23 aprel 2026 23:15
123

Ölkələri, xalqları birləşdirən qlobal enerji layihələri

Bu layihələr Azərbaycanı regional inkişafın aparıcı qüvvəsinə, dünyanın enerji təhlükəsizliyinin təminatçısına çevirib

Azərbaycan çoxtərəfli əməkdaşlığın başlanğıcı kimi dəyərləndirilən Cənub Qaz Dəhlizi vasitəsilə Avropanın enerji xəritəsini şaxələndirən mühüm tərəfdaşdır. Xüsusilə qlobal enerji böhranı fonunda imzalanmış memorandumlar Bakını qitənin enerji təhlükəsizliyinin əsas mərkəzlərindən birinə çevirib. Ölkəmiz Avropa İttifaqının əksər üzv dövlətləri ilə strateji tərəfdaşlıq haqqında sənədlər imzalayıb. Bu münasibətlər suverenlik, ərazi bütövlüyü və beynəlxalq hüququn prinsiplərinə qarşılıqlı hörmət əsasında qurularaq, regionda sabitliyin qorunmasına xidmət edir. Ölkəmizin Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfə onun dünyadakı nüfuzunu daha da artırıb.

2026-cı il martın 11-də Bakıda Prezident İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Antonio Koşta arasında keçirilmiş görüş Azərbaycan - Avropa İttifaqı münasibətlərinin yeni mərhələyə daxil olduğunu göstərən mühüm siyasi hadisə kimi qiymətləndirilir. Bu görüşdə enerji təhlükəsizliyi, regional sabitlik, nəqliyyat dəhlizlərinin inkişafı və iqtisadi əməkdaşlıq məsələləri geniş müzakirə olundu. Avropa İttifaqının yüksəksəviyyəli nümayəndələrinin Azərbaycana artan səfərləri də tərəflər arasında siyasi dialoqun dərinləşdiyini göstərir. Avropa Komissiyasının Prezidenti Ursula Fon der Lyayen də müxtəlif çıxışlarında Azərbaycanın Avropanın enerji təhlükəsizliyi siyasətində mühüm tərəfdaş olduğunu vurğulayıb. Onun sözlərinə görə, Avropa İttifaqı etibarlı enerji tərəfdaşları ilə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir və Azərbaycan bu baxımdan Avropa üçün strateji tərəfdaşlardan biridir.

Azərbaycanla iqtisadi əlaqələrin yaradılması və genişləndirilməsi məqsədi ilə bir sıra Avropa ölkələrinin rəhbərlərinin olkəmizə səfərləri baş tutur. Aprelin 22-də Avropa İttifaqına daxil olan növbəti ölkənin – Latviya Respublikasınin Prezidenti Edqars Rinkeviçs ölkəmizə rəsmi səfərə gəldi. Prezident İlham Əliyevlə tətbətək və geniş tərkibli görüşlərdən sonra Azərbaycanla Latviya arasında imzalanmış sənədlərin mübadiləsi mərasimi oldu. Mərasimdə iki ölkə rəhbərləri tərəfindən “Azərbaycan Respublikası Prezidentinin və Latviya Respublikası Prezidentinin Birgə Bəyanatı” qəbul edildi və Azərbaycan və Latviya arasında 5 mühüm sənəd mübadilə edildi. Mərasim zamanı Azərbaycan Prezidenti İlham Əliyev mətbuata bəyanatında bildirdi: “Əminəm ki, Latviya Prezidentinin bu səfəri ikitərəfli imkanlar üçün yaxşı fürsətlər yaradacaq”. Dövlətimizin başçısı latviyalı həmkarı ilə təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə ikitərəfli gündəliyin müxtəlif aspektlərini müzakirə etdiklərini, eyni zamanda, beynəlxalq məsələləri nəzərdən keçirdiklərini vurğuladı. Həmin gün hər iki dövlət başçısı, çoxsaylı nümayəndələrin iştirakı ilə Azərbaycan-Latviya biznes-forumu keçirildi. Forumda Azərbaycan və Latviyanın mövcud iqtisadi imkanları qeyd edilərək gələcək əməkdaşlıq planları ətraflı müzakirə edildi. Bildirildi ki, son illər ərzində Azərbaycanda ölkəni tamamilə neft və qazdan asılı olan bir dövlətdən öz iqtisadiyyatının şaxələndirilməsi prosesi ilə fəxr edə biləcək bir ölkəyə çevirmək üçün çox işlər görülüb. Son dörd-beş il ərzində ümumi daxili məhsulun sürətli artımı müşahidə edilib. ÜDM-də qeyri-neft sənayesinin payı 50 faizdən artaraq 70 faizi keçib və bu proses davam edir. Bu isə o deməkdir ki, iqtisadiyyatın şaxələndirilməsi artıq reallıqdır.

Azərbaycanda təbii qaz hasilatı artır, hasil edilən təbii qazın böyük hissəsi isə ixrac olunur. Hazırda Azərbaycanın xarici borcu ÜDM-in 6,1 faizinə bərabərdir. Ölkənin valyuta və qızıl ehtiyatları xarici borcu 18 dəfədən çox üstələyir. Hazırda ölkəmizin əlavə investisiyalara böyük ehtiyac vardır. Bu da ilk növbədə işğaldan azad edilmiş Qarabağ və Şərqi Zəngəzur ərazilərinin yenidən qurulmasına və bərpasına yönəldilib. Qeyd edilməlidir ki, son iyirmi il ərzində Azərbaycanın iqtisadiyyatına 350 milyard ABŞ dollarından çox investisiya qoyulub ki, bunun da təqribən yarısı – 170 milyard ABŞ dolları xarici mənbələrdən gələn investisiyalardır.

Qlobal enerji keçidi və iqlim dəyişikliklərinə qarşı mübarizə siyasəti fonunda bərpaolunan enerji mənbələrinin inkişafı dünya ölkələrinin əsas prioritetlərindən birinə çevrilib. Azərbaycanın bu sahədə həyata keçirdiyi strategiya ölkənin gələcək enerji siyasətinin mühüm istiqamətlərindən biridir. Xəzər dənizi regionu külək enerjisi potensialına görə dünyanın ən perspektivli ərazilərindən biri hesab olunur. Eyni zamanda, Azərbaycanın bir çox bölgələri Günəş enerjisi istehsalı üçün əlverişli iqlim şəraitinə malikdir. Bu potensialdan istifadə etməklə Azərbaycan gələcəkdə Avropaya yaşıl enerji ixrac edən ölkələrdən birinə çevrilməyi planlaşdırır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi: “Biz artıq böyük oyunçuların ciddi marağına səbəb olmuşuq. Bizim planımız, – hansı ki, təkcə niyyət deyil, həm də imzalanmış hüquqi qüvvəyə malik müqavilələrə əsaslanır, – 2032-ci ilə qədər 8 giqavatlıq Günəş, külək və hidroenerji gücünə malik olmaqdır və bu, tamamilə realdır. Biz elektrik enerjisi istehsalı üçün istifadə etdiyimiz təbii qazı böyük ölçüdə bərpaolunan enerji ilə əvəz edəcəyik. Bu isə hazırda beynəlxalq bazarlarda çox ehtiyac duyulan bir neçə milyard kubmetr qaza qənaət etməyimizə imkan verəcək”.

Qeyd edək ki, bu gün Avropa İttifaqının 10 üzvü Azərbaycandan təbii qaz alır. Azərbaycan təbii qazını alan ölkələrin ümumi sayı isə 16-dır və bu göstərici üzrə ölkəmiz dünyada birinci yerdədir.

Sevinc Azadi, “İki sahil”