ABŞ hesab edir ki, Rusiya-Ukrayna münaqişəsinin həlli ilə bağlı qərarı Vaşinqton deyil, Moskva və Kiyev qəbul etməlidir.
“İki sahil” xarici KİV-lərə istinadla xəbər verir ki, bunu ABŞ Dövlət katibi Marko Rubio mətbuat konfransında bildirib.
"Ümumiyyətlə, münaqişələr iki yolla başa çatır – tərəflərdən birinin kapitulyasiyası ilə və ya danışıqlar nəticəsində əldə olunan razılaşma ilə. Biz tərəflərdən heç birinin kapitulyasiya edəcəyini gözləmirik, buna görə münaqişənin başa çatması yalnız danışıqlar yolu ilə mümkündür", – deyə o qeyd edib. Rubio əlavə edib ki, bu halda "hər iki tərəf nəyisə əldə edir və nəyisə güzəştə gedir".
"Son nəticədə qərarı Ukrayna və Rusiya qəbul etməlidir, ABŞ yox", – Rubio vurğulayıb.
O həmçinin bildirib ki, müəyyən irəliləyiş var, lakin hələ uzun yol qarşıdadır.
"Məsələ hamını razılaşmaya məcbur etmək deyil, tərəflərin nə əldə etməyi planlaşdırdıqlarını, nədən imtina etməyə hazır olduqlarını anlamaq və bu mövqelərin necə kəsişə biləcəyini müəyyənləşdirməkdir. Təbii ki, bunun üçün çox vaxt və ağır iş tələb olunur. Bunu KİV vasitəsilə və ya mətbuat konfranslarında əldə etmək mümkün deyil. Mən düşünürəm ki, irəliləyiş var, amma hələ görüləcək işlər qalır. Aydındır ki, sonunda ən çətin məsələlər qalır", – deyə o əlavə edib.