21 aprel 2026 09:11
210

Hər gün yuxudan yorğun oyanırsınızsa...

Son vaxtlarda “Bədənimin hər tərəfi ağrıyır”, “Səhərlər çətin oyanıram”, “Daim yorğunam” kimi şikayətlərlə həkimə müraciət edənlərin sayı artır. Həkimlərin sözlərinə görə, bu əlamətlər həyat keyfiyyətini ciddi şəkildə aşağı salan fibromialgiya ilə əlaqəli ola bilər.

Fizioterapiya və reabilitasiya üzrə türkiyəli mütəxəssis Ruhsan Cihanın sözlərinə görə, fibromialgiya xroniki ağrı sindromudur və əsasən bütün bədən üzrə yayılmış əzələ ağrıları, halsızlıq, yuxu pozuntuları və səhərlər yorğun olmaq kimi əlamətlərlə özünü göstərir. Bu xəstəlik gündəlik fəaliyyəti məhdudlaşdırır və əmək qabiliyyətinin azalmasına səbəb olur.

Məlumata görə, fibromialgiya ən çox 30-50 yaş aralığında rast gəlinir və xəstələrin 70-80 faizini qadınlar təşkil edir. Risk qrupuna romatoid artrit, infeksion xəstəliklər və depressiya kimi problemləri olan şəxslər daxildir. Bundan əlavə, xəstəlik yalnız ağrılarla məhdudlaşmır. Pasiyentlərdə baş ağrısı, həzm pozuntuları (dispepsiya), ürəkdöyünmə, ətraflarda keyimə, göz və ağız quruluğu kimi əlamətlər də müşahidə oluna bilər. Soyuq hava və mövsüm dəyişiklikləri isə bu şikayətlərin artmasına səbəb olur. Qeyd edək ki, fibromialgiya tez-tez depressiya ilə qarışdırılsa da, diaqnoz klinik əlamətlər və laborator müayinələr əsasında qoyulur.

Ruhsan Cihan qeyd edir ki, fibromialgiyanın müalicəsində vahid standart yanaşma yoxdur: “Müalicə proqramına dərman terapiyası ilə yanaşı, fiziki məşqlər, fizioterapiya və psixoloji dəstək daxil edilir. Xüsusilə müntəzəm fiziki aktivlik, o cümlədən açıq havada yürüşlər tövsiyə olunur.

Müalicənin effekt verməsində qidalanma da mühüm rol oynayır. Belə ki, şəkərli və emal olunmuş qidalar, kofeinli içkilər və bəzi qida əlavələri məhdudlaşdırılmalı, əvəzində omeqa-3 ilə zəngin məhsullar, tərəvəzlər və tam taxıllara üstünlük verilməlidir.”

Uzunmüddətli ağrı və yorğunluq hallarının diqqətdən kənarda qalmamasının vacibliyini vurğulayan mütəxəssis son olaraq bildirib ki, vaxtında diaqnoz və həyat tərzindəki düzgün dəyişikliklər ilə fibromialgiyanın təsirlərini azaltmaq mümkündür.

Şahnigar Əhmədova, “İki sahil”