Respublikanın dağ rayonları istisna olmaqla 2025–2026-cı illər payız-qış mövsümü yekunlaşıb. Mövsüm ərzində istehlakçıların fasiləsiz və keyfiyyətli istiliklə təmin olunması məqsədilə qazanxanalar, istilik xətləri və digər infrastruktur obyektləri stabil rejimdə istismar edilib, yaranan texniki nasazlıqlar operativ şəkildə aradan qaldırılıb. Hesabat dövründə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyəti (ASC) tərəfindən Bakı şəhəri və respublikanın regionlarında 549 qazanxana (balansında olan 523, xidmət 26) istismar edilməklə 3800 yaşayış binası, təxminən 176 min 500 mənzil, 274 məktəb, 159 uşaq bağçası, 141 səhiyyə obyekti , 2800-dən artıq sosial və digər təsərrüfat obyekti istilik enerjisi ilə təmin olunub.
“İki sahil” xəbər verir ki, bu barədə “Azəristiliktəchizat” ASC-nin İctimaiyyətlə əlaqələr sektorunun rəisi Elvin Basqallı məlumat verib.
Onun sözlərinə görə, mövsüm ərzində regionlar üzrə 196 qazanxana vasitəsilə 588 yaşayış binası, 100 məktəb, 36 uşaq bağçası, 44 səhiyyə obyekti, 227 sosial və digər təsərrüfat obyekti istiliklə təmin edilib. İsti su təchizatı xidmətləri çərçivəsində Bakı şəhəri və regionlarda 41 qazanxana vasitəsilə 46 çoxmənzilli yaşayış binasında yerləşən 3111 mənzil, 123 sosial və digər təsərrüfat obyekti isti su ilə təmin olunub:”Mövsüm ərzində 1309 qazan qurğusu, 3450 nasos avadanlığı,1000 kilometrə yaxın magistral və məhəllədaxili istilik xətləri, ümumilikdə 80 mindən çox tənzimləyici və nizamlayıcı armatur, avadanlıq və qurğuların texniki təhlükəsizlik və texniki istismar qaydalarına uyğun istismarı təmin edilib. 2026-cı ilin birinci rübündə 924 min 820 Qkal istilik enerjisi istehsal olunub ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 32 min 910 Qkal və ya 3,7 faiz çox olub. Bu mövsümdə istismar müddəti başa çatmış daha 7 ədəd köhnə tipli qazanxananın yenidən qurulması işləri tamamlanıb və istismara verilib”.
Elvin Basqallı qeyd edib ki, cari ilin 3 ayı ərzində istilik enerjisinin 99,87 faizi qaz yanacağı, 0,13 faizi isə elektrik enerjisi və dizel yanacağı istifadə edilməklə istehsal olunub. Ümumi istehsalın 513 Qkal və ya 0,055 faizi Şuşa şəhərində yeni tikilən elektrik enerjisi ilə işləyən qazanxanalarda istehsal edilib.
O, həmçinin diqqətə çatdırıb ki, istilik mövsümünün tamamlanması ilə əlaqədar olaraq, sistemlərin planlı dayandırılması, avadanlıqların diaqnostikası və növbəti mövsümə hazırlıq tədbirlərinə başlanılıb. Qarşıdakı dövrdə əsas diqqət təmir-bərpa işlərinə, enerji səmərəliliyinin artırılmasına və xidmət keyfiyyətinin daha da yüksəldilməsinə yönəldiləcəkdir.