19 dekabr 2025 01:25
248

Müstəqil Azərbaycanım tarixində ən böyük amnistiya

Azərbaycanda hüquqi dövlət quruculuğu istiqamətində görülmüş işlər dövlət və cəmiyyət həyatının bütün sahələrini əhatə edib, ölkəmizdə siyasi, iqtisadi və hüquqi sistemi kökündən dəyişib. Azərbaycan demokratik və hüquqi dövlət quruculuğu yolunda böyük nailiyyətlər əldə edən, miqyaslı məhkəmə-hüquq islahatlarını həyata keçirən, vətəndaş cəmiyyətinin tələblərinə cavab verən hüquqi təsisatları formalaşdırıb. İnsan hüquq və azadlıqlarının qorunması hər zaman ölkəmizdə dövlət siyasətinin prioritetini təşkil edir. Bu baxımdan əfv Fərman və sərəncamları və Amnistiya aktları dövlətimizin insan hüquq və azadlıqlarının qorunmasına diqqətinin ifadəsidir.

Ümummilli lider Heydər Əliyevin 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra Azərbaycanda həyata keçirdiyi humanizm siyasətinin vacib istiqamətlərindən biri cinayət törətmiş, cinayətini etiraf etmiş və peşman olmuş şəxslərə qarşı humanizm, onların əfv edilməsi, bağışlanması olub. Konstitusiyamızın qəbul edidliyi 1995-ci ildən bu günədək onlarla əfv Sərəncamının imzalanması da deyilənlərin təsdiqidir. Bunların nəticəsində minlərlə məhkum azadlığa buraxılıb. Amnistiya aktları, əfv Fərman və sərəncamları bu yolda büdrəmiş insanlara yeni şans verməklə, onları cəmiyyətimizə qaytarmaqla həmin şəxslərə yenidən həyatın, azadlığın dəyərini dərk etməyə, öz səhvlərini anlayıb doğru yola qayıtmağa kömək edir. Ölkəmizdə mərhəmətli olmaq, geniş xeyirxahlıq, bağışlamaq bacarığı ən ali və insani keyfiyyətlər kimi qiymətləndirilir.

Ulu Öndər Heydər Əliyevin siyasi iradəsi və xilaskarlıq missiyası nəticəsində müstəqil Azərbaycan dövləti qurulmuş və möhkəmlənmişdir. Ulu Öndərin rəhbərliyi ilə qəbul edilən Azərbaycan Respublikasının Konstitusiyası müasir dövlətçiliyimizin hüquqi təməlini formalaşdırmışdır. Bu möhkəm təməl üzərində qurulan dövlət siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla və qətiyyətlə davam etdirilir.  Humanizm Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini təşkil edir.

Dövlət başçısının siyasi fəaliyyətinin mərkəzində insan amili, vətəndaş rifahı, sosial ədalət və mərhəmət prinsipləri dayanır. Məhz bu humanist yanaşmanın nəticəsidir ki, ölkəmizdə cinayət-hüquq siyasətinin formalaşdırılmasında da humanizm əsas prinsip kimi qəbul edilib.

Ümumbəşəri humanizm dəyərlərinə sadiqliyi əks etdirən mühüm təşəbbüs

Prezident İlham Əliyevin “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü irəli sürməsi dövlətimizin başçısının ümumbəşəri humanizm dəyərlərinə sadiqliyini əks etdirən mühüm təşəbbüsdür. Aministiya Aktı təxminən 20 min nəfəri əhatə edəcək. Suverenliyimizin bərpasının, Konstitusiyamızın ali hüquqi qüvvəsinin ölkəmizin bütün ərazilərində bərqərar olunmasının xalqımızın ən böyük tarixi qələbəsi olduğunu nəzərə alaraq, humanizm və mərhəmət ənənələrinə sadiq qalaraq, cəzadan azad etmənin tərbiyəvi əhəmiyyətinə inanaraq, cəzadan azad olunacaq şəxslərin qanunlara dönmədən əməl edəcəklərinə və dövlətimizin inkişafına öz töhfələrini verəcəklərinə ümid edərək Prezident İlham Əliyev 15 dekabr 2025-ci ildə amnistiya elan edilməsi təşəbbüsünü irəli sürüb.

