2025-ci ildə Azərbaycan Respublikasının Mərkəzi Bankının maliyyə sabitliyi siyasətinin əsas prioritetlərini maliyyə-bank sisteminə etimadın qorunması, risklərin minimallaşdırılması, maliyyə sektorunda idarəetmə potensialının və şoklara qarşı dayanıqlığın artırılması təşkil edib.
Bu fikirləri Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru Ataxan Həsənov Mərkəzi Bankın 2025-ci ilin maliyyə sabitliyi hesabatına dair keçirilən mətbuat konfransında bildirib.
Ataxan Həsənov qeyd edib ki, il ərzində risk əsaslı nəzarət mexanizmlərinin tətbiqi istiqamətində işlərin görülməsi, risklərin həssas sahələrini əhatə edən prudensial tələblərin gücləndirilməsi, həmçinin sektorla effektiv dialoq və tənzimləmə-nəzarət çərçivəsinin modernləşdirilməsi maliyyə sabitliyinin təmin olunmasında mühüm rol oynamışdır. 2025-ci ildə bank sektorunun maliyyə vasitəçiliyi funksiyası genişlənmiş, kreditləşmə fəaliyyəti ilə sektorun balansının genişlənməsi davam etmişdir. Kredit portfelinin artım dinamikası fonunda tənzimləmə çərçivəsinin təkmilləşdirilməsi və kredit təşkilatları tərəfindən risklərin effektiv idarə edilməsi təmin edilmişdir. İl ərzində bank sisteminin kapital adekvatlığı və likvidlik göstəriciləri minimum tələbləri əhəmiyyətli üstələmişdir.
Bank sektorunda kapital adekvatlığı əmsalı 17.6% olmaqla minimum requlyativ tələbi 1.7 dəfəyədək üstələmişdir. Eyni zamanda bank sektorunun məcmu likvidliyin örtülmə əmsalı (154%) minimum requlyativ tələbdən 1.5 dəfə çox olmuşdur. Bank sektorunun gəlirliliyində də müsbət meyil davam etmiş, sektor il ərzində 1.2 mlrd. manata yaxın xalis mənfəət əldə etmişdir. 2025-ci ildə bank sektoru üzrə aktivlərin gəlirliliyi 2.1%, kapitalın gəlirliliyi isə 18.2% təşkil etmişdir. Azərbaycan Mərkəzi Bankının Maliyyə sabitliyi departamentinin direktoru vurğulayıb ki, Hesabat dövrü ərzində Mərkəzi Bank maliyyə sektorunun dayanıqlığının artırılması istiqamətində bir sıra siyasət tədbirləri görmüşdür. Bank sektorunun dayanıqlığını artırmaq və kreditləşmə fəaliyyətinin fasiləsizliyini təmin etmək məqsədilə, 2025-ci ilin 1 mart tarixindən etibarən bankların məcmu və I dərəcəli kapitalı üzərində 0.5% həddində əlavə kontr-tsiklik kapital buferin tətbiq edilməsi ilə bağlı qərar qəbul edilmişdir. 2024-2026-cı illəri əhatə edən Maliyyə sektorunun inkişafı strategiyası çərçivəsində bank sektorunda tənzimləmə çərçivəsinin modernizasiyası məqsədilə banklarda əməliyyat və bazar riskləri üzrə requlyativ çərçivə təsdiq olunmuş, bank sektorunun kapital strukturunun Bazel III standartlarına uyğunlaşdırılması təmin olunmuşdiur. Maliyyə institutlarında tənzimləmə və nəzarətin modernləşdirilməsi istiqamətində həyata keçirilmiş təşəbbüslər beynəlxalq reytinq agentliklərinin diqqətindən yayınmamış, "S&P” beynəlxalq reytinq agentliyi Bank Sektorunun Ölkə Risk Qiymətləndirməsi (BICRA) hesabatına əsasən Azərbaycanın sahəvi risk komponenti üzrə reytinqini yaxşılaşdırmışdır. İl ərzində sığorta sektoru özünün artım potensialını reallaşdırmaqda davam etmişdir.
2025-ci ildə sığorta haqları əvvəlki illin müvafiq dövrü ilə müqayisədə 11% artaraq 1.5 mlrd. manat, sığorta ödənişləri isə 22% artaraq 920 mln. manat təşkil etmişdir. Sektor yüksək mənfəətlə fəaliyyət göstərmişdir. Sektor il ərzində 166 mln. manat xalis mənfəət əldə etmişdir. 2025-ci ildə sığorta sektoru üzrə kapitalın gəlirliliyi isə 28% təşkil etmiş, sektorun məcmu kapitalı tələb olunan kapitalı 1.9 dəfəyə qədər üstələmişdir. İnvestisiya şirkətlərinin maliyyə sistemində payı kiçik olsa da, artım üçün potensialı böyükdür. Kapital bazarında qiymətli kağızlar dövriyyəsi artım tendensiyasını qoruyub saxlamışdır. Kapital bazarı infrastrukturunun təkmilləşdirilməsi, tənzimləmə çərçivəsinin modernizasiyası istiqamətində tədbirlər davam etdirilmişdir.
Orxan Vahidoğlu, "İki sahil"
Yaxın Şərqdə baş verən proseslərin ölkədə inflyasiyaya təsiri... - Şahin Mahmudzadədən AÇIQLAMA
Azərbaycan Mərkəzi Bankı taksilərin icbari sığorta xərclərinin artırılmasının səbəbini açıqlayıb