11 dekabr 2025 09:43
153

Slovakiya və Azərbaycan, sözün əsl mənasənda, dost ölkələrdir və strateji tərəfdaşlardır

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 08 dekabr 2025-ci il tarixində Slovakiya Respublikasında səfərdə olmuşdur. Səfər zamanı dekabrın 8-də Bratislavada Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelliqrini mətbuata bəyanatla çıxış etmişlər.

Dövlətimizin Başçısı çıxışının əvvəlində dəvətə və qonaqpərvərliyə görə Slovakiya Respublikasının Prezidenti cənab Peter Pelleqriniyə təşəkkürünü bildirdi və Slovakiyaya bu ilk rəsmi səfərinin iki dövlət arasındakı əlaqələrə çox müsbət təsir göstərəcəyindən əmin olduğunu vurğuladı. Qeyd olundu ki, Slovakiya və Azərbaycan, sözün əsl mənasında, dost ölkələrdir və strateji tərəfdaşlardır. Bildirildi ki, keçən il Slovakiya və Azərbaycan Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannamə imzalamışlar. Bu, əlaqələrimizi ən yüksək səviyyəyə qaldıran bir sənəddir və o sənədin imzalanmasından sonra bütün istiqamətlər üzrə çox fəal əməkdaşlıq görülür.

 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında demişdir: Bizim zəngin qaz yataqlarımız bu gün imkan verir ki, dünyanın bir çox ölkələrinə təbii qazı ixrac edək. Azərbaycan qazını almış ölkələrin sayı 14-ə çatıb. Biz boru kəmərləri ilə ixrac edilən qazın təchizatçı ölkəsi olaraq birinci yerdəyik. Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək və təbii ki, həm Slovakiyaya, həm də onun qonşularına Azərbaycan qazının təchizatı daha da böyük həcmdə mümkün olacaqdır. Hazırda bizim ümumi qaz ixracımız 25 milyard kubmetr səviyyəsindədir, bunun da yarısı Avropa ölkələrinə nəql edilir. Bu gün Avropa İttifaqına üzv 8 ölkə Azərbaycan qazını alaraq öz enerji təhlükəsizliyini təmin etmiş olur.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışına davam edərək bildirdi  ki, düz bir ay əvvəl – noyabrın 8-də biz azadlıq müharibəsində Qələbənin beşinci ildönümünü qeyd etmişdik və fəxri qonaqlar arasında Slovakiyanın Baş nazirinin müavini və müdafiə nazirini görmək xüsusi məmnunluq yaratmışdır. Buna görə biz Slovakiya dövlətinə və hökumətinə minnətdarıq. Bu kimi jestlər bir daha onu göstərir ki, biz, sözün əsl mənasında, dost ölkələrik. Müvafiq hökumət nümayəndələri bütün istiqamətlər üzrə təlimatları alıb ki, gələcək illərdə əməkdaşlığı daha da yüksək səviyyəyə qaldıraq. Azərbaycan isə öz xarici portretlərini çoxdan müəyyən edib. Biz, eyni zamanda, bu gün Şərqlə Qərb arasında müəyyən bir körpü rolunu oynayırıq. İnfrastruktura, bağlantılara, nəqliyyat sektoruna qoyduğumuz sərmayə bu gün imkan verir ki, Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin önəmli parçasına çevrilsin. Biz, Orta Dəhliz layihəsində fəal iştirak edirik. Orta Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycan ərazisindən keçir.

Bahar Məmmədova,
YAP Xətai rayon təşkilatının “General Şıxlinski 56/2” ünvanı üzrə ərazi partiya təşkilatının sədri