İrəvanda siyasi ehtiraslar aşıb-daşır. Baş nazir Paşinyanın düşmənləri əvvəllər onu hakimiyyətdən kənarlaşdırmaq üçün birləşəcəklərini, vahid qüvvə kimi mübarizə aparacaqlarını bildirirdilər. Lakin son günlərdə həmin qruplaşmalar “minalanmış sahədən” salamat keçə bilməyərək parçalanıblar. Vəd verilən maddi-mənəvi dəstəklər onların iştahasını artırıb, axırı olmayan aldadıcı özünəgüvənclik yaradıb. Yəni, ənənəvi daşnak xisləti burada da özünü büruzə verib. Beləliklə, Ermənistandan kənarda planlaşdırılan hakimiyyət dəyişikliyi iflasa uğramaqdadır. Revanşistlər, daşnaklar, eks-prezidentlər düşünürlər ki, kənardan verilən dəstək vasitəsilə hakimiyyətə özləri yiyələnə bilərlər. Erməni əsilli rusiyalı iş adamı, milyarder Samvel Karapetyanla bərabər, keçmiş prezident Robert Koçaryan da Moskvanın dəstəyi ilə ölkənin baş kürsüsünə iddiasını irəli sürüb. Digər partiya sədrləri də onun kimi. Hər kim ki, ətrafına bir neçə yüz nəfər toplayır, seçkilərdə təkbaşına qalib gələcəyinə inanır. Yəni, əsl erməni xisləti. Halbuki bir neçə ay əvvəl onlar ali vəzifəyə gəlməyə potensialın çatışmadığını bilirdilər.
İllərdir köstəbək həyatı keçirən qatil Robert Koçaryan qəflətən cəsarətə gələrək “yuvsından” çıxaraq seçkilərdə namizədliyini irəli sürüb. Məlum məsələdir ki, onun “dabanının altına daş qoyanlar” var. Paşinyandan başqa bütün iddiaçılar hakimiyyətə gələndən sonra Azərbaycanla müharibə edəcəklərini, Qarabağı yenidən işğal edəcəklərini bildirirlər. Müharibə tərəfdarları düşünürlər ki, bu minvalla özlərindən qəhrəman obrazı düzəldəcək, əhalini tərəflərinə çəkəcəklər. Lakin elə burada da yanılırlar. İki Qarabağ savaşında həlak olan minlərlə erməni gənclərinin valideynləri, qohum-əqrəbaları yenidən müharibə aparılmasına qətiyyən razı deyillər. Təbii ki, onlar müharibəyə “yox” deyən Nikol Paşinyana səs verəcəklər. Haqları da var.
Ermənistanda iyunun 7-ə təyin olunan parlament seçkiləri yaxınlaşdıqca dumanlı siyasi mənzərə daha da aydınlaşır. Görünən odur ki, müxalif düşərgədə gözlənilən birlik baş tutmur və bu da hakimiyyətin mövqelərini gücləndirən ən əsas amillərdən birinə çevrilməkdədir. Ancaq təkcə bu deyil. Paşinyan “bir güllə ilə iki dovşan” ovlamalı olur. Güman ki, bu reallıqlara əhəmiyyət verməyən qızışdırıcı qüvvələr əhalinin rəyi ilə hesablaşmaq istəmirlər. Açıq hiss olunur ki, Nikol Paşinyanı vəzifədən uzaqlaşdırmaq məqsədi ilə bütün iddiaçılara müəyyən ümidlər verən bir mərkəz var. Həmin mərkəz müxalif qüvvələri istiqamətləndirməyə çalışsa da başıpozuq və hakimiyyət hərisi olanlar özbaşına hərəkət edirlər.
Bundan əlavə, baş nazir Nikol Paşinyanın əsas rəqibləri sayılan Ermənistanın keçmiş prezidenti Robert Koçaryanın “Hayastan” partiyalar ittifaqı, rusiyalı iş adamı Samvel Karapetyanın “Güclü Ermənistan” Partiyası tərəfindən hökumət başçısı postuna ayrı-ayrılıqda namizədliklərinin irəli sürülməsi birlik xəyallarını puç edir. Son olaraq cəmiyyətdə populyar olmayan Edmon Marukyanın rəhbərlik etdiyi “İşıqlı Ermənistan” Partiyasının seçkilərə təkbaşına qatılmaq qərarı da müxalifətin parçalanmasının artıq fakt olduğunu göstərir. Görünən odur ki, Nikol Paşinyanın parçalanmış müxalifət üzərində qələbəsi o qədər də çətin olmayacaqdır.
Məhz bunu nəzərə alan mərkəzin göstərişi ilə müxalifət hökumətə qarşı vahid cəbhədən çıxış etməyə çalışırdı. Digər tərəfdən, Moskvaya bağlı olan qüvvələr oranın dəstəyinə ümid edir. Məhz bu səbəbdən Paşinyan Rusiyaya səfər etdi. Əsas məqsəd parlament seçkilərində bu ölkənin neytrallaşdırılması idi. Mətbuatın verdiyi məlumata görə, bu, alınmayıb. Kameralar önündə fərqli mənzərə olsa da, Nikol Paşinyan Rusiya ilə münasibətləri inkişaf etdirmək və seçkiöncəsi problemdən uzaq olmağa çalışır. Digər tərəfdən, Ermənistan Türkiyə və Avropa İttifaqı ilə də münasibətlərin pisləşməsini qətiyyən istəmir. Çünki Ermənistanın gələcəyi onların əlindədir. Ona görə də Ermənistan rəsmilərinin Avropa İttifaqına nəzərdə tutulan səfəri buna hesablanıb. Hazırda İrəvanda siyasi hadisələr sürətlə inkişaf edir. Kimin kim olduğu tədricən aşkarlanır. Yəqin ki, yaxın günlərdə parlament seçkiləri ilə bağlı yeni təfərrüatlar üzə çıxacaqdır.
Vəli İlyasov, “İki sahil”