Azərbaycan müdafiə nazirinin birinci müavini – Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ilə Türkiyə Respublikası Silahlı Qüvvələrinin və Macarıstan Müdafiə Qüvvələrinin Baş Qərargah rəisləri ordu generalı Selçuk Bayraktaroğlu və general Qabor Böröndi arasında telefon danışıqları olub.
“İki sahil” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Qeyd olunub ki, danışıqlar Türkiyə və macarıstanlı həmkarların təşəbbüsü ilə baş tutub.
Tərəflər ölkələr arasında hərbi əməkdaşlıq, habelə regiondakı vəziyyət və təhlükəsizlik məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar.
İran İslam Respublikasının Silahlı Qüvvələrinin pilotsuz uçuş aparatları ilə Naxçıvan Muxtar Respublikasının ərazisindəki mülki infrastruktura edilən hücumlara toxunan baş qərargah rəisləri bunun beynəlxalq hüquq normalarına zidd olduğunu xüsusilə qeyd ediblər.
"Həmçinin, Səudiyyə Ərəbistanı Krallığının Silahlı Qüvvələrinin Baş Qərargah rəisi general Faiyad bin Hamed Al Rovaili Azərbaycandakı hərbi attaşesi vasitəsilə ölkəsinin bu tip hücumlara qarşı olduğunu diqqətə çatdıraraq hər zaman zəruri dəstək verməyə hazır olduğunu bildirib. General-polkovnik Kərim Vəliyev tutduqları mövqeyə və göstərdikləri dəstəyə görə həmkarlarına minnətdarlığını ifadə edib", - məlumatda bildirilib.
Şuşada Azərbaycan, Türkiyə və Gürcüstan müdafiə nazirlərinin 13-cü üçtərəfli görüşü keçirilib
Anar Eyvazov: "Birliyin Gücü – 2026" birgə hərbi təlimində 3570 nəfərdən çox hərbçi iştirak edir
Azərbaycan – Rusiya arasında hərbi sahədə əlaqələrin inkişaf istiqamətləri müzakirə olunub