17 dekabr 2025 00:58
88

Aİ bürokratiyası Qərb dəyərlərindən necə uzaqlaşır?...

Ermənistan qarşıdan gələn seçkilərə xarici müdaxilənin qarşısını almaq üçün Avropa İttifaqından (Aİ) kömək istəyib. Bunu Brüsseldə jurnalistlərə açıqlamasında qurumun xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas bildirib. O vurğulayıb ki, Avropa İttifaqı tezliklə seçkilər ərəfəsində Ermənistana kömək etmək üçün mümkün formatları müzakirə edəcək.

Qeyd edək ki, Avropa İttifaqı 2026-cı il parlament seçkilərindən əvvəl Ermənistana 12 milyon avro ayırmağa hazır olduğunu açıqlamışdı. Vəsaitlərin xarici məlumatların manipulyasiyası və müdaxiləsi ilə mübarizə, həmçinin kibertəhlükəsizliyin gücləndirilməsi üçün istifadə edilməsi nəzərdə tutulur. Aİ-nin genişlənmə üzrə komissarı Marta Kos bildirib ki, yardımın məqsədi Ermənistan qurumlarının hibrid təhdidləri proqnozlaşdırmaq və onlara cavab vermək potensialını gücləndirməkdir. Məsələni şərh edən erməni politoloq Suren Surenyants sosial şəbəkə hesabında bildirib ki, mövcud hakimiyyət yenidən seçilməsi müqabilində Ermənistanda Moldova ssenarisinin tətbiqinə razılaşıb. Surenyants qeyd edib ki, bu, artıq Aİ-nin texniki yardımı deyil, seçki prosesinə siyasi müdaxilədir. Onun sözlərinə görə, Moldovada bu model demokratiyanın möhkəmlənməsinə deyil, əksinə müxalif siyasi mühitin təmizlənməsinə, “zərərli təsir” anlayışının qeyri-müəyyən tərifləri ilə arzuolunmaz qüvvələrin sıxışdırılmasına, seçki avtoritarizminin formalaşmasına gətirib çıxarıb. Aİ-nin bu dəstəyi, Moldovada olduğu kimi, Ermənistan hakimiyyəti tərəfindən müxalifətə qarşı sui-istifadə edilə bilər. Moldovada müxalif partiyaların qadağan edilməsi və seçki məhdudiyyətləri müxalifətə təzyiq aləti kimi tənqid olunmuşdu. Bu kontekstdə aydındır ki, Aİ-nin hazırkı bürokratiyası tədricən Qərb dəyərlərindən uzaqlaşır, demokratiyanı isə “idarə olunan seçkilər” yanaşması ilə əvəz edir”, - deyə o bildirib.

Surenyants, həmçinin vurğulayıb ki, Aİ getdikcə daha çox azad siyasi rəqabəti qorumaqdansa, özü üçün məqbul olan asılı rejimlərin yenidən seçilməsinə töhfə verir: “Paşinyan hakimiyyəti ilə Aİ bürokratiyası arasındakı bu “sövdələşmənin” xarici siyasət baxımından da bir qiyməti var. Bu, Ermənistanın xarici siyasətinin Qərbə doğru dönüşünü əks etdirir. Ermənistanda sədaqətin əvəzi kimi sadələşdirilmiş və kobud anti-Rusiya ritorikası təşviq olunur. Bu, Ermənistanın real təhlükəsizlik maraqlarına uyğun deyil və xarici siyasətdə balansı təmin etmir. Hakimiyyətin legitimliyi xarici qurumların himayəsi ilə formalaşanda suveren demokratiyadan danışmaq ən azı özünü aldatmaqdır. Ermənistana xarici nəzarət altında “düzgün nəticə” təmin edən proseslər yox, azad və rəqabətli seçkilər lazımdır”.

Xatırladaq ki, dekabrın 2-də Brüsseldə keçirilmiş Aİ və Ermənistan arasında Tərəfdaşlıq Şurasının VI iclası zamanı imzalanmış "Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik" adlı sənəddə Azərbaycanla Ermənistan arasında sülh, normallaşma gündəliyinə zidd olan bir sıra məsələlər önə çıxarılıb. Azərbaycan Xarici İşlər Nazirliyi həmin sənədi şərh edərək iki ölkənin münasibətlərinin inkişafına zərər vuran məqamlardan ciddi narahatlığını ifadə edib. Bildirilib ki, növbəti 7 il müddətində Aİ ilə Ermənistan arasında strateji prioritetləri müəyyənləşdirən bu ikitərəfli sənəddə Azərbaycanı hədəf alan məsələlərə yer ayrılması qəbuledilməzdir və bu, eyni zamanda, Azərbaycan-Avropa İttifaqı münasibətlərinin perspektivlərinə mənfi təsir edir.

Göründüyü kimi, Avropa İttifaqı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasına yardım edə bilmir. Bu azmış kimi, iki ölkənin bir-birinə yaxınlaşmasına, etibar və etimad etməsinə də mane olur. Rəsmi İrəvan da Aİ-nin mövqeyindən Azərbaycana qarşı dilə gətirə bilmədiyi hikkə və iddiasını reallaşdırmaq, yaxud rəsmi Bakıya təzyiq aləti olaraq yararlanmağa çalışır. Aİ-nin münasibətləri səmimi olsaydı qurum sülh və təhlükəsizliyə, ədalətə fokslanardı, Azərbaycan da bu əməkdaşlıqdan zərrə qədər narahat olmazdı. Amma Aİ-nin Ermənistandakı kəşfiyyatçı dəstələrinin nə oyundan çıxdıqlarını üç ildir göz qabağındadır. Faktiki olaraq Aİ destruktiv fəaliyyəti ilə tarixin arxivinə gömülmüş Minsk qrupunu əvəzləməyə çalışır. Azərbaycan öz ərazisindən Ermənistana taxıl yolu açıb, iki ölkə arasında sülh prosesi davam edir, bütün bunlardan sonra Brüsselin “Dağlıq Qarabağ” nağılına başlaması bütün müsbət təşəbbüslərin üstündən xətt çəkməkdir. Guya Ermənistanı sevdiklərindənmi bu addımlara gedirlər? Əlbəttə ki, yox. Sadəcə məqsədləri ermənidən alət kimi istifadə edib, bölgəyə soxulmaqdır. Aİ missiyasının 209 nəfərlik sayı yəqin bunlara kifayət etmir, axı Ermənistanı “xilas etmək” lazımdır.

Beynəlxalq ictimaiyyət illərlə erməni işğalına göz yumdu və faktiki olaraq onu leqallaşdırdı, çünki “erməni-azərbaycanlı münaqişəsi” kimi rahat bir terminologiya aqressorla qurban arasındakı aydın fərqi silirdi. Bu gün Avropa İttifaqı yenə də Ermənistana üstünlük verir. Sözdə, kağız üzərində Avropa İttifaqı Ermənistan və Azərbaycan arasında münaqişənin dinc yolla həllinə sadiq olduğunu bəyan edir. Lakin əslində Brüssel ardıcıl olaraq açıq ermənipərəst mövqe sərgiləyir, nə tarixi həqiqətləri, nə də beynəlxalq hüquq normalarını nəzərə alır. Bu səbəbdəndir ki, Aİ Cənubi Qafqazda ədalətli vasitəçi olmaq şansını çoxdan itirib.

Sevinc Azadi, “İki sahil”