17 aprel 2026 14:59
159

İşğaldan azad edilmiş ərazilərdə keçirilən təlimlərin növbəti mərhələsi uğurla başa çatıb 

Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində kənd təsərrüfatı təyinatlı torpaqların kənd və qəsəbə sakinlərinə güzəştli şərtlərlə icarəyə verilməsi qaydalarına uyğun olaraq, Aqrar Xidmətlər Agentliyinin Aqrar Təlim Mərkəzi tərəfindən sakinlərin bilik və bacarıqlarını artırmaq və innovativ yanaşmaları tətbiq etmək məqsədilə təşkil olunan təlimlərin növbəti mərhələsi uğurla başa çatıb.

“İki sahil” xəbər verir ki, bu mərhələdə Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsi, eləcə də Zəngilan rayonunun Məmmədbəyli və Ağalı kəndlərinin sakinləri təlimlərə cəlb olunublar. Təlimlərin sonunda keçirilən yekun qiymətləndirmə imtahanını uğurla başa vuran iştirakçılar “Müvəffəqiyyət sertifikatı” ilə təltif ediliblər. Ümumilikdə Zəngilan rayonu üzrə 37 nəfər, Xocavənd rayonu üzrə isə 83 nəfər olmaqla 120 sakin sertifikat əldə edib.

Proqram çərçivəsində iştirakçılara elektron kənd təsərrüfatı sistemləri, meyvəçilik və tərəvəzçilik, bitkiçilik və əkinçilik sahələrində müasir yanaşmalar, heyvanların düzgün bəslənməsi, saxlanma şəraiti, cins seçimi və məhsuldarlığın artırılması yolları, kənd təsərrüfatı texnikalarından səmərəli istifadə, təsərrüfatın düzgün təşkili, müasir suvarma sistemləri, yem bitkilərinin yetişdirilməsi, iqlim dəyişkənliyinin kənd təsərrüfatına təsirləri barədə ətraflı məlumat verilib. Həmçinin, azad olunmuş ərazilərdə fəaliyyət zamanı nəzərə alınmalı əsas davranış qaydaları, dövlətin kənd təsərrüfatına göstərdiyi dəstək mexanizmləri, mövcud imkanlardan istifadə yolları da ətraflı şəkildə təqdim olunub.

Tədbir zamanı kənd sakinlərinin sual və təklifləri diqqətlə dinlənilib, təsərrüfat fəaliyyətində qarşıya çıxan çətinliklər və gələcək planlar ətrafında geniş fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, işğaldan azad edilmiş ərazilərdə aqrar fəaliyyətin bərpası və inkişafına yönələn bu cür təlim proqramları yerli sakinlərin kənd təsərrüfatı sahəsində bilik və bacarıqlarını daha da möhkəmləndirir, torpaq resurslarından səmərəli istifadəni təşviq edir və regionda dayanıqlı aqrar fəaliyyətin formalaşmasına mühüm töhfə verir. Bu məqsədlə təlimlər Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyinin müəyyən etdiyi metodiki yanaşmalar və aqrar sahədə tətbiq olunan qabaqcıl təcrübələr əsasında hazırlanmış proqram üzrə təşkil olunur.