17 aprel 2026 18:10
176

Müstəqil, prinsipial xarici siyasət əsas istiqamətimizdir - TƏHLİL

Bugünümüzün reallıqları dövlətimizin başçısı İlham Əliyevə böyük etimadın, Azərbaycanın  beynəlxalq münasibətlər sistemində yerinin və rolunun aydın mənzərəsini təqdim edir

Azərbaycanın xarici siyasət uğurları bu gün istər ayrı-ayrı dövlətlərlə ikitərəfli, istərsə də beynəlxalq təşkilatlarla əlaqələrinin inkişafında, ev sahibliyi etdiyi tədbirlərin miqyasında, dövlət başçısı İlham Əliyevin iştirak etdiyi tədbirlərin sayında və sair kimi mühüm məqamlarda  özünün aydın ifadəsini tapır. Bir sözlə, bugünümüzün reallıqları  Azərbaycanın  beynəlxalq münasibətlər sistemində yerinin və rolunun aydın mənzərəsini təqdim edir. Dövlət başçısı İlham Əliyev V Antalya Diplomatiya Forumunda iştirak etmək üçün Türkiyədə rəsmi səfərdədir. Təkcə bu səfərin fonunda Prezident İlham Əliyevə böyük etimadı, Azərbaycanın artan nüfuzunu görmək mümkündür.

Qeyd edək ki,  cənab İlham Əliyevin qatıldığı hər bir tədbirdə diqqəti çəkən əsas məqamlardan biri bu olur ki, dövlətimizin başçısı tədbir çərçivəsində qarşı tərəflərin müraciətləri əsasında  bir sıra görüşlər keçirir, bu görüşlərdə müasir dövrün çağırışları geniş müzakirə edilir, tərəflər əlaqlərin gələcək inkişafı üçün mövcud imkanlardan bəhs edirlər. Prezident İlham Əliyevin indiki səfəri də bu baxımdan xüsusi diqqətdə oldu. Qeyd edək ki,  Prezident Rəcəb Tayyib Ərdoğanın himayəsində, Türkiyənin Xarici İşlər Nazirliyinin ev sahibliyi ilə reallaşan tədbirin mövzusu  “Gələcəyi planlaşdırarkən qeyri-müəyyənliklərin öhdəsindən gəlmək”dir. Builki Foruma 150-dən çox ölkədən 22 dövlət və hökumət başçısı, 14 dövlət və hökumət başçısının müavini, 39-u xarici işlər naziri olmaqla 50-dən artıq nazir, eləcə də 75-i beynəlxalq təşkilatların nümayəndəsi olmaqla ümumilikdə 500-dən çox yüksəksəviyyəli şəxs qatılıb. Azərbaycan tədbirdə yüksəksəviyyəli nümayəndə heyəti ilə təmsil olunur. Üç gün davam edəcək forumda qlobal qeyri-müəyyənliklər və regional proseslər müxtəlif panel iclaslar, interaktiv sessiyalar və ikitərəfli görüşlərlə ətraflı müzakirə olunacaq. Builki tədbirdə Cənubi Qafqazdakı son vəziyyət də müzakirə olunacaq mövzular arasında yer alır. Forumda  dövlət rəsmiləri ilə yanaşı, akademiklər, iş dünyasının mütəxəssisləri, media və vətəndaş cəmiyyəti nümayəndələri bir araya gətirilərək qeyri-müəyyənliklərin ən yaxşı şəkildə idarə olunması, qlobal problemlərin həlli və gələcək çağırışlara hazırlıq yolları araşdırılacaq, problemlərin mümkün həll yolları barədə fikir mübadiləsi aparılacaq və ən yaxşı təcrübə nümunələri paylaşılacaq. Forum çərçivəsində, liderlər panelləri də daxil olmaqla, 40-dan çox tədbir və sessiyanın keçirilməsi nəzərdə tutulur. Sessiyalarda qlobal sistemdə dərinləşən qeyri-müəyyənliklər, transformasiya prosesləri və regional inkişaflar geniş spektrdə müzakirə olunacaq. Bunlarla yanaşı, siyasi, ekoloji, iqtisadi və texnoloji istiqamətlərdə formalaşan əsas gündəm mövzularının Forum müzakirələrinin mərkəzində olması gözlənilir. Tədbir dialoqun təşviqi, etimadın yenidən bərpası və daha güclü əməkdaşlığın qurulmasını hədəfləyir. Onu da nəzərə alaq ki, müxtəlif sahələr üzrə təxminən 5 min nəfərin qatılacağı tədbir dünyanın müxtəlif ölkələrindən mindən artıq media mənsubu tərəfindən işıqlandırılacaq.

