24 aprel 2026 09:50
202

Azərbaycan-Latviya münasibətləri: dayanıqlı inkişaf və strateji məqsədlər

Latviya Respublikasının Prezidenti Edqars Rinkeviçsin Azərbaycana səfəri iki ölkə arasında münasibətlərin uğurla inkişafı baxımından mühüm mərhələ hesab edilir. Azərbaycan Prezidenti İlham Əliyevlə Latviya Prezidenti arasında baş tutan görüş, müzakirə olunan məsələlər də mühüm əhəmiyyət kəsb edir. Bu gün Azərbaycanla Latviya arasında mövcud olan siyasi, iqtisadi və humanitar əməkdaşlıq əlaəqlərin uğurla inkişafından xəbər verir.

“İki sahil” xəbər verir ki, bu fikirləri YAP Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.

O qeyd edib ki, Latviya ilə Azərbaycan arasında diplomatik münasibətlər qarşılıqlı hörmət, etimad və ortaq maraqlara əsaslanaraq dinamik şəkildə inkişaf etməkdədir: “Sözsüz ki, bu səfər həmin əlaqələrin strateji məzmununun dərinləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir. Səfər çərçivəsində dövlət başçıları arasında keçirilən yüksək səviyyəli görüşlərdə ikitərəfli gündəliyin əsas istiqamətləri ətraflı şəkildə müzakirə olundu. Təkbətək və geniş tərkibdə aparılan danışıqlarda siyasi dialoqun intensivləşdirilməsi, parlamentlərarası əməkdaşlığın genişləndirilməsi, həmçinin müxtəlif sahələr üzrə institusional əlaqələrin gücləndirilməsi məsələləri ön plana çəkilib. Tərəflər beynəlxalq hüququn norma və prinsiplərinə sadiqliyini bir daha vurğulamış, suverenlik, ərazi bütövlüyü və dövlətlərin daxili işlərinə qarışmamaq prinsiplərinin vacibliyini qeyd etmişlər.

Səfər çərçivəsində həmçinin iqtisadi əməkdaşlıq məsələləri danışıqların əsas prioritet istiqamətlərindən biri olub. Bu kontekstdə ticarət dövriyyəsinin artırılması, investisiya mühitinin yaxşılaşdırılması və işgüzar dairələr arasında əlaqələrin genişləndirilməsi xüsusi diqqət mərkəzində saxlanılıb. Tərəflər nəqliyyat və logistika sahəsində mövcud potensialın səmərəli istifadəsinin vacibliyini qeyd etmiş, Azərbaycanın tranzit imkanlarının Avropa ilə Asiya arasında körpü rolunu daha da gücləndirdiyini vurğulamışlar. Bu baxımdan, Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu çərçivəsində əməkdaşlıq perspektivləri də ətraflı müzakirə olunub”.

Deputat bildirib ki, enerji sahəsində əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir: “Azərbaycanın Avropanın enerji təhlükəsizliyində oynadığı mühüm rol qeyd olunub, enerji mənbələrinin şaxələndirilməsi istiqamətində həyata keçirilən layihələrin əhəmiyyəti vurğulanıb. Bu çərçivədə Avropa İttifaqı ilə əməkdaşlıq imkanları və Latviya ilə enerji sahəsində qarşılıqlı fəaliyyətin genişləndirilməsi məsələləri müzakirə olunub. Eyni zamanda, yaşıl enerji, bərpa olunan enerji mənbələri və enerji səmərəliliyi sahəsində təcrübə mübadiləsinin aparılması barədə razılıq əldə edilib.

Həminin humanitar və mədəni sahələrdə əməkdaşlıq da diqqətdən kənarda qalmayıb. Təhsil, elm, mədəniyyət və turizm sahələrində birgə layihələrin həyata keçirilməsi, tələbə mübadiləsi proqramlarının genişləndirilməsi və mədəni irsin təşviqi istiqamətində əməkdaşlığın artırılması qərara alınıb. Bu istiqamətdə tərəflər xalqlar arasında qarşılıqlı anlaşmanın və dostluq münasibətlərinin möhkəmləndirilməsinin vacibliyi önə çəkilib”.

Sevinc Hüseynova hesab edir ki, Latviya prezidentinin səfər çərçivəsində eyni zamanda bir sıra mühüm sənədlərin imzalanması iki ölkə arasında əməkdaşlığın hüquqi bazasının daha da gücləndirilməsinə xidmət edib: “Bu sənədlər müxtəlif sahələrdə əməkdaşlığın konkret mexanizmlərini müəyyən edir və gələcək fəaliyyət üçün yol xəritəsi rolunu oynayır. Bununla yanaşı, beynəlxalq və regional məsələlərə dair fikir mübadiləsi aparılıb, tərəflər qlobal çağırışlar, təhlükəsizlik məsələləri və regional sabitliyin təmin olunması istiqamətində əməkdaşlığın əhəmiyyətini qeyd etmişlər. Birləşmiş Millətlər Təşkilatı və digər beynəlxalq qurumlar çərçivəsində qarşılıqlı dəstəyin davam etdirilməsi razılaşdırılıb.

Ümumilikdə, Latviya Azərbaycana rəsmi səfəri ikitərəfli münasibətlərin inkişafına yeni təkan verən, əməkdaşlığın müxtəlif istiqamətlər üzrə genişlənməsinə zəmin yaradan və tərəflər arasında strateji tərəfdaşlığın möhkəmləndirilməsinə xidmət edən əlamətdar siyasi hadisə kimi dəyərləndirilir. Bu səfərin nəticələrinin yaxın perspektivdə konkret layihələr və təşəbbüslər şəklində özünü göstərəcəyi gözlənilir”.