16 dekabr 2025 02:31
171

“Qırxayağın” hər ayağı bir ölkədə...

Radikal müxalifət partiyaları yarandıqları gündən Azərbaycana düşmən münasibətdə olan xarici ölkələrin ətəyindən bərk yapışıblar. Daim düşmən dəyirmanına su axıdan Əli Kərimli AXCP-si isə qırxayaq kimi bir neçə  ölkənin hər birinə ayağının birini qoyub. Məqsəd birdir: Kim pul versə vətəni ona satacaq. Elə bu səbəbdən də dağıdıcı müxalifətin başbilənləri düşünüblər ki, bəlkə Qərb, Rusiya və ya İran faktoru üzərindən nəsə etmək olar. Ediblər də, edirlər də, yaxşı pullar qazanırlar da. AXCP-İran- “milli şura” əlaqəsi də məhz bu düşüncənin məhsulu olaraq ortaya çıxıb. Deyilənlərə əsasən, bu planın müəllifi isə Prezident Adminstrasiyaının sabiq rəhbəri Ramiz Ənvəroviç Mehdiyev olub. Adları çəkilən cütlük isə  onun tapşırıqlarını yerinə yetiriblər. Ancaq bu həqiqəti indi etiraf etmək həm Əli Kərimli, həm də Cəmil Həsənli üçün ağır bir ittiham olardı. Çünki hələ etdiklərinin hesabını verirlər. Hələlik hesabın nə ilə nəticələnəcəyi heç kimə bəlli deyil. Ancaq özləri öz suçlarını yaxşı bilirlər.

Məlumdur ki, AXCP sədri İranın molla rejimi ilə həmişə xoş münasibətdə olub. Əvvəllər Bakının Nardaran qəsəbəsində yuva bağlamış dini fundamentalistlərin əhali arasında qızışdırıcı təbliğatını tənqid etməyib, bir növ onlarla eyni “səngərdə” olduğunu açıq büruzə verib. Bəs necə olmalı idi ki? Həm AXCP, həm də fanatik mövhumatçılar yalnız Azərbaycan hakimiyyətinə qarşı düşmən mövqe tuturdular. Nardaranda silahlanmış bir dəstə dini ekstremist hətta polisin qanuni tələbinə əməl etməyərək ona atəş açmış, əlbəyaxa vuruşmada qan tökülmüşdü. 3 nəfər polis əməkdaşı həlak olmuş, 1 nəfəri isə yaralanmışdı. Kalaşnikov avtomatı ilə vuruşan ekstremistlərdən də ölən və yaralananlar olmuşdu. Onların evlərindən zərərli təbliğat materialları tapılıb götürülmüşdü. Əli Kərimli o gərgin vaxtlarda heç nə olmayıbmış kimi susurdu.

Sirr deyil ki, “Müsəlman Birliyi” Hərəkatının həbsdə olan sədri Tale Bağırzadə ilə AXCP sədri Əli Kərimlinin son dərəcə isti münasibətləri var. Heç o da təsadüfi deyil ki, məhz “Müsəlman Birliyi” Hərəkatı hamını qabaqlayaraq Əli Kərimlinin həbsinə etiraz etdi. Əlbəttə, ilan axtarıb ona ağu verəni tapmalıdır.

Hamı bilir ki, “Müsəlman Birliyi” Hərəkatı İran islam inqilabını Azərbaycana ixrac etmək uğrunda mübarizə aparır. Lakin İslam inqilabı modeli artıq İranın özündə iflasa uğramaqdadır. Buna baxmayaraq, Əli Kərimlinin AXCP-si “Müsəlman Birliyi” Hərəkatından dördəlli yapışıb. Molla rejimi məhz belə üzdəniraq satqınlara güvənərək bir neçə il əvvəl Azərbaycanda “Kərimə” dövləti qurmaq xəyalına düşmüşdü. Bəlkə rejim “Kərimə”ni Əli Kərimlinin olmayan şərəfinə belə adlandırmışdı? Lakin hüquq-mühafizə orqanları bunun qarşısını almışdılar. Ayrı-ayrı casus dindarlardan zərərli ədəbiyyatlar və narkotik maddələr müsadirə olunmuşdu.

İsrail-İran müharibəsi zamanı Cəmil Həsənli iki ayağını bir başmağa dirəyib İranın müdafiəsinə qalxmışdı. Ona görə ki, Arazın o tayından ağayi Cəmilə külli miqdarda pullar göndəriləcəkdi. Axı, bunlar boşuna söz danışmır, pulsuz iş görmürlər. Həsənli əqidədə olanlar molla rejiminə qoşularaq Azərbaycanın, xüsusilə Qərbin yaxın müttəfiqi olan İsraili lənətləmişdilər. İkinci Qarabağ müharibəsində və Qələbəmizdən dərhal sonra xidmətində durduqları İranın Azərbaycanı dəfələrlə müharibə ilə təhdid etməsindən utandılarmı, səhvə yol verdiklərini anladılarmı? Tehranda səfirliyimizin əməkdaşlarından birnin güllələnərək öldürülməsi, digərinin yaralanması bu şəxslərdə qəzəb yaratdımı, heç olmasa bu qanlı terroru pisləyən bir bəyanat verdilərmi? Bunlar ağalarına hansı cəsarətlə etiraz edə bilərdilər?

Təbii ki, Arazın o tayında yaşayan hər hansı bir azərbaycanlı İranı müdafiə edə bilər, bu, hər kəsin öz işidir. Ancaq Cəmil Həsənli və Əli Kərimli sıradan olan, siyasi proseslərdən bixəbər şəxslər deyillər. Ona görə də belə statusda olan adamlar  məsuliyyətsiz çıxışlar edə bilməz. Edirlərsə deməli, hansısa niyyətləri var. Əgər şərəfini pula satırsa deməli, öz bəd niyyətlərindən əl çəkməyəcəklər. Ancaq Azərbaycanda bilməyən yoxdur ki, bu adamlar şərəf məfhumunu çoxdan dəfn ediblər. Şərəfini itirmiş adamlardan isə hansı alçaqlığı desən gözləmək olar. Bu tiplər paralel olaraq başqa bir pul mənbəyi-Prezident Adminstrasiyaının keçmiş rəhbəri Ramiz Mehdiyevə dövlət çevrilişində kömək etməklə onu “südlü inək kimi sağırmışlar.” Amma “iş” alınmayıb. İndi ev dustağı olan Mehdiyevlə bərabər onların da adı dövlətə xəyanətdə hallanmaqdadır. Artıq Əli Kərimli barədə də 2 ay15 günlük həbs qətimkan tədbiri seçilib.

Vəli İlyasov, “İki sahil”