16 dekabr 2025 18:56
135

Ukrayna ilə bağlı komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb

Niderlandda Rusiyanın müharibə zamanı Ukraynaya vurduğu ziyanla bağlı iddialara baxılması üçün Beynəlxalq Komissiyanın yaradılması haqqında Konvensiya imzalanıb.

“İki sahil” "RBK-Ukrayna"ya istinadla xəbər verir ki, 35 dövlətin nümayəndələrinin imzaladığı sənəd Avropa Şurası bazasında komissiyanın yaradılmasını nəzərdə tutur. İmzalanma mərasimində Ukrayna Prezidenti Volodimir Zelenski də iştirak edib.

Avropa Şurasının baş katibi Alen Berse bildirib ki, beynəlxalq təzminat mexanizminin formalaşdırılması mərhələli şəkildə həyata keçirilir. Birinci mərhələ 2023-cü ildə Ukrayna üçün zərər reyestrinin yaradılması olub. İkinci mərhələ Rusiyanın Ukraynaya vurduğu ziyanın ödənilməsi ilə bağlı tələblərə baxacaq Beynəlxalq İddialar Komissiyasının işi ilə bağlı olacaq.

Qeyd olunur ki, zərər reyestri və komissiya dəymiş ziyan haqqında məlumatların toplanması, yoxlanılması və təhlilinə, həmçinin vurulmuş ziyanı kompensasiya etməli olan məsul şəxslərin və dövlətlərin müəyyən olunmasına sistemli yanaşma təmin edəcək.

Qlobal mexanizmin üçüncü mərhələsi Ukraynanın zərərçəkənlərə ödənişlər etməsinə imkan verəcək kompensasiya fondunun yaradılması olacaq. Hazırda onun maliyyələşdirilməsi məsələsi müzakirə edilir, dondurulmuş Rusiya aktivləri və onlardan əldə edilən gəlirlərin əsas maliyyə mənbəyi olacağı gözlənilir.