Təbii ki, bunları qeyd etməyimiz səbəbsiz deyil. Tədbir iştirakçılarının say tərkibi, həmçinin panel iclasların  çoxluğu, müzakirəyə çıxarılan mövzu  Forumun əhəmiyyəti barədə aydın təsəvvür yaradır. Bununla bərabər iştirakçı ölkələrin liderlərinin Prezident İlham Əliyev ilə görüşə xüsusi maraq və diqqət göstərmələri  dövlətimizin başçısına böyük etimadın göstəricisi kimi dəyərləndirilir. Belə ki, cənab İlham Əliyev Forum çərçivəsində Suriya Ərəb Respublikasının keçid dövrü Prezidenti Əhməd Əl Şaraa, Şimali Kipr Türk Cümhuriyyətinin Prezidenti Tufan Erhürman və   Moldova Respublikasının Prezidenti Maya Sandu ilə görüşdü. Görüşlərdə ölkələr arasında münasibətlərin perspektivləri müzakirə edildi, qarşılıqlı maraq doğuran məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı. 

Prezident İlham Əliyev tarixi Zəfəri və suverenliyinin  tam bərpası ilə yeni dövrə qədəm qoyan Azərbaycanın xarici siyasətlə bağlı hədəflərindən bəhs edərkən bildirmişdir ki, müstəqil, prinsipial xarici siyasət bizim əsas istiqamətimizdir. Kim bizimlə ikitərəfli formatda, qarşılıqlı hörmət əsasında əməkdaşlıq etmək istəyirsə, biz ikiqat əməkdaşlıq edəcəyik. Amma əgər kimsə hesab edir ki, bizə gəlib nəsə diktə edəcək, yaxud da ki, bizi əsassız olaraq ittiham edəcək, ya da ki, hansısa vasitələrlə bizi qaralayacaq və sanki heç nə olmamış kimi bu ölkələrlə biz dostluq edəcəyik, bu, səhv təsəvvürdür, bu, olmayacaq! Azərbaycan çoxdan özünü ləyaqətli və qürurlu dövlət kimi təsdiqləyib. Xüsusilə, tarixi Zəfərimizdən sonra bizim beynəlxalq nüfuzumuz bir neçə dəfə artıb. Beynəlxalq mövqelərimiz möhkəmlənib, beynəlxalq ictimaiyyət bizimlədir. Bundan sonra da xarici siyasətdə geriyə heç bir addım olmayacaq. Dostlarımızın bütün qitələrdə sayı artır. Biz indi - İkinci Qarabağ müharibəsindən və suverenliyimizi bərpa edəndən sonra daha fəal xarici siyasət aparacağıq. Vaxtilə mövcud olmadığımız bölgələrlə indi çox ciddi təmaslar qurulur, həm sərmayə qoyuluşu layihələri nəzərdən keçirilir, eyni zamanda, müxtəlif sahələrdə əməkdaşlıq üçün yeni imkanlar yaranır. Təbii olaraq, ənənəvi tərəfdaşlarımızla, dostlarımızla münasibətlərimiz yerindədir, daha da inkişaf edir və edəcək.

Dünyaya qardaşlıq nümunəsini təqdim edən Azərbaycan-Türkiyə münasibətlərinin fonunda bu gün Prezident İlham Əliyevin qardaş ölkəyə işgüzar səfəri zamanı keçirdiyi görüşlərdə  məkanın  da öz sözünü dediyi daha aydın şəkildə görünür. Hər iki ölkənin liderləri qarşılıqlı səfərlərində daim özünlərini ev sahibi kimi hiss etdiklərini real addımlarında da təsdiqləyirlər.

Bu gün Azərbaycan bir sıra beynəlxalq qurumlarda, sadəcə, üzv dövlət kimi təmsil olunmur, eyni zamanda, bir çox qərarların qəbulunda və icrasında yaxından iştirak edir. Eyni zamanda, dünyanın 120 ölkəsi arasında səmərəli əməkdaşlıq əlaqələrinin qurulmasında və inkişafında mühüm siyasi platforma olan Qoşulmama Hərəkatı, həmçinin quruma üzv dövlətlərlə əlaqələrin yüksələn xətlə inkişafı da reallıqlarımızda özünün aydın ifadəsini tapır.  Qoşulmama Hərəkatına üzvlükdən qısa müddət sonra Azərbaycanın quruma sədrlik etməsi üzv dövlətlərin ölkəmizə olan etimadının və Azərbaycanın beynəlxalq nüfuzunun artmasının, eləcə də respublikamızın qlobal səylərinin beynəlxalq ictimaiyyət tərəfindən dəstəklənməsinin parlaq nümunəsinə çevrildi. Qoşulmama Hərəkatının sədri kimi Azərbaycanın fəal surətdə çoxtərəfli diplomatiyanı təşviq etməsi dünya birliyi tərəfindən təqdir olundu. Azərbaycanın sədrliyinin koronavirus  pandemiyası dövrünə təsadüf etməsinə baxmayaraq, ölkəmiz çevik və səmərəli şəkildə öz sədrlik gündəliyini yeni reallığa uyğunlaşdırdı. Əlbəttə, bu prosesdə  Azərbaycan dövlətinin və Prezident İlham Əliyevin təşəbbüskarlığı, qətiyyəti və siyasi iradəsi  mühüm rol oynadı. Pandemiyanın misli görünməmiş fəsadları qarşısında dünya ölkələrinin əksəriyyətinin özünə qapandığı dövrdə Azərbaycan qlobal liderlik rolunu üzərinə götürdü, qlobal problemin öhdəsindən gəlmək üçün beynəlxalq həmrəyliyi və əməkdaşlığı təbliğ edən ilk ölkələrdən oldu. Ölkəmiz “peyvənd millətçiliyi”nə qarşı uğurla mübarizə apardı. Azərbaycanın təşəbbüsü ilə həm BMT Baş Assambleyasında, həm də BMT-nin İnsan Hüquqları Şurasında vaksinlərin ədalətli bölüşdürülməsinə dair qətnamələr qəbul edildi.

