Nadir Azəri: Paşinyan və onun komandası Ermənistan cəmiyyətində kök salmış radikal, revanşist və düşmənçilik meyillərini aradan qaldırmaq üçün hələ uzun yol keçməlidir
Hazırda Ermənistanla Azərbaycan arasında sülh müqaviləsinin imzalanması istiqamətində müzakirələr davam edir. Bu çərçivədə ictimai sektor nümayəndələri arasında qarşılıqlı səfərlər həyata keçirilib. Azərbaycan tərəfi sülhə sadiqliyini və konstruktiv mövqeyini nümayiş etdirərək Ermənistana humanitar jestlər də edib. Eyni zamanda, Türkiyə də Ermənistanla münasibətlərin normallaşması istiqamətində atılan addımlara adekvat və müsbət reaksiya verir. Bütün bu proseslər müəyyən ümidlər yaratsa da, aprelin 21-də İrəvanda baş verən hadisələr ciddi suallar doğurur və narahatlıq yaradır.

Bu fikirləri “İki sahil”ə açıqlamasında “Orta Asiya və Güney Qafqaz Söz Azadlığı Şəbəkəsi” (CASCFEN) İctimai Birliyinin sədri, siyasi şərhçi Nadir Azəri deyib.
Nikol Paşinyanın üzərinə kifayət qədər
çətin və məsuliyyətli vəzifə düşür
O, qeyd edib ki, qondarma “erməni soyqırımı” bəhanəsi ilə Türkiyə bayrağının yandırılması Ermənistan cəmiyyətində hələ də təhlükəli tendensiyaların mövcud olduğunu göstərir: “Bu cür addımlar Ermənistanda revanşist və radikal düşüncənin tam aradan qalxmadığını açıq şəkildə nümayiş etdirir”.
Onun fikrincə, bundan sonrakı mərhələdə əsas məsuliyyət məhz Nikol Paşinyan və komandasının üzərinə düşür: “Görünən odur ki, Baş nazir və onun komandası Ermənistan cəmiyyətində kök salmış radikal, revanşist və düşmənçilik meyillərini aradan qaldırmaq üçün hələ uzun yol keçməlidir. Əgər onlar növbəti seçkilərdə də qalib gələcəklərsə, seçkidən sonra ilk növbədə cəmiyyəti bu zərərli ideologiyalardan uzaqlaşdırmaq üçün ciddi və sistemli addımlar atmalıdırlar. Hesab edirəm ki, bu istiqamətdə ən vacib addımlardan biri hüququn aliliyinin təmin olunmasıdır və əslində, bayrağı yandıranlara qarşı hüquqi baxımdan indi də addım atılmalıdır. Dövlət rəmzlərinə qarşı təhqiramiz hərəkətlərə yol verən şəxslər qanun qarşısında cavab verməlidir. Bu, həm daxili sabitlik, həm də regionda etimad mühitinin formalaşması üçün vacib şərtdir”.
Nadir Azəri sonda Ermənistan cəmiyyətinə də müