Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən 5-ci Antalya Diplomatiya Forumu (ADF2026) təkcə qlobal məsələlərin müzakirə olunduğu beynəlxalq platforma kimi deyil, eyni zamanda Azərbaycan-Türkiyə qardaşlığının və strateji müttəfiqliyinin bir daha nümayiş olunduğu mühüm siyasi hadisə kimi diqqət çəkir. “Bir millət, iki dövlət” prinsipi əsasında qurulan və ildən-ilə daha da möhkəmlənən Azərbaycan-Türkiyə münasibətləri bu gün regionda sabitliyin, təhlükəsizliyin və inkişafın əsas dayaqlarından biri kimi çıxış edir. İki ölkə arasında yüksək səviyyəli siyasi dialoq, qarşılıqlı etimad və ortaq maraqlara söykənən əməkdaşlıq beynəlxalq platformalarda da özünü aydın şəkildə göstərir.
2021-ci ildə təsis edilən Antalya Diplomatiya Forumu qısa müddət ərzində qlobal diplomatiyanın aparıcı platformalarından birinə çevrilib. Azərbaycan isə ilk gündən bu təşəbbüsə siyasi və diplomatik dəstək verən ölkələrdən biri kimi çıxış edərək forumun inkişafına öz töhfəsini verib. Bu platforma balanslaşdırılmış, çoxvektorlu və milli maraqlara əsaslanan xarici siyasət kursunu prioritet seçən Azərbaycan üçün mövqeyini beynəlxalq müstəvidə sistemli şəkildə təqdim etmək baxımından mühüm alət rolunu oynayır.
Məhz bu strateji tərəfdaşlığın bariz nümunələrindən biri kimi forumda Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı xüsusi əhəmiyyət daşıyır. Dövlət başçısının Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə tədbirə qatılması iki qardaş ölkə arasında mövcud yüksək səviyyəli münasibətlərin növbəti təsdiqidir.
Forum çərçivəsində Prezident İlham Əliyevin keçirdiyi görüşlər və verdiyi mesajlar Azərbaycanın regional və qlobal proseslərdə artan rolunu bir daha nümayiş etdirir.
Rəsmi Bakı bu platforma vasitəsilə 2020-ci il müharibəsindən sonra regionda yaranmış yeni reallıqları, iqtisadi və nəqliyyat layihələrini, enerji təhlükəsizliyi məsələlərini və sülh gündəliyini beynəlxalq ictimaiyyətə çatdırmaq imkanı əldə edir. Forum çərçivəsində keçirilən çoxsaylı yüksəksəviyyəli görüşlər Azərbaycanın etibarlı tərəfdaş kimi mövqeyini daha da möhkəmləndirir.
Nəqliyyat, logistika və enerji sahələrində əməkdaşlığın genişlənməsi Azərbaycanın tranzit ölkə kimi rolunu gücləndirərək onu regional iqtisadi inteqrasiyanın əsas mərkəzlərindən birinə çevirir. Zəngəzur dəhlizi və digər bağlantı layihələri regionda yeni iqtisadi xəritənin formalaşmasına xidmət edən strateji amillər kimi təqdim olunur.
Forum çərçivəsində aparılan müzakirələr göstərir ki, müasir dünya sürətlə dəyişən, çoxqütblü yeni düzənə daxil olur. Mövcud qlobal sistem artıq çağırışlara tam cavab vermir və yeni əməkdaşlıq modellərinə ehtiyac yaranır. Bu kontekstdə Azərbaycanın rolu daha da artır. Enerji təhlükəsizliyi, nəqliyyat dəhlizləri və sülh təşəbbüsləri kimi istiqamətlərdə rəsmi Bakı yeni geosiyasi arxitekturanın formalaşmasına töhfə verir.
Belə ki, Antalya Diplomatiya Forumu bu gün artıq Davos Forumu və Münxen Təhlükəsizlik Konfransı kimi nüfuzlu qlobal platformalarla müqayisə edilə biləcək səviyyəyə yüksəlib. Azərbaycanın bu prosesdə ilk gündən fəal iştirakı isə ölkənin uzaqgörən və praqmatik xarici siyasət kursunun bariz göstəricisidir.
Bu gün Azərbaycan beynəlxalq münasibətlər sistemində yalnız iştirakçı deyil, eyni zamanda təşəbbüskar və formalaşdırıcı aktor kimi çıxış edir. Ermənistanla sülh prosesi, enerji və logistika layihələri, Türk dünyası ilə inteqrasiya və digər istiqamətlərdə atılan addımlar ölkəmizi həm Şərq, həm də Qərb üçün etibarlı və əvəzolunmaz tərəfdaşa çevirir.
Siyavuş Novruzov,
Milli Məclisin Regional məsələlər komitəsinin sədri