Yaponiya hökuməti 2026-cı ildə Silahlı Qüvvələr üçün rekord məbləğdə — 9 trilyon yendən (58 milyard ABŞ dollarından çox) artıq vəsait ayırmağı planlaşdırır. Bu vəsait əsasən uzaqmənzilli raketlərin və pilotsuz uçuş aparatlarından müdafiə sistemlərinin inkişafına yönəldiləcək.
“İki sahil” xəbər verir ki, bu barədə NHK telekanalı məlumat yayıb. Məlumata görə, Yaponiya Müdafiə Nazirliyi hazırda bu planları Maliyyə Nazirliyi ilə razılaşdırır.
Bildirilir ki, maliyyələşdirmənin əhəmiyyətli hissəsi 1000 kilometrdən artıq uçuş məsafəsinə malik “Type-12” raketlərinin, eləcə də yerli istehsal olan hipersəsli aparatların alınmasına sərf olunacaq. Bundan əlavə, Böyük Britaniya və İtaliya ilə tərəfdaşlıq çərçivəsində altıncı nəsil döyüş təyyarəsinin hazırlanması da büdcə vəsaiti hesabına maliyyələşdiriləcək.
Eyni zamanda, Yaponiyanın olduqca uzun sahil xəttinin pilotsuz uçuş aparatlarından istifadə etməklə müdafiəsi məqsədilə “SHIELD” sisteminin yaradılmasına vəsait ayrılması nəzərdə tutulur. Ölkənin hava məkanının mühafizəsi üçün də dronlardan istifadənin genişləndirilməsi planlaşdırılır.
Qeyd edək ki, 2022-ci il dekabrın 16-da Yaponiya hökuməti yenilənmiş Milli Təhlükəsizlik Strategiyasını təsdiqləyib. Strategiyada Tokionun potensial düşmənin ərazisində yerləşən hədəflərə qarşı əks-zərbələr endirmək hüququ nəzərdə tutulur. Sənəddə, həmçinin hərbi xərclərin 2027-ci ilə qədər ümumi daxili məhsulun 2 faizinədək artırılması nəzərdə tutulur.