Aprelin 28-də Azərbaycan Respublikası Səhiyyə Nazirliyi, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin birgə təşəbbüsü ilə akademik Zərifə Əliyevanın 103 illiyinə və Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin 80 illiyinə həsr olunmuş beynəlxalq elmi-praktik konfrans keçiriləcək.
“İki sahil” xəbər verir ki, Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Elmi-məlumat, Tədris və Təşkilati-Metodik bölməsindən verilən məlumata görə, ənənəvi xarakter daşıyan bu konfrans oftalmologiya sahəsində əldə olunan son elmi nailiyyətlərin və müasir tibbi texnologiyaların müzakirəsi, yerli və xarici mütəxəssislər arasında təcrübə mübadiləsinin aparılması üçün mühüm platformadır. Konfransın əsas məqsədi oftalmologiyanın aktual problemlərinin müzakirəsi, yeni diaqnostika və müalicə metodlarının təhlili, həmçinin gələcək inkişaf istiqamətlərinin müəyyənləşdirilməsidir.
Tədbirdə Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin həkimləri, ölkənin müxtəlif bölgələrindən olan oftalmoloqlar və alimlər elmi məruzələrlə çıxış edəcəklər. Bununla yanaşı, Rusiya, Türkiyə, İtaliya, Özbəkistan və digər ölkələrdən də tanınmış mütəxəssislər konfransda iştirak edərək öz təcrübələrini bölüşəcəklər.
Konfransında açılış nitqi ilə Azərbaycan Respublikasının səhiyyə naziri Teymur Musayev, daha sonra Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin direktoru, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədri, professor Elmar Qasımov, Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti, akademik İsa Həbibbəyli, Milli Məclisin Səhiyyə komitəsinin sədri, akademik Əhliman Əmiraslanov və Türk Cümhuriyyətləri Oftalmologiya Dərnəyinin fəxri prezidenti Sunay Duman çıxış edəcəklər.
Konfrans çərçivəsində Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzində Göz Bankının təntənəli açılışı da keçiriləcək.
Konfransda “Azərbaycanda keratoplastika xidmətlərinin inkişafında Milli Göz Bankının rolu”, “Qaranlıqdan işığa – bir baxışın hədiyyəsi: potensial donordan buynuz qişa transplantasiyasına qədər uğurlu yol və perspektivlər”, “Mən nə üçün donor olmaq istəyirəm?”, “Dəlib-keçən və təbəqəli keratoplastika: göstərişlər və uzaq nəticələr”, “Dərin ön lamellyar keratoplastikadan sonra gözyaşı pərdəsində iltihabi və iltihabəleyhinə sitokinlərin qiymətləndirilməsi”, eləcə də Vito Romano (onlayn) tərəfindən təqdim olunacaq “Endotelial keratoplastikada optimal nəticələrin biomarkerləri” və digər mövzular müzakirə ediləcək. Həmin mövzular həm nəzəri biliklərin, həm də praktik təcrübənin təqdim olunmasına imkan yaradacaq, elmi diskussiyalar isə oftalmologiya sahəsində yeni yanaşmaların formalaşmasına töhfə verəcək.
Qeyd edək ki, Azərbaycanın görkəmli oftalmoloq-alimi, akademik Zərifə Əliyeva oftalmologiya sahəsində müstəsna xidmətləri ilə yadda qalıb. Onun elmi fəaliyyəti yalnız ölkə daxilində deyil, beynəlxalq aləmdə də yüksək qiymətləndirilib. Akademik Zərifə Əliyeva Azərbaycanda bir zamanlar geniş yayılmış traxomanın tədqiqi və aradan qaldırılması, eləcə də peşə ilə bağlı göz xəstəliklərinin profilaktikası və müalicəsi sahəsində mühüm elmi nailiyyətlər əldə edib.
Akademik Zərifə xanım Əliyeva “Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri”, “Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri”, “İridodiaqnostika”, “Şəkərli diabet zamanı gözün patologiyası”, “Oftalmologiyanın aktual problemləri” kimi fundamental əsərlərin müəllifidir. Ümumilikdə 150-dən çox elmi işin, 14 monoqrafiyanın və 12 səmərələşdirici təklifin müəllifi olan akademik Zərifə xanım Əliyeva Azərbaycan tibb elminə əvəzolunmaz töhfələr verib.