23 aprel 2026 09:51
173

Azərbaycan üçün sülh artıq reallığa çevrilib

Regionda dayanıqlı sülhün, təhlükəsizliyin və və əməkdaşlığın bərəqərar olması üçün yeni imkanlar yaradan rəsmi Bakı İrəvanla münasibətlərin normallaşdırılması, sülh sazişinin imzalanması, kommunikasiyaların açılması, sərhədlərin delimitasiyası istiqamətində ciddi addımlar atır. 2025-ci ildən başalayaraq Azərbaycanın neft məhsulları ilə yüklənmiş yük qatarlarının, həm Rusiya, həm də Qazaxıstan taxılının ölkəmizin üzərindən Ermənistana çatdırılması iqtisadi əməkdaşlığın praktik nəticəsidir.

Ötən il avqustun 8-də Vaşinqtonda Azərbaycan və Ermənistan arasında sülh prosesi çərçivəsində əldə edilən razılaşmalar, tərəflərin sülh sazişinin mətnini paraflaması Cənubi Qafqazda yeni geosiyasi reallığın formalaşdığını nümayiş etdirdi. Bu reallığın əsas xüsusiyyətlərindən biri isə regionda sülh və əməkdaşlıq dövrünün başlamasıdır. Ağ Evdə Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan və ABŞ Prezidenti Donald Trampın iştirakı ilə keçirilən görüş Cənubi Qafqazda 30 il davam edən münaqişəyə son qoyulmasına dair Birgə Bəyannamənin imzalanması ilə nəticələndi. Bu, regionda davamlı sülh və sabitliyin bərqərar olması yolunda böyük addım oldu. Dövlətimizin başçısı Ağ Evdə keçirilən rəsmi mərasimdə bildirdi ki, Azərbaycan üçün sülh artıq reallığa çevrilib. 

2025-ci il Vaşinqton görüşündən sonra tərəflər arasında ticarət əlaqələri qurulub. Azərbaycan Ermənistana neft məhsulları göndərib və üçüncü ölkələrdən Azərbaycandan keçməklə Ermənistana taxıl və digər məhsullar yola salınıb. Ermənistana neft məhsullarının ixracı, yükdaşımalarla bağlı məhdudiyyətlərin aradan qaldırılması və s. Azərbaycanın sülhə sadiqliyini əməli fəaliyyəti ilə doğrultduğunu nümayiş etdirir.

Artıq iki ölkə arasında sülh və etimad mühitinin formalaşdırılması istiqamətində mühüm bir mərhələ başlayıb. Bakıda və İrəvanda Azərbaycan və Ermənistan vətəndaş cəmiyyəti nümayəndələrinin iştirakı ilə ikitərəfli dəyirmi masa keçirilməsi bu istiqamətdə adtılan mühüm addımlardan biridir.

2025-ci il oktyabrın 21-də Prezident İlham Əliyev Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev ilə mətbuata birgə bəyanatında bildirmişdi ki, Azərbaycan Ermənistana yük tranziti ilə bağlı işğaldan bəri mövcud olan bütün məhdudiyyətləri aradan qaldırıb. Ölkəmizin başçısı qeyd etmişdi ki, ilk belə tranzit yük Qazaxıstan taxılının Ermənistana daşıması olmuşdu. Son aylarda bu istiqamətdə yük daşımaları daha da intensivləşib. Aprelin 21-də Azərbaycandan Ermənistana dizel yanacağının tədarükü baş tutub. Belə ki, 974 ton dizel yanacağı yüklənmiş 16 ədəd vaqondan ibarət qatar “Azərbaycan Dəmir Yolları” QSC-nin Biləcəri stansiyasından Böyük Kəsik stansiyası istiqamətində yola salınıb. Yük Gürcüstan ərazisindən tranzit keçməklə Ermənistana çatdırılacaq.

Prezident İlham Əliyev aprelin 22-də ölkəmizdə rəsmi səfərdə olan Latviya Prezidenti Edqars Rinkeviçslə mətbuata birgə bəyanatında bildirib ki, Ağ Evdə Birgə Bəyannamənin imzalanmasından sonra bir çox irəliləyiş olub. Dövlət başçısı Azərbaycanla Ermənistan arasında artıq de-fakto sülhün olduğunu, hər iki ölkənin liderlərinin ötən il Ağ Evə dəvət edildiyini, Birgə Bəyannamənin imzalandığını, xarici işlər nazirləri tərəfindən sənədin paraflandığını diqqətə çatdırıb. Azərbaycanın və Ermənistanın vətəndaş cəmiyyətinin, media nümayəndələrinin qarşılıqlı səfərlərinin və görüşlərinin olduğunu diqqətə çatdıran dövlətimizin başçısı bunun normal mühitin bərqərar edilməsinə töhfə verdiyini vurğulayıb.

 Antalya Diplomatiya Forumu çərçivəsində Ermənistan ilə Azərbaycan arasında normallaşma prosesindən danışan Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov mətbuata açıqlamasında bildirib ki, 2025-ci ilin payızından etibarən Azərbaycan bir sıra praktiki addımlar atmağa başladı. Nazir qeyd edib ki, Ermənistanın müraciətləri əsasında üçüncü ölkələrdən yüklərin Azərbaycan ərazisindən tranzitinə icazə verildi. İlk belə müraciətlər Qazaxıstan və Rusiya Federasiyası tərəfindən daxil oldu və müsbət cavablandırıldı. Bununla yanaşı, enerji və digər iqtisadi sahələrdə də əməkdaşlıq elementləri formalaşmağa başladı.

Zahid Rza, “İki sahil”