Gələn ilki parlament seçkilərinə ciddi hazırlaşan Ermənistan iqtidarı çətin sınaqdan qələbə ilə çıxmaq üçün hətta xarici dəstəklərdən də istifadə etməyi planlaşdırıb. Bu səbəbdən baş nazir Nikol Paşinyan qarşıdan gələn parlament seçkiləri ərəfəsində “xarici müdaxilə” təhlükəsi ilə bağlı Avropa Komissiyasından dəstək istəyib. Görünür, o, bəri başdan öz işini ehtiyatlı tutmağa çalışır.
Erməni mediası Avropa İttifaqının (Aİ) Xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallasa istinadən xəbər yayıb. Müzakirələrin səbəbinə gəldikdə, Kaya Kallas belə deyib: “Növbəti il Ermənistanda seçkilər keçiriləcək. Bu gün biz Ermənistana bu məsələdə necə kömək edə biləcəyimizi müzakirə edəcəyik. Ermənistan xaricdən müdaxilənin qarşısını almaq üçün bizdən kömək istəyib”.
Ekspertlər qeyd edirlər ki, bu dəstək Ermənistanın daxili siyasi proseslərində Aİ-nin rolunun artdığını göstərir. Rəsmi sənədlərdə konkret ölkələrin adı çəkilməsə də, erməni mediası və siyasi dairələrdə söhbətin əsasən Rusiyadan qaynaqlanan təsirlərdən getdiyi vurğulanır. Hazırda Paşinyan hökumətinə qarşı düşmən səngərdə mövqe tutan revanşistlərin, daşnakların, kilsə irticaçılarının, bəzi diaspor təşkilatlarının kimin tərəfindən qızışdırıldığı, təşkilatlandırıldığı və istiqamətləndirildiyi sirr deyil. Ancaq son vaxtlar təkcə Rusiyada deyil, digər ölkələrdəki erməni diasporları arasında da ciddi fikir ayrılıqları mövcuddur. Ən böyük fikir ayrılığı isə Rusiyada və ABŞ-da fəaliyyət göstərən erməni diasporları arasındadır. Məsələn, ABŞ-dakı erməni lobbisi mövcud hakimiyyəti, yəni Nikol Paşinyanı dəstəkləyir. Lakin Rusiyadakı erməni ittifaqları və təşkilatları Paşinyanın əleyhinə iş aparır, revanşistlərin və daşnakların hakimiyyətə gəlməsinə çalışırlar.
Bu da erməni diasporundakı çatları göstərən ən dəqiq nümunədir. Rusiyadakı erməni diasporunun rəhbəri Ara Abramyan üç ay əvvəl bildirmişdi ki, diaspor parçalanıb. Hərə üzünü bir tərəfə çevirib. Halbuki bir il əvvəl Ermənistan hakimiyyətinə “xox” gələn Ara Abramyan danışığının tonunu endirib fikir birliyinin olmamasından şikayətlənir. Onun indiki fikirlərindən inamsızlıq və məğlubiyyət “iyi” gəlir. Lakin orada kök salmış həyasız ermənilər çalışırlar ki, rəsmi Moskvaya öz istəklərini qəbul etdirsinlər. Bu, əlbəttə, yaltaqlıqla, riyakarlıqla, boş danışıqlarla düzələn məsələ deyil. Məlumdur ki, Ermənistan hökuməti artıq çoxdan üzünü Qərbə və Avropaya çevirib. Bu isə keçmiş ağanın üzünə “ağ” olmaq, nümayişkəranə surətdə ondan asılılığa “yox” deməkdir.
Göründüyü kimi, artıq zaman dəyişib. Ermənilərin istəyi ilə Rusiyanın maraqları bir çox məqamlarda üst-üstə düşmür. Ermənistanın fərqli yolu seçməsi və israrla geri çəkilməməsi keçmiş ağaları qəzəbləndirir və hövsələsini tükəndirir. Bu səbəbdən də görülən əks tədbirlər inad göstərən rəsmi İrəvanı tutduğu yoldan döndərə bilmədiyinə görə daha radikal addımlar atılacağı gözlənilir.
Analitiklərin fikrincə, İrəvanın indidən Brüsselə müraciət etməsi seçki kampaniyasının yüksək gərginlik fonunda keçəcəyinə işarə edir və ölkənin geosiyasi kursu ətrafında mübarizənin daha da kəskinləşəcəyini göstərir. Ermənistanda “kənar təsir” deyiləndə məhz bu fakt nəzərdə tutulur. Şübhə yoxdur ki, Nikol Paşinyan hakimiyyəti daxildəki üsyançılarla, narazı qruplarla bacara biləcəyini müəyyən edib. Lakin görünür, xaricdən müdaxilə onu çətin vəziyyətə salır, lazımi tədbirlər görməyə vadar edir. Müdafiənin təşkilində Ermənistanın tək olmayacağı şəksizdir. ABŞ-ın diplomatik korpusu, Aİ-nin mülki missiyası və bəzi Avropa dövlətləri bu məsələdə ona hər cür dəstək verəcəklər. Paşinyan və onun komandası gələn ilki seçkilərdə hər cür gözlənilməz hallara qarşı təlimatlandırılıb.
Hazırda qarşı tərəflər seçkilərdə qalib gəlmək üçün bütün potensiallarını işə salıblar. “Kim-kimi” məsələsi getdikcə daha gərgin mərhələyə keçməkdədir. Çünki parlament seşkiləri hakimiyyətə qarşı birləşmiş müxalif qüvvələrin son şansıdır.
Vəli İlyasov, “İki sahil”