11 may 2026 01:38
87

Əlcəzair Prezidenti Fransada müstəmləkəçiliyi müdafiə edənləri sərt tənqid edib

Abdelmacid Tebbun Fransada müstəmləkəçiliyin faydalarını müdafiə edən siyasi dairələri və kolonializmi hələ də tərəqqi və sivilizasiya kimi təqdim edən qüvvələri kəskin tənqid edib.

“İki sahil” xəbər verir ki, Əlcəzair Prezidenti 8 may 1945-ci il qırğınlarının 81-ci ildönümü münasibətilə yaydığı müraciətdə həmin hadisələri “bəşəriyyətin tanıdığı ən qaranlıq səhifələrdən biri” adlandırıb.

Tebbun bildirib ki, Əlcəzair xalqı hər il mayın 8-də müasir dövrün ən dəhşətli qətliamlarından və soyqırımlarından birini yad edir. Onun sözlərinə görə, bu hadisələr müstəmləkəçi nifrətin və insan həyatına qarşı açıq hörmətsizliyin simvoluna çevrilib.

1945-ci ildə Setif, Guelma və Xerrata şəhərlərində baş verən hadisələr nəticəsində minlərlə əlcəzairli mülki şəxs Fransa müstəmləkə ordusu və silahlı avropalı kolonistlər tərəfindən qətlə yetirilib. Əlcəzairin rəsmi mövqeyinə görə, qırğınlarda 45 minə yaxın insan həyatını itirib.

Tarixçilərin məlumatına görə, hadisələr alman nasizmi üzərində qələbə münasibətilə keçirilən tədbirlər zamanı əlcəzairlilərin müstəqillik hüququ tələbi ilə küçələrə çıxmasından sonra başlayıb. Nümayişlər Fransa hakimiyyəti tərəfindən ağır şəkildə yatırılıb.

Prezident Tebbun çıxışında bu hadisələri insanlığa qarşı cinayət adlandıraraq bildirib ki, Fransadakı bəzi ifrat sağçı dairələr bu gün də müstəmləkəçiliyin tərəqqi gətirdiyi barədə yanlış və təhlükəli fikirləri müdafiə edir.

“Bu, heç bir sivilizasiya dəyərinə malik olmayan mənəvi çöküşün göstəricisidir”, – deyə Əlcəzair prezidenti vurğulayıb. O əlavə edib ki, 1945-ci ilin 8 may hadisələri müdafiəsiz əlcəzairlilərə - qadınlara və uşaqlara qarşı öz vətənlərində törədilmiş soyqırımı idi. Prezidentin sözlərinə görə, insanlar azadlıq hüququ tələb etdikləri üçün artilleriya atəşləri və hərbi texnikalar vasitəsilə amansızcasına məhv ediliblər.

Tebbun qeyd edib ki, həmin dövrdə bütöv kəndlər yandırılıb, kütləvi edamlar həyata keçirilib və qurbanların cəsədləri günlərlə kütləvi məzarlıqlarda saxlanılıb. “Bu dəhşətli səhnələr tarixdən silinməyəcək və onları unutmağa çalışanlar həqiqətlər qarşısında mənəvi məsuliyyətdən qaça bilməyəcəklər”, – deyə o bildirib.