17 aprel 2026 19:56
124

Ümummilli Liderin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş "III Qida sənayesi və qida təhlükəsizliyi" Forumu keçirilib

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu (AQTİ) və Azərbaycan Texnologiya Universitetinin (ATU) birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünə həsr olunmuş “III Qida sənayesi və qida təhlükəsizliyi” Forumu keçirilib. 
“İki sahil” xəbər verir ki, tədbirdən əvvəl Ulu Öndərin Gəncə şəhərinin baş meydanında ucaldılan abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb. 
Gəncə şəhər Heydər Əliyev Mərkəzində baş tutan forum Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi, Ulu Öndər Heydər Əliyevin, eləcə də torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin əziz xatirəsinin yad edilməsilə açıq elan edilib.
ATU-nun rektoru Yaşar Ömərov tədbirdə giriş sözü ilə çıxış edərək forumun əhəmiyyətindən danışıb. O bildirib ki, ənənə halını alan və artıq üçüncü dəfə keçirilən forum ölkə əhəmiyyətli platforma kimi qida sənayesi və qida təhlükəsizliyi sahəsində mütəxəssisləri bir araya gətirir. Rektor vurğulayıb ki, aparılacaq müzakirələr sahənin inkişafına, elmi nəticələrin istehsalatda tətbiqinə və qida təhlükəsizliyinin təmin olunmasına mühüm töhfə verəcək.
Forumun rəsmi hissəsində Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədrinin müşaviri Seymur Mövlayev, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun İdarə heyətinin sədrinin müavini Elina Sulyayeva və digər rəsmilər çıxış edərək forumun əhəmiyyətindən danışıblar.
Qeyd olunub ki, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev müstəqil dövlətimizin qurucusu kimi öz dərin zəkası, uzaqgörənliyi və müdrik siyasi baxışı ilə yalnız dövlətçiliyimizin əsaslarını yaratmaqla kifayətlənməyib, eyni zamanda milli iqtisadi inkişaf modelinin möhkəm təməlini formalaşdırıb. Bu gün həmin strateji kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir və ölkəmizin sosial-iqtisadi inkişafı dayanıqlı şəkildə təmin olunur. Vurğulanıb ki, məhz bu inkişaf fonunda qida təhlükəsizliyi məsələləri daim diqqət mərkəzində saxlanılır, bu sahədə kompleks, risk əsaslı və sistemli tədbirlərin həyata keçirilməsi davam etdirilir. 
Tədbirin davamında qida sənayesi və qida təhlükəsizliyi ilə bağlı aktual məsələlərin müzakirə olunduğu iki panel sessiyası təşkil edilib. Panel çıxışlarında sahənin müasir çağırışları və inkişaf perspektivləri ətraflı şəkildə diqqətə çatdırılıb.
AQTA sədrinin müşaviri Seymur Mövlayev qida sənayesində HACCP prinsiplərinin tətbiqi, bu yanaşmanın istehsal prosesində risklərin minimuma endirilməsi və məhsul keyfiyyətinin yüksəldilməsində yaratdığı üstünlüklər barədə ətraflı məlumat verib. 
AQTİ-nin İdarə heyətinin sədrinin müavini Elina Sulyayeva çıxışında qida təhlükəsizliyinin təmin olunmasında müasir laboratoriya infrastrukturunun əhəmiyyətini vurğulayıb, bu sahədə innovativ yanaşmaların rolundan danışıb.  Panel müzakirələri çərçivəsində ağıllı istehsal konsepsiyaları, beynəlxalq keyfiyyət standartlarının tətbiqi, qlobal bazarda rəqabət imkanlarının genişləndirilməsi, həmçinin qida sənayesində keyfiyyət indikatorlarının formalaşdırılması kimi mühüm mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, forumda qida sənayesi sahəsini təmsil edən yerli və xarici ekspertlər, dövlət və özəl sektor nümayəndələri, müvafiq ixtisaslar üzrə təhsil alan tələbələr, eləcə də gənc müəllim və alimlər fəal iştirak ediblər.