11 dekabr 2025 10:00
159

Azərbaycan öz xarici siyasət prioritetlərini çoxdan müəyyən edib

Slovakiya və Azərbaycan arasında münasibətlər müasir beynəlxalq əməkdaşlığın uğurlu nümunələrindən biri kimi diqqət çəkir. Hər iki ölkə coğrafi baxımdan fərqli regionlarda yerləşsə də, onları birləşdirən ortaq maraqlar, qarşılıqlı hörmət və etibarlı tərəfdaşlıq prinsipləridir. Son illərdə diplomatik əlaqələrin dinamik inkişafı göstərir ki, Slovakiya və Azərbaycan sözün əsl mənasında dost ölkələrə çevrilmiş və əməkdaşlıqlarını strateji səviyyəyə yüksəltmişlər.

İkitərəfli münasibətlərin əsasını siyasi dialoq və qarşılıqlı etimad təşkil edir. Yüksək səviyyəli rəsmi səfərlər, parlamentlərarası əməkdaşlıq və beynəlxalq təşkilatlar çərçivəsində koordinasiya tərəflər arasında əlaqələrin daha da güclənməsinə şərait yaradır. Slovakiya Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyən ölkələrdən biridir ki, bu da münasibətlərə xüsusi dəyər qatır.

İqtisadi əməkdaşlıq Slovakiya–Azərbaycan münasibətlərinin mühüm sütunlarından biridir. Energetika, nəqliyyat-logistika, kənd təsərrüfatı, sənaye və alternativ enerji sahələri iki ölkə üçün xüsusilə perspektivlidir. Azərbaycanın Cənubi Qaz Dəhlizi layihəsində oynadığı rol Avropanın enerji təhlükəsizliyinə strateji töhfə verir və Slovakiya kimi Mərkəzi Avropa ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Eyni zamanda Slovakiya Azərbaycanın sənaye modernizasiyası, texnologiya transferi və yaşıl enerji layihələrində etibarlı tərəfdaş kimi çıxış edir.

  Mədəni və humanitar əməkdaşlıq da iki ölkəni yaxınlaşdıran vacib istiqamətlərdəndir. Tələbə mübadiləsi proqramları, birgə mədəni tədbirlər və elmi əməkdaşlıq Slovakiya və Azərbaycan xalqları arasında qarşılıqlı anlaşmanı gücləndirir. Bu əlaqələr yalnız dövlətlərarası deyil, həm də insan-insan münasibətlərinin inkişafına təkan verir.

Dekabrın 9-da Bratislavada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Slovakiya Respublikasının Baş naziri Robert Fitso ilə təkbətək görüşü olub.

Söhbət zamanı Azərbaycan-Slovakiya strateji tərəfdaşlıq əlaqələrinin inkişafından məmnunluq bildirildi. Ötən il Baş nazir Robert Fitsonun ölkəmizə, hazırda isə Azərbaycan Prezidentinin Slovakiyaya rəsmi səfərlərinin ikitərəfli münasibətlərimizin genişləndirilməsinə böyük töhfə verəcəyinə əminlik vurğulandı.

Siyasi əlaqələrimizin yüksək səviyyədə olduğu qeyd edilərək, digər istiqamətlər üzrə də əməkdaşlığın dərinləşdirilməsi üçün geniş imkanların mövcudluğu bildirildi.

Robert Fitso Azərbaycanla Ermənistan arasında sülh gündəliyinin irəli aparılması ilə bağlı əldə edilmiş nailiyyətlər münasibətilə Prezident İlham Əliyevə təbriklərini çatdırdı.

Təbriklərə görə minnətdarlığını bildirən dövlətimizin başçısı regional sülhün təmin olunması istiqamətində Azərbaycanın bundan sonra da səylərini davam etdirəcəyini vurğuladı.

Görüşdə işğaldan azad edilmiş torpaqlarımızda Slovakiya şirkətinin layihələrdə iştirakı məmnunluqla qeyd olundu, ölkələrimizin arasında əməkdaşlığın inkişaf perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.

Bütün bu amillər göstərir ki, Slovakiya və Azərbaycan münasibətləri təkcə diplomatik çərçivə ilə məhdudlaşmır, çoxşaxəli əməkdaşlıq və qarşılıqlı strateji maraqlara əsaslanır. Bu tərəfdaşlıq həm regional, həm də qlobal səviyyədə sülhə, sabitliyə və inkişaf layihələrinə töhfə verir.

Nəticə etibarilə, Slovakiya və Azərbaycan arasındakı münasibətlər zamanın sınağından çıxmış, möhkəmlənmiş və qarşılıqlı etimad üzərində qurulmuş dostluq modelidir. Strateji əməkdaşlığın daha da dərinləşməsi isə gələcəkdə hər iki ölkənin inkişafına, regionlararası əməkdaşlığın güclənməsinə və yeni perspektivlərin açılmasına xidmət edəcək.

Günel  Süleymanlı,
Xətai rayon təşkilatının General Şıxlınski 562 ünvanı üzrə ərazi partiya təşkilatının üzvü