərazilərin minalardan,  partlamamış hərbi sursatlardan (PHS) təmizlənməsi mühüm əhəmiyyət daşıyır. Bu təmizləmə prosesi yalnız infrastruktur layihələrinin sürətləndirilməsinə deyil, həm də mülki şəxslərin təhlükəsiz şəkildə qayıdışına şərait yaradır. Mina və PHS təmizliyi olmadan tikinti, kommunikasiya xətlərinin çəkilməsi, yol, enerji və digər xidmətlərin qurulması mümkün deyil, ona görə də bu proses postmünaqişə dövrünün ən vacib prioritetlərindən biri kimi qiymətləndirilir.

Bərpa və inkişaf proseslərinin növbəti mərhələsində regionun müasir texnologiyalarla təmin edilməsi xüsusi əhəmiyyət kəsb edir. Ölkə rəhbərinin apardığı uğurlu siyasət nəticəsində Qarabağ və Şərqi Zəngəzur artıq müasir şəhərsalma konsepsiyasına uyğun şəkildə inkişaf etdirilir. Bu regionlarda “ağıllı şəhər”, “ağıllı kənd”, “yaşıl enerji zonası” kimi layihələr reallaşdırılır. Rabitə infrastrukturunun tam bərpası isə bu strategiyanın ayrılmaz hissəsidir və dövlətin ərazi bütövlüyünü təmin etməsi ilə başlayan yeni dövrün rəmzidir. Bu infrastrukturun bərpası çərçivəsində hazırda Şuşa, Xankəndi, Xocalı, Laçın, Kəlbəcər, Xocavənd, Qubadlı, Füzuli, Cəbrayıl, Zəngilan, Ağdam, Ağdərə və digər ətraf ərazilərdə radio və televiziya yayımlarının təmin edilməsi istiqamətində mühüm irəliləyişlər əldə edilib. Məsələn, Ağdərə rayonunun ərazisində yerləşən və əvvəllər istismara yararsız vəziyyətə düşmüş Həsənriz kənd Radio-Televiziya Yayım Stansiyasının fəaliyyəti 2025-ci il yanvarın 17-də bərpa edilib. Stansiya elektrik enerjisi ilə təmin olunub, texniki bina təmir edilib və müvafiq avadanlıqlar, eləcə də digər zəruri texniki vasitələr quraşdırılaraq istismara verilib.

Bərpa və inkişaf işlərinin elmi əsaslarla planlaşdırılması üçün bölgədə yüksək texnologiyalardan istifadə xüsusi önəm daşıyır. 2025-ci il noyabrın 1-nə qədər bu məqsədlə ümumilikdə 37 min 855 kvadratmetr sahədə peyk görüntüləri çəkilib. Qarabağda aparılan peyk çəkilişləri regionun bərpası və yenidənqurulması prosesində vacib rol oynayır. Yüksək dəqiqlikli peyk şəkilləri torpaq sahələrinin, infrastruktur obyektlərinin, meşə və su resurslarının, eləcə də yol və enerji şəbəkələrinin vəziyyətini qiymətləndirməyə imkan verir. Bu məlumatlardan istifadə edərək ərazilərin kənd təsərrüfatına cəlb edilməsi, bərpa və quruculuq layihələrinin planlaşdırılması, mina və radioloji risklərin təhlili kimi əhəmiyyətli qərarlar qəbul edilir. Peyk müşahidələri, həmçinin regional inkişafın elmi əsaslarla idarə olunmasına şərait yaradır, əhalinin təhlükəsiz yerləşməsini təmin edir və Qarabağın iqtisadi, sosial və ekoloji potensialının səmərəli bərpasına dəstək verir.

Regionun təhlükəsiz və dayanıqlı bərpası yalnız infrastrukturun qurulması ilə deyil, ətraf mühit və əhalinin sağlamlığının qorunması ilə də sıx bağlıdır. Aparılan yüksək dəqiqlikli müşahidələr torpaq örtüyünün mövcud vəziyyətini müəyyənləşdirir, çirklənmə səviyyəsini qiymətləndirir və təsərrüfat dövriyyəsindən çıxmış sahələrin potensialından səmərəli istifadə üçün məlumat yaradır. Böyük Qayıdış Proqramı çərçivəsində əhalinin köçürüldüyü bütün yaşayış məntəqələri və dövlət əhəmiyyətli obyektlərdə aparılan radioloji monitorinqlər isə göstərir ki, ionlaşdırıcı radiasiya göstəriciləri norma daxilindədir. Bu nəticələr yalnız işğaldan azad edilmiş torpaqların təhlükəsiz məskunlaşma üçün uyğun olduğunu sübut etmir, həm də əhalinin sağlamlığı və həyat keyfiyyətinin qorunması baxımından böyük əhəmiyyət kəsb edir.

Göründüyü kimi, regionun bərpası yalnız fiziki infrastrukturun yenidən qurulması ilə məhdudlaşmır, həm də sosial rifah, təhlükəsizlik və ekoloji tarazlığın qorunmasını əhatə edir. Bütün bu fəaliyyətlər Prezident İlham Əliyevin bölgənin bərpası və inkişafı ilə bağlı konkret strateji baxışının nəticəsidir.

Şəmsiyyə Əliqızı, “İki sahil”