23 aprel 2026 22:48
125

BDU və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında anlaşma memorandumu imzalanıb

Bakı Dövlət Universiteti (BDU) və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzi arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

“İki sahil” xəbər verir ki, memorandumu BDU-nun rektoru Elçin Babayev və İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov imzalayıblar. Mərasimdə çıxış edən rektor Elçin Babayev bildirib ki, Universitetdə son illərdə əmək bazarına uyğun yüksəkixtisaslı mütəxəssislərin hazırlanması, məşğulluq, insan kapitalının inkişafı və peşə bacarıqlarının gücləndirilməsi istiqamətində mühüm addımlar atılır. BDU ölkənin aparıcı ali təhsil müəssisəsi kimi tələbələrin praktiki bilik və bacarıqlarının artırılması, eləcə də beynəlxalq əməkdaşlığın genişləndirilməsi sahəsində ardıcıl fəaliyyət göstərir. Universitetdə bu istiqamətdə müxtəlif təlim proqramları, tədqiqat layihələri və beynəlxalq tərəfdaşlıqlar həyata keçirilir.

Rektor imzalanan memorandumun tərəflər arasında əməkdaşlığın inkişafına, xüsusilə əmək bazarının tələblərinə uyğun kadr hazırlığının gücləndirilməsinə, birgə elmi-tədqiqat işlərinin, təlimlərin, konfransların və layihələrin həyata keçirilməsinə mühüm töhfə verəcəyinə əminliyini ifadə edib. O, xüsusilə mülki hüquq, əmək hüququ və sosial iş istiqamətlərində birgə əməkdaşlığın faydalı olacağını bildirib.

İslam Əməkdaşlıq Təşkilatının Əmək Mərkəzinin Baş direktoru Azər Bayramov çıxışında rəhbərlik etdiyi qurumun əsas missiyasının üzv ölkələrdə məşğulluq siyasətinin təkmilləşdirilməsi, dayanıqlı əmək bazarının formalaşdırılması və insan kapitalının inkişafına dəstək vermək olduğunu diqqətə çatdırıb. O qeyd edib ki, Mərkəz üzv dövlətlərlə sıx əməkdaşlıq çərçivəsində əmək bazarının təhlili, peşə hazırlığı və ixtisasartırma proqramlarının təşkili, gənclərin məşğulluğunun artırılması, eləcə də innovativ məşğulluq həllərinin təşviqi istiqamətində müxtəlif layihələr həyata keçirir.

Azər Bayramov Mərkəzin regional və beynəlxalq tərəfdaşlarla birgə təşəbbüslər vasitəsilə bilik və təcrübə mübadiləsinə xüsusi önəm verdiyini vurğulayaraq, BDU ilə əməkdaşlığın təhsil və əmək bazarı arasında körpü rolunu daha da gücləndirəcəyini, birgə tədqiqat, təlim və inkişaf proqramlarının həyata keçirilməsi üçün geniş imkanlar yaradacağını bildirib.