24 aprel 2026 13:19
155

Avropa Ukraynanın Aİ-yə üzvlük danışıqlarına ehtiyatla yanaşır - "Le Monde"

Avropa ölkələri Ukraynanın Avropa İttifaqı üzvlüyü ilə bağlı danışıqlara başlamaq məsələsində hələ də ehtiyatlı mövqe tutur. Buna səbəb kimi isə bir sıra həll olunmamış problemlər, o cümlədən korrupsiya göstərilir.

“İki sahil” xəbər verir ki, bu barədə Fransanın "Le Monde" qəzeti məlumat yayıb.

Məlumata görə, Ukraynaya 90 milyard avro həcmində maliyyə yardımının ayrılması ilə bağlı qərardan sonra Avropa liderləri Kiprin Ayya-Napa şəhərində qeyri-rəsmi sammit üçün bir araya gəliblər. Görüş zamanı Ukraynanın Aİ-yə üzvlük perspektivləri də müzakirə olunub.

Nəşr qeyd edir ki, Avropa ölkələri danışıqların başlanmasına tələsmir və Ukraynaya bu prosesdə hər hansı güzəşt və ya sürətləndirilmiş prosedurlar təqdim etmək niyyətində deyil. Bu isə göstərir ki, Brüssel Kiyevin üzvlük yolunda bütün standart tələblərə cavab verməsini gözləyir.

Avropa dövlətlərini və onların cəmiyyətlərinin bir hissəsini narahat edən əsas məqamlar arasında Ukraynanın böyük ərazisi, güclü kənd təsərrüfatı sektoru, genişmiqyaslı ordusu və müdafiə sənayesi yer alır.