Kaya Kallas Avropa İttifaqının Rusiyaya qarşı növbəti sanksiyalar paketi üzərində işləməyə başladığını açıqlayıb. Onun sözlərinə görə, Avropa İttifaqı 21-ci sanksiya paketinin hazırlanmasına 20-ci paket qəbul edildikdən dərhal sonra start verib.
“İki sahil” xəbər verir ki, bu barədə "Kommersant" məlumat yayıb.

Kallas bu barədə Kiprdə keçirilən Avropa ölkələri liderlərinin qeyri-rəsmi sammiti öncəsi jurnalistlərə verdiyi açıqlamada danışıb. O qeyd edib ki, Aİ Rusiyaya qarşı təzyiq siyasətini davam etdirir və sanksiya mexanizmlərini mərhələli şəkildə genişləndirir.
Diplomat vurğulayıb ki, yeni məhdudiyyətlər paketi üzərində işin bu qədər tez başlanması Brüsselin mövcud siyasət kursunu qorumaqda qətiyyətli olduğunu göstərir. Onun fikrincə, sanksiyalar Aİ-nin xarici siyasətində əsas alətlərdən biri olaraq qalır.
Qeyd edək ki, Avropa İttifaqı indiyədək Rusiyaya qarşı bir sıra sanksiya paketləri qəbul edib. Bu tədbirlər əsasən maliyyə, enerji, texnologiya və digər strateji sahələri əhatə edir.
Yeni paket üzərində işin başlanması isə Rusiya ilə münasibətlərdə gərginliyin davam etdiyini və yaxın gələcəkdə əlavə məhdudiyyətlərin tətbiq oluna biləcəyini göstərir.