15 dekabr 2025 22:53
149

Almaniya Ukraynaya hərbi və mülki yardım üçün 76 milyard avro xərcləyib

Kansler Fridrix Merts Almaniyanın 2022-ci ilin fevral ayından bəri Ukraynaya hərbi dəstəyə 40 milyard avro, mülki yardıma isə əlavə 36 milyard avro xərclədiyini açıqlayıb.

“İki sahil” xəbər verir ki, o, bu açıqlamanı Berlində keçirilən Almaniya-Ukrayna İqtisadi Forumundakı çıxışı zamanı verib.

"Biz 2022-ci ilin fevral ayından bəri Ukraynaya təxminən 40 milyard avro hərbi dəstək vermişik. Həmçinin mülki yardım üçün əlavə 36 milyard avro təmin etmişik. 2026-cı ildə isə əlavə 11 milyard avro hərbi dəstək ayıracağıq", - Merts bildirib.

Forumda o, həmçinin Ukraynanın enerji təchizatını təmin etmək üçün dərhal 170 milyon avro ayrılacağını açıqlayıb.

Forumdan daha əvvəl iqtisadiyyat naziri Ketrin Reyx Almaniya hökumətinin Ukraynaya ümumilikdə 45 milyon avro dəyərində özəl investisiyaları dəstəkləmək üçün yeni bir mexanizm tətbiq edəcəyini açıqlayıb.