10 mart 2026 20:30
652

Daşkəsəndə Yel çərşənbəsi qeyd olunub

Yeni Azərbaycan Partiyası (YAP) Daşkəsən rayon təşkilatının Əmirvar ərazi partiya təşkilatı tərəfindən Novruz bayramının gəlişi münasibətilə Yel çərşənbəsi qeyd olunub.

“İki sahil” xəbər verir ki, tədbirdə YAP Daşkəsən rayon təşkilatının sədr müavini Elşən Alıyev və aparatın məsləhətçisi Sərdar Xıdırov iştirak ediblər.

Əmirvar kəndində Yel çərşənbəsi münasibətilə tonqal alovlandırılıb.

Bayram tonqalının ətrafında kənd sakinləri bir araya gələrək Novruz ənənələrinə uyğun olaraq yumurta döyüşdürüb, xoş söhbətlər aparıblar.

Tədbirdə bildirilib ki, Novruz çərşənbələri xalqın milli-mənəvi dəyərlərinin və adət-ənənələrinin yaşadılması baxımından böyük əhəmiyyət daşıyır. Vurğulanıb ki, bu cür tədbirlər qədim ənənələrin gələcək nəsillərə ötürülməsinə, insanlar arasında birlik və həmrəylik ruhunun daha da möhkəmlənməsinə xidmət edir.

Sonda bayram tonqalının ətrafında müxtəlif şən oyunlar keçirilib, iştirakçılar Novruzun gəlişini böyük sevinc və coşqu ilə qarşılayıblar.