17 dekabr 2025 03:01
112

Azərbaycanın səbrinin də bir həddi var!

Uzun illər münaqişə və qeyri-sabitliklə assosiasiya olunan Cənubi Qafqaz bu gün keyfiyyətcə yeni bir mərhələyə qədəm qoyub. Azərbaycanın beynəlxalq hüquqa əsaslanan qətiyyətli siyasəti nəticəsində regionda formalaşmış yeni reallıqlar de-fakto sülh mühitinin yaranmasına imkan verib. BMT Təhlükəsizlik Şurasının illərlə icrasız qalan qətnamələrinin məhz Azərbaycanın öz gücü və iradəsi hesabına həyata keçirilməsi Qarabağ düyününə birdəfəlik son qoyaraq bölgənin təhlükəsizlik mühitini köklü şəkildə dəyişib. Rəsmi Bakı bütün bu proseslər boyunca hər zaman münaqişənin danışıqlar yolu ilə həllinin tərəfdarı olduğunu nümayiş etdirib, Vətən müharibəsindən sonra isə konstruktiv yanaşmasını daha da gücləndirərək qarşı tərəfə real və təkmil sülh modeli təqdim edib. Məhz bu prinsipial və uzaqgörən siyasətin nəticəsidir ki, bu gün regionda normallaşma istiqamətində əldə olunan irəliləyişlər təsadüfi deyil, düşünülmüş və vaxtında atılmış qətiyyətli addımların məntiqi davamı kimi çıxış edir.

Cənubi Qafqazda müşahidə olunan hazırkı proseslər regionun artıq klassik postmünaqişə mərhələsini geridə qoyduğunu göstərir. Əgər əvvəlki mərhələdə əsas prioritet atəşkəsin qorunması və hərbi eskalasiyanın qarşısının alınması idisə, bu gün gündəlik daha geniş və dərin məzmun kəsb edir. Tərəflər artıq sərhədlərin delimitasiyası və demarkasiyası, iqtisadi əməkdaşlığın bərpası, nəqliyyat və kommunikasiya xətlərinin açılması kimi uzunmüddətli sabitliyə xidmət edən məsələləri müzakirə edirlər. Bu isə regionda davamlı sülhün təmin olunması üçün institusional əsasların formalaşdırılması anlamına gəlir.

Bununla yanaşı, mövcud mərhələni tam mənada postsülh dövrü kimi xarakterizə etmək hələ tezdir. Çünki sülhün hüquqi və siyasi mexanizmləri formalaşsa da, onun sosial və psixoloji dayaqları hələ tam bərqərar olmayıb. Xüsusilə Ermənistan cəmiyyətində ziddiyyətli yanaşmalar və revanşist çağırışlar sülh gündəliyinin mənimsənilməsini ləngidən əsas amillərdən biri olaraq qalır. Məhz bu kontekstdə Cənubi Qafqaz hazırda keçid dövrünü yaşayır. Müharibə artıq başa çatıb, lakin sülhün sosial əsasları mərhələli şəkildə qurulur. Siyasi razılaşmalar və diplomatik təşəbbüslər mövcuddur, ancaq onların cəmiyyətlər tərəfindən qəbul edilməsi isə hələ də davam edir. Bu mərhələdə əsas çağırış siyasi iradənin sosial legitimliyə çevrilməsidir ki, bu da yalnız ardıcıl dialoq, qarşılıqlı etimadın möhkəmləndirilməsi və region üçün yeni davranış normalarının formalaşdırılması ilə mümkün ola bilər.

Postmünaqişə dövründə Azərbaycan regionda sabitliyin əsas təminatçılarından birinə çevrilib. Bu isə balanslı siyasət aparmağı, risklərin vaxtında qarşısını almağı və gərginlik yarada biləcək halları düzgün idarə etməyi tələb edir. Bununla yanaşı, kommunikasiya xətlərinin açılması və tənzimlənməsi də Azərbaycanın üzərinə düşən vacib regional öhdəliklər sırasındadır. Nəqliyyat və kommunikasiya əlaqələrinin işlək vəziyyətdə saxlanılması qarşılıqlı etimadın möhkəmlənməsinə və əməkdaşlığın dərinləşməsinə xidmət edir.

Nəhayət, ən əsas məsuliyyətlərdən biri sülhün davamlı əsaslar üzərində qurulmasıdır. Uzunmüddətli sabitlik yalnız siyasi bəyanatlarla deyil, konkret hüquqi, iqtisadi və institusional mexanizmlərlə möhkəmləndirilə bilər. Bu baxımdan Azərbaycanın regional liderliyi sülhün söz olaraq deyil, real və işlək model kimi formalaşmasına yönəlmiş strateji məsuliyyət deməkdir. Rəsmi Bakı iki ölkə arasında münasibətlərin normallaşdırılması məqsədilə Ermənistana beynəlxalq hüququn prinsiplərinə əsaslanan 5 maddəlik sülh təşəbbüsü təqdim edib. Bu prinsiplər qarşılıqlı ərazi bütövlüyünün tanınması və gələcəkdə münaqişə risklərinin aradan qaldırılmasına xidmət edirdi. Lakin ilkin mərhələdə Ermənistan tərəfi, xüsusilə bəzi Qərb dairələrinin təsiri altında, konstruktiv mövqe sərgiləməyib. Nəticədə normallaşma prosesi uzun müddət ləngiyib. Buna baxmayaraq, Azərbaycan sülh gündəliyindən geri çəkilməyib və dialoq yolunu əsas istiqamət kimi qoruyub saxlayıb. Bu ardıcıl və prinsipial yanaşmanın nəticəsi olaraq, ötən ilin əvvəlindən etibarən Azərbaycan-Ermənistan normallaşma prosesi müsbət məcraya yönəlib. Ən vacib məqam isə ondan ibarətdir ki, tərəflər ilk dəfə vasitəçilərsiz birbaşa dialoqa başlayıblar. Görüşlər masa arxasında aparılıb və konkret razılaşmalar əldə edilib. Bu proses çərçivəsində sərhədlərin delimitasiyası və demarkasiyası üzrə işlərə start verilib.  Qazax rayonunun dörd kəndinin Azərbaycana qaytarılması kimi real və ölçülə bilən nəticələr ortaya çıxıb. Bütün bunlar göstərir ki, normallaşma prosesi artıq söz mərhələsindən çıxaraq, praktik nəticələr mərhələsinə keçib və bu istiqamətdə əsas təşəbbüskar tərəf məhz Azərbaycan olub.  Azərbaycanın Ermənistana neft və taxılın tranzitini təklif etməsi Bakının regionda necə bir siyasət yürütmək istədiyini aydın şəkildə göstərir. Azərbaycan qarşı tərəfi iqtisadi baxımdan özündən asılı vəziyyətə salmaq yox, hər iki tərəfə fayda verən əməkdaşlıq qurmağı hədəfləyir. Məqsəd rəqabət və gərginlik mühitini tədricən iqtisadi əlaqələr və qarşılıqlı maraqlarla əvəzləməkdir. Bu yanaşma siyasi baxımdan da mühüm nəticələr doğura bilər. Ermənistanın iqtisadi vəziyyətinin yaxşılaşması daxili radikal meyillərin zəifləməsinə, regionda daha praqmatik və məsuliyyətli siyasətin formalaşmasına şərait yarada bilər. Eyni zamanda, iqtisadi əlaqələrin güclənməsi tərəflər arasında yeni qarşıdurma risklərini azaldır. 

Azərbaycanın təşəbbüsü ilə aparılan sülh prosesi 8 avqustda Vaşinqtonda keçirilən sammitlə mühüm mərhələyə çatıb. Həmin gün Ağ Evdə ABŞ Prezidenti Donald Trampın iştirakı ilə sülh sazişinin mətni paraflanıb və bir sıra vacib razılaşmalar əldə olunub. Vaşinqton görüşünün əsas nəticələrindən biri də Zəngəzur dəhlizinin (TRIPP) açılması ilə bağlı razılaşmadır. Bu dəhlizin açılması regionda nəqliyyat və kommunikasiya əlaqələrinin bərpası baxımından böyük əhəmiyyət daşıyır. 8 avqust sülh razılaşmasının fonunda Ermənistanın davranışı narahatlıq doğurur. Cənubi Qafqazda faktiki sülhün bərqərar olmasına dair əyani nümunələr olsa da, Ermənistan bəzi addımları ilə bu prosesə zidd hərəkətlər göstərir. Məsələn, cari il dekabrın 2-də Brüsseldə Avropa İttifaqı(Aİ) və Ermənistan arasında keçirilən Tərəfdaşlıq Şurasının VI iclası nəticəsində imzalanmış “Avropa İttifaqı-Ermənistan Tərəfdaşlığı üçün Strateji Gündəlik” sənədində postmünaqişə dövrünün reallıqları təhrif olunub və sülh gündəliyinə uyğun olmayan məsələlər yer alıb.

Sənəddə Qarabağdan könüllü şəkildə Ermənistana köçmüş sakinlər “Azərbaycanın hərbi əməliyyatlarından sonra köçkün düşmüş Qarabağ erməniləri” kimi təqdim edilib, insanlıq və hərbi cinayətlərdə ittiham olunmuş şəxslər isə “əsir” statusunda qeyd olunub. Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, qarşıdakı 7 il müddəti üçün nəzərdə tutulmuş  bu sənəddə Azərbaycanı hədəf alan müddəaların yer alması qəbuledilməzdir və Azərbaycan-Aİ münasibətlərinə mənfi təsir göstərə bilər. Həmçinin sənəddə Ermənistanın regional konsensusdan kənar “sülh kəsişməsi” təşəbbüsünü dəstəkləyən çoxsaylı müddəalar yer almasına baxmayaraq, Bu gün Vaşinqton sammitində əldə edilmiş və sülh prosesində mühüm əhəmiyyət kəsb edən TRIPP layihəsinə heç bir istinad edilməməsi ciddi narahatlıq doğurur.

Azərbaycanı bölgədə davamlı sülhün yaradılması istiqamətində atdığı addımlarla tərəflər arasında münasibətlərin normallaşmasına çalışır. Lakin Ermənistan hələ də sülh yolunda ciddi addımlar atmır və prosesin tamamlanmasına imkan vermir. Azərbaycanın səbrinin də bir həddi var!

Şəmsiyyə Əliqızı “İki sahil”