22 aprel 2026 10:31
213

Nizami rayonunda Ulu Öndərin xatirəsinə həsr edilmiş futbol turniri keçirilib

Nizami Rayon İcra Hakimiyyətinin və Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının birgə təşkilatçılığı ilə Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü münasibətilə futbol turniri keçirilib.

“İki sahil” xəbər verir ki,  Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan turnirin açılış mərasimində Nizami Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Könül Həsənova, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Azərbaycan Texniki Universitetinin nəzdində Bakı Texniki Kollecinin direktoru Akif Cahangirov, veteran futbolçu, İspaniya “La liqası”nın bürünc medal mükafatçısı Vəli Qasımov, Milli Qəhrəman Yuri Kovalyovun qardaşı, keçmiş futbolçu Vitaliy Kovalyov, "Qarabağ" klubunun və Azərbaycan milli futbol komandasının müdafiəçisi Bəhlul Mustafazadə çıxış edib, ölkəmizdə idmana və idmançılara olan dövlət qayğısından danışıb, komandalara uğurlar arzu ediblər.

Sonra püşk atılıb və yarışa start verilib. Olimpiya sistemi üzrə keçirilən turnirdə 24 təhsil müəssisəsinin komandası iştirak edib. Beş gün davam edən turnirdə 229 saylı orta məktəbin komandası birinci yerin sahibi olub. İkinci və üçüncü yerləri isə müvafiq olaraq 242 və 272 saylı orta məktəblərin komandaları əldə ediblər.

Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayan qaliblərin mükafatlandırılması mərasimində isə Milli Məclisin Gənclər və idman komitəsinin sədr müavini Könül Nurullayeva, Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri Ramil Vəlibəyov, Nizami Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər sektorunun müavini Bəhmən Hüseynov, Keşlə Bələdiyyəsinin sədri Rəşad Babayev, Nizami Bələdiyyəsinin sədr müavini Heydər Rəhimov çıxış edərək, qalibləri təbrik ediblər.

Sonra qaliblərə diplomlar, medallar, hədiyyələr və kubok təqdim olunub.