Amnistiya aktının layihəsinə əsasən, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda aparılan döyüş əməliyyatlarında, o cümlədən Vətən müharibəsində və 2023-cü il sentyabrın 19–20-də keçirilmiş antiterror əməliyyatında iştirak etmiş şəxslərin, eləcə də bu əməliyyatlarda həlak olmuş və ya xəbərsiz itkin düşmüş şəxslərin yaxın qohumlarının, mülki əhaliyə qarşı Ermənistan Respublikasının hərbi təxribatı nəticəsində əlil olmuş şəxslərin, habelə qadınların, 60 yaşına çatmış şəxslərin, cinayət törədərkən yetkinlik yaşına çatmayanların və digər şəxslərin cəzadan və ya cinayət məsuliyyətindən azad edilmələri nəzərdə tutulur. Bununla yanaşı, layihəyə əsasən böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət, habelə ehtiyatsızlıqdan cinayət törətdiklərinə görə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş bir sıra şəxslər cəzadan azad ediləcək və ya cəzalarının çəkilməmiş hissəsi azaldılacaqdır.

Bu, ən böyük amnistiya aktı olacaq

Humanizm, mərhəmət və insanpərvərlik ənənələrini davam etdirən Prezident İlham Əliyevin təklifi sayəsində Amnistiya aktı tətbiq ediləcəyi şəxslərin, o cümlədən azadlıqdan məhrum etmə cəzasından azad ediləcək məhkumların sayına görə ən böyük amnistiya olacaq. Belə ki, Amnistiya aktının ümumilikdə 20 mindən çox şəxsə şamil ediləcəyi gözlənilir. Bunlardan 5 mindən çox məhkumun azadlıqdan məhrum etmə cəzasından azad ediləcəyi, həmin cəzaya məhkum olunmuş 3 mindən artıq şəxsin cəzasının azaldılacağı, 7 mindən çox məhkumun azadlığın məhdudlaşdırılması cəzasından, 4 minə yaxın məhkumun azadlıqdan məhrum etmə ilə bağlı olmayan digər cəzalardan və ya şərti tətbiq edilmiş cəzalardan, habelə mindən çox şəxsin cinayət məsuliyyətindən azad ediləcəyi proqnozlaşdırılır.

Humanizm və insanpərvərliyin xronikası: 12 amnistiya və 71 əfv təşəbbüsü

Ümumilikdə 1995-ci ildən etibarən qəbul edilən 12 Amnistiya aktı 130 mindən artıq nəfərə şamil edilib. Bütün sahələrdə olduğu kimi, cinayət törətmiş və əməllərindən peşman olmuş vətəndaşları bağışlamaq istiqamətində  də Ulu Öndərin siyasətini davam etdirən Prezident İlham Əliyevin həyata keçirdiyi dövlət siyasətinin əsas ideoloji dayaqlarından birini humanizm təşkil edir. Ölkəmizin başçısının təşəbbüsü əsasında 2021-ci ildə 8 Noyabr-Zəfər Günü münasibətilə elan olunan Amnistiya aktı 17 mindən artıq nəfərə şamil edilib. Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-2003-cü illərdə 32 əfv Fərmanı imzalanıb, həmin dövrdə 7 Amnistiya aktı qəbul edilib. Prezident İlham Əliyev tərəfindən isə 2003-2025-ci illər ərzində 39 əfv Sərəncamı imzalanıb, həmin dövrdə 5 Amnistiya aktı qəbul edilib. Ümumilikdə 71 əfv Fərmanı və Sərəncamı ilə 10162 məhkum əfv olunub. Prezident İlham Əliyev tərəfindən imzalanmış Sərəncamlar isə 7060 nəfərə şamil olunub. Milli Məclisin deputatı olarkən Mehriban xanım Əliyevanın təşəbbüsü ilə 2007-ci, 2009-cu, 2013-cü və 2016-cı illərdə Amnistiya aktı qəbul edilib.

Təbii ki, cinayət törədənlərin, günah işlətmiş adamların əfv olunması tarixin bütün dönəmlərində istər humanizm, istər əxlaqi, istərsə də hüquqi baxımından böyük önəm daşıyan addım hesab edilib. Qəbul olunmuş qayda və qanunlar, ədalət prinsiplərinin fərqli diktəsinə rəğmən, bağışlamaq yüksək humanizm dəyəri kimi qəbul olunur. Əminik ki, əfv olunan məhkumlar cəmiyyətimiz, dövlətimiz üçün faydalı vətəndaş olacaqlar və onlara verilmiş bu şansdan, fürsətdən yararlanacaqlar. Xalqımız ölkə başçısının həyata keçirdiyi siyasəti, o cümlədən humanist addımlarını birmənalı şəkildə dəstəkləyir. Dövlət başçısının “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan olunması təşəbbüsü irəli sürməsi milli həmrəyliyin gücləndirilməsi istiqamətində atılmış ardıcıl addımların davamıdır. Bu, həm də müstəqil Azərbaycanın  tarixində ən böyük amnistiyadır.

Zahid Rza, “İki sahil”