Aparılan elmi araşdırma göstərib ki, insan beyni həyatı boyu ardıcıl və mərhələli şəkildə inkişaf edir və bu proses dörd əsas yaş həddində kəskin dəyişikliklərlə müşayiət olunur. Tədqiqatçılar beynin inkişaf yolunu beş geniş mərhələyə ayıraraq bildiriblər ki, zehni yetkinləşmənin ən aktiv dövrlərindən biri 9 yaşdan başlayaraq 32 yaşa qədər davam edir.
Kembric Universitetinin alimləri tərəfindən aparılan araşdırmada körpənin doğumundan 90 yaşadək təxminən 4 min nəfərin beyin görüntüləri təhlil edilib. Bu məlumatlar əsasında beynin sinir əlaqələrinin illər ərzində necə formalaşdığı və dəyişdiyi müəyyənləşdirilib.
Araşdırmanın nəticələrinə görə, beyin inkişafı 9, 32, 66 və 83 yaşlarında mühüm dəyişikliklər yaşayır. Uşaqlıq dövründə, doğumdan 9 yaşa qədər beyin artıq istifadə olunmayan əlaqələri “sıralayır”, daha funksional və aktiv sinir bağlantılarını isə qoruyub saxlayır. 9-32 yaş aralığında isə beynin informasiya ötürmə sistemi ən yüksək səmərəliliyinə çatır. Alimlər bu dövrü, zehni çevikliyin və öyrənmə qabiliyyətinin zirvədə olduğu inkişaf mərhələsi kimi qiymətləndirirlər. Bu mərhələdən sonra beyin daha sabit işləmə rejiminə keçir. 66 yaşdan etibarən beyində yaşlanma əlamətləri tədricən hiss olunmağa başlayır. 83 yaşdan sonra isə bu dəyişikliklər daha aydın şəkildə özünü göstərir. Bu mərhələlər sinir əlaqələrinin zəifləməsi və yaşla bağlı sağlamlıq risklərinin artması ilə əlaqələndirilir.
Araşdırmanın müəllifləri vurğulayırlar ki, bu nəticələr insanların davranış baxımından “uzunmüddətli yeniyetməlik” yaşadığını göstərmir. Söhbət insanın necə davrandığından deyil, beynin inkişaf istiqamətinin hansı mərhələdə olduğundan gedir.
Tədqiqatın nəticələri nüfuzlu "Nature Communications" elmi jurnalında dərc olunub.
Şahnigar Əhmədova, "İki sahil"