Erməni Apostol kilsəsi (EAK) ilə baş nazir Nikol Paşinyan arasında gərginlik getdikcə artır. Erməni kilsəsi ilə bağlı mövqeyinin qəti və dəyişməz olduğunu nümayiş etdirən baş nazir bir müddət əvvəl ölkə parlamentində keçirilən “Hökumət saatı”ndakı çıxışında bir daha bildirmişdi ki, bütün ermənilərin katolikosu II Qareginin getməsi məsələsində heç bir güzəşt olmayacaq.
Ovnavank monastırında baş nazirin iştirakı ilə keçirilən ayindən sonra kilsə ilə hökumət arasındakı gərginlik demək olar ki, pik nöqtəsinə çatıb. İş o yerə çatıb ki, bu günlərdə Paşinyanın Rusiya səfəri zamanı erməni diasporunun bir qrup üzvü baş nazirə qarşı “kilsəyə hücum” ittihamları ilə aksiyalar təşkil edib. Şübhəsiz, Moskvada Ermənistan səfirliyi önündə baş nazir Nikol Paşinyan əleyhinə keçirilən etiraz aksiyası məhz kilsənin müdafiəsi məqsədi daşıyırdı. Digər tərəfdən, Ermənistanın keçmiş prezidenti, Xocalı qatili Serj Sarkisyan bildirib ki, tərəfdarları ilə birgə katalikos II Qareginin göstərişi ilə istənilən addımı atmağa hazırdırlar. Baş katalikos isə xaricdən dəstək almaq üçün Fransadan sonra ABŞ-a səfər edib. O, Los-Ancelesdə tərəfdaşlarını kilsəyə qarşı olan özbaşınalıqlara qarşı mübarizəyə çağırıb.
Bundan başqa, vəkil Ara Zohrabyanın haqqında cinayət işi qaldırılması tələbi İstintaq Komitəsi tərəfindən rədd olunsa da, hüquqşünaslar kilsənin daxili işlərinə dövlət müdaxiləsinin artdığını, yeni pozuntuların qeydə alındığını bildirirlər. Onların sözlərinə görə, Paşinyan kilsənin təsir imkanlarını sistemli şəkildə zəiflədir və dini institutun siyasi çəkisini kəsir.
Baş nazir bildiri b ki, dövlətə məxsus kilsələrdə xidmətlər davam edəcək, lakin bu xidmətlər Allahın layiqli qulları hesab olunan şəxslər tərəfindən aparılacaq. Oktyabr ayında parlamentdə çıxış edən Paşinyan bəyan edib ki, Ermənistanda mənəvi həyat sürmək mümkün deyil, çünki buna Erməni Apostol Kilsəsinin rəhbəri II Qareqin və ona sadiq ruhanilər mane olub: “Bir tərəfdən, biz dəyərlərə əsaslanan cəmiyyətin olması zərurətindən danışırıq və bu, mübahisəsizdir. Digər tərəfdən, sual budur ki, cəmiyyətin dəyərlərinin episentri özü çirkləndikdə buna necə nail olmaq olar”. Hakim “Vətəndaş Müqaviləsi” Partiyasından olan deputat Vaaqn Aleksanyan hətta Erməni Apostol Kilsəsinin hazırkı rəhbərliyini keçmiş prezident Robert Koçaryanın “seçki qərargahı” adlandırıb: “Mömin şəxslərin Ktriç Nersisyanla nə əlaqəsi var? O, katolikos deyil? O, Ana Kilsədə olan Ktriç Nersisyandır. Allahın izni ilə o, özü ordan gedəcək. Artıq yolun yarısındadır. Aram Asatryanın fəaliyyətinin dayandırlması bunu göstərir”.
Politoloq Qrant Mikaelyan hesab edir ki, Paşinyan katolikosla qətiyyən maraqlanmır. Baş nazirin əsl məqsədi kilsədə parçalanma təşkil etməkdir: “Hökumət başçısı Erməni Apostol Kilsəsini Azərbaycanla qurmaq istədiyi sülhə təhlükə hesab edir. Ona görə də onu parçalamaq qərarına gəlib. İndi Paşinyan yeni təşkilata rəhbərlik edə biləcək adamlar axtarır. Məsələn, o, İstanbulun ekumenik patriarxı Varfolomey və Kilikiyanın Böyük Evinin katolikosu I Paşin, Livanlı I Aram Fürmöru nəzərdən keçirir. Erməni Apostol Kilsəsi müxtəlif səbəblərə görə onları rədd edir”.
Bir müddət əvvəl erməni politoloq Zolyan Levonisyan bildirmişdi ki, indiki qarşıdurma 2018-ci ildə kilsə ilə dövlət arasında başlayan münaqişənin davamıdır: “Paşinyan hakimiyyətə gəldikdən sonra korrupsiyada ittiham olunan II Qareginin yerinə EAK-ın yeni rəhbərinin seçilməsini tələb edən ictimai hərəkat yaranıb. Katolikos və ətrafı bunun arxasında baş nazirin olduğunu düşünürlər. 2020-ci ildə Qarabağ uğrunda ikinci müharibədən sonra kilsə eks-prezidentlər Robert Koçaryan və Serj Sarkisyanın təmsil olunduğu müxalifəti açıq şəkildə dəstəkləyib və indi onun nümayəndəsi Qalstanyan etirazçı lider kimi ortadadır”.
Z.Levonisyana görə, Erməni Apostol Kilsəsinin nə qədər irəli getməyə hazır olduğunu söyləmək çətindir, çünki onun itirəcəyi şeylər var: “Kilsənin bir çox, o cümlədən qanuni olaraq rəsmiləşdirilməyən imtiyazları var. İndi Paşinyan kilsəyə başa salır ki, siyasətə qarışmağı dayandırmalıdır”.
Yeri gəlmişkən, Paşinyan bu günlərdə bildirib ki, kilsə həddundən artıq siyasiləşib. Ermənistanda kilsələrdə artıq uzun müddətdir ki, mənəvi mövzularla bağlı moizələr səsləndirilmir, halbuki liturgiyanın qaydalarına əsasən, mərasimi icra edən keşiş onun müəyyən hissəsində moizə ilə çıxış etməlidir. Paşinyan bu barədə “Facebook” səhifəsində paylaşdığı videomaterialda bildirib: “Onlar siyasi mətnlər yazır, göndərir və deyirlər oxu. Kilsəni siyasi partiyaya çeviriblər, bu da tamamilə qəbuledilməz və yolverilməzdir. Mən həmin günün epizodundan xəbərsiz idim, sonra mənə göstərdilər ki, kilsənin indiki rəhbəri hava limanında çıxıb soruşur: bəs xalq hanı? Xalq isə yoxdur. Xalq yoxdur, çünki o, xalqla birlikdə olmayıb, çünki insanları kilsədən uzaqlaşdırıb”.
Zahid Rza, “İki sahil”