18 dekabr 2025 11:24
149

Amnistiya aktı layihəsi – ədalət və mərhəmətin vəhdəti

Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, onların müdafiəsi və daha da genişləndirilməsi dövlət siyasətinin ali məqsədlərindən biridir. Bu sahədə möhkəm hüquqi bazanın formalaşdırılması müstəqil dövlətimizin qurucusu, Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmləndirilmişdir. Onun rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir. Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir. 1995-ci ildən etibarən qəbul edilən 12 amnistiya aktı 130 mindən artıq şəxsə şamil olunub. Prezident İlham Əliyevin təşəbbüsü ilə 2021-ci ildə 8 Noyabr – Zəfər Günü münasibətilə elan edilən amnistiya aktı isə 17 mindən çox insanı əhatə edib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995–2003-cü illərdə 32 əfv fərmanı imzalanmış, həmin dövrdə 7 amnistiya aktı qəbul edilmişdir. Prezident İlham Əliyev isə 2003–2025-ci illər ərzində 39 əfv sərəncamı imzalamış, bu dövrdə 5 amnistiya aktı qəbul olunmuşdur. Ümumilikdə 71 əfv sərəncamı və fərmanı ilə 10 mindən artıq məhkum əfv edilmişdir.

Eyni zamanda, humanizm və mərhəmət prinsiplərini daim diqqətdə saxlayan Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın bu sahədəki fəaliyyəti xüsusi vurğulanmalıdır. Onun Milli Məclisin deputatı olduğu dövrdə təşəbbüsü ilə 2007, 2009, 2013 və 2016-cı illərdə amnistiya aktları qəbul edilmiş, bu təşəbbüslər cəmiyyətdə xeyirxahlıq və mərhəmət kimi ali mənəvi dəyərlərin təcəssümünə çevrilmişdir. Ümumilikdə, bu günə qədər 70-dən çox əfv sərəncamı və 13 amnistiya aktı imzalanmışdır ki, bu da Azərbaycan dövlətinin humanist mahiyyətini aydın şəkildə nümayiş etdirir.

Qeyd etmək lazımdır ki, dövlət başçımızın  vətəndaşların əhəmiyyətli bir hissəsini əhatə edən genişmiqyaslı əfv və amnistiya layihələri, Azərbaycanın daxili siyasətinin mühüm elementinə çevrilmiş davamlı dövlət təcrübəsidir. Əvvəlki  illərin ən yüksək səviyyəli və genişmiqyaslı əfvlərini xatırlamaq kifayətdir. Bu əfvlərə təkcə adi məhkumlar deyil, həm də tanınmış şəxslər - müxalifət üzvləri, keçmiş nazirlər və yüksək vəzifəli məmurlar daxil idi. O dövrdə verilən bu qərarlar Azərbaycanda əfv institutunun seçmə və ya dekorativ xarakter daşımadığını, əksinə ardıcıl və təqsirləndirilən şəxslərin siyasi keçmişindən asılı olmayaraq tətbiq olunduğunun açıq sübutu oldu. Daha bir genişmiqyaslı əfv təklifi ölkədə elan edilmiş Konstitusiya və Suverenlik İlinin fəlsəfəsinə mükəmməl və məntiqi şəkildə uyğun gəlir. Konstitusiya təkcə hüquqi normalar toplusu deyil, həm də dövlətin fundamental dəyərlərini: qanunun aliliyi, ədalət, humanizm və hökumətin sosial məsuliyyətini əks etdirən sənəddir. Suverenlik də öz növbəsində dövlətin öz prioritetlərinə və cəmiyyətin maraqlarına əsaslanaraq daxili siyasəti müstəqil şəkildə formalaşdırmaq və həyata keçirmək qabiliyyətini nəzərdə tutur.

Prezident İlham Əliyevin  siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilir. Suverenliyimizin bərpası, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində təmin olunması xalqımızın ən böyük tarixi qələbəsidir. Bu tarixi reallığı və humanizm ənənələrinə sadiqliyi nəzərə alaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq və cəmiyyətə reinteqrasiyanın vacibliyini əsas tutaraq Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsü ilə çıxış edib.  Bu, dövlət başçısının daha bir humanitar addımı olmaqla yanaşı, dərin siyasi, hüquqi və ictimai əhəmiyyət kəsb edən bir hadisədir. Bu, son illərdə 20 mindən çox insana, o cümlədən minlərlə məhbusa, cinayət məsuliyyətindən azad edilənlərə və cəzaları əhəmiyyətli dərəcədə azaldılacaq şəxslərə təsir edən ən böyük əfvdir. Milli Məclisə təqdim edilən qanun layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasına yönəlmiş hərbi əməliyyatlarda iştirak edən şəxslər, o cümlədən Vətən Müharibəsi və 19-20 sentyabr 2023-cü il tarixli antiterror əməliyyatının iştirakçıları cəzadan və ya cinayət məsuliyyətindən azad ediləcəklər. Əfv həmçinin həlak olanların və ya itkin düşənlərin yaxın qohumlarına, mülki əhaliyə qarşı Ermənistanın hərbi təxribatları nəticəsində əlil olmuş vətəndaşlara, eləcə də sosial cəhətdən həssas qruplara - qadınlara, 60 yaşdan yuxarı şəxslərə, cinayət törədilən zaman yetkinlik yaşına çatmayanlara və digərlərinə şamil edilir.

Prezident İlham Əliyevin təşəbbüsü ilə bu amnistiya aktı tətbiq ediləcək şəxslərin sayına görə Azərbaycanın tarixində ən genişmiqyaslı amnistiya olacaq. Proqnozlara əsasən, amnistiya ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcək. Onlardan 5 mindən çoxu azadlıqdan məhrum etmə cəzasından azad olunacaq, 3 mindən artıq şəxsin cəza müddəti azaldılacaq, 7 mindən çox məhkum azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın şəxs isə digər cəzalardan və ya şərti cəzalardan azad ediləcək. Bundan əlavə, mindən artıq şəxs cinayət məsuliyyətindən azad olunacaq.

Bu humanist addımlar azad olunacaq və ya əfv ediləcək şəxslərə yeni həyat qurmaq, cəmiyyətə faydalı vətəndaş kimi inteqrasiya olunmaq və ölkəmizin inkişafına öz töhfələrini vermək üçün geniş imkanlar yaradır. İnanırıq ki, bu fürsət onların həyatında dönüş nöqtəsinə çevriləcək və humanizmə əsaslanan dövlət siyasəti öz real bəhrəsini verəcəkdir.

Hicran Hüseynova,
​Milli Məclisin komitə sədri, professor