Azərbaycanın sədrliyinin ən böyük uğurlarından biri də Qoşulmama Hərəkatının təsisatlanması məsələsidir. Sədrliyimiz dönəmində Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi və Gənclər Təşkilatı təsis olundu. Bu günlərdə Qoşulmama Hərəkatı  Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında bir daha Azərbaycanın qurumun gələcəyi ilə bağlı qəbul etdiyi qərarlara, atdığı addımlara diqqət yönəldildi. Milli Məclisin sədri Sahibə Qafarova konfransdakı çıxışında  bildirib ki, ötən ilin aprel ayında Daşkənddə keçirilmiş sonuncu konfransdan sonra Qoşulmama Hərəkatının Parlament Şəbəkəsi fəaliyyət dairəsini genişləndirərək beynəlxalq rolunu daha da gücləndirib.  Sahibə Qafarova özünün Parlament Şəbəkəsinin sədri kimi xarici səfərləri, görüşləri və beynəlxalq konfranslardakı çıxışları zamanı təşkilatın rolunun və fəaliyyətinin təşviqinin daim prioritet təşkil etdiyini vurğulayıb. Qeyd edilib ki, 2025-ci ilin aprelindən bu günədək üzv ölkələrin parlament rəhbərləri və hökumət rəsmiləri, eləcə də beynəlxalq təşkilatların nümayəndələri ilə təxminən 35 görüş keçirilib. Bu görüşlərdə platformanın effektivliyinin daha da artırılması və qarşılıqlı faydalı əməkdaşlığın gücləndirilməsi məsələlərinə diqqət yetirilib.

Parlament Şəbəkəsinin İstanbulda keçirilən 5-ci Konfransında Bakıda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin qərargahının  yaradılması ilə bağlı qərar qəbul olundu. Ümumilikdə 50-yə yaxın ölkə və beynəlxalq təşkilatdan olan nümayəndə heyətlərindən 130-dək şəxsin iştirak etdiyi konfransda İstanbul Bəyannaməsi qəbul edilib. Bundan başqa, Ərəb Parlamentinə Parlament Şəbəkəsində müşahidəçi statusu da verildi.

 İstanbulda, həmçinin “Gələcək nəsillər naminə ümidin gücləndirilməsi, sülhün təmin edilməsi və ədalətin qorunması” mövzusuna həsr olunan Parlamentlərarası İttifaqının (PAİ) 152-ci Assambleyası keçirildi. Tədbirdə  parlamentlərin bu istiqamətdə fəaliyyətinin daha da gücləndirilməsi istiqamətində təşəbbüslər müzakirə olundu, əməkdaşlıq imkanları nəzərdən keçirildi. Parlamentlərarası İttifaqın (PAİ) 152-ci Assambleyası çərçivəsində Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri arasında ikitərəfli görüş də keçirildi. Görüşdə sədrlər iki cəmiyyət arasında etimadın daha da möhkəmləndirilməsi üçün konstruktiv parlament dialoqunun davam etdirilməsinin əhəmiyyətini vurğulayıblar.

Son iki gündə keçirilən tədbirlərin xronologiyasına diqqət yetirməklə hazırda yeni dünya nizamının formalaşdığı dövrdə hər bir ölkənin  müasir çağırışlara yanaşmalarının  önəmi aydın şəkildə özünü təsdiqləyir. Azərbaycan hər dövrün tələblərini yüksək səviyyədə yerinə yetirən, sülh, əməkdaşlıq çağırışlarını real addımlarında təsdiqləyən ölkə olaraq daim dünyanın diqqətindədir.  V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən “Dəyişən dünyada regional sahibliyin rolu” mövzusunda panel sessiyada da Azərbaycanın regionda liderliyi əsaslı şəkildə diqqətə çatdırıldı.

Yeganə Əliyeva, “İki sahil”