11 may 2026 01:21
111

Hakan Fidan misirli həmkarı ilə İran-ABŞ danışıqlarını müzakirə edib

Türkiyənin xarici işlər naziri Hakan Fidanla misirli həmkarı Bədr Əbülati arasında telefon danışığı olub.

“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Xarici İşlər Nazirliyindəki mənbələr məlumat yayıb.

Məlumata görə, danışıq zamanı İran və ABŞ arasında danışıqlarla bağlı inkişaflar müzakirə edilib.

Digər təfərrüatlar açıqlanmır.

Xatırladaq ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb və bir sıra şəhərlərə hava zərbələri endirilib. Həmin gün zərbələr nəticəsində İranın Ali rəhbəri Əli Xamenei öldürülüb. İran buna cavab olaraq İsrail ərazisinə raket zərbələri endirib və ABŞ-ın Fars körfəzi ölkələrindəki hərbi bazalarına hücum edib.

İran, ABŞ və onların müttəfiqləri aprelin 8-ə keçən gecə iki həftəlik atəşkəs razılaşmasına nail olublar. Tramp sonradan atəşkəsi qeyri-müəyyən müddətə uzadıb.

Tərəflər münaqişəni həll etmək üçün Pakistanda danışıqlar aparıblar, lakin 11-12 apreldə keçirilən ilk raund heç bir nəticə verməyib.

ABŞ Tehrana təzyiq göstərmək üçün İran limanlarını və Hörmüz boğazından keçidi blokadaya alıb. İran da öz növbəsində Fars körfəzinə gedən gəmilər üçün Hörmüz boğazının blokadasını elan edib. Regionda dinamik şəkildə dəyişən vəziyyət qlobal enerji böhranına səbəb olub.

Bu gün İranın Pakistan vasitəsilə Vaşinqton administrasiyasının münaqişəyə son qoymaq üçün son təklifi ilə bağlı ABŞ-a cavab göndərdiyi məlum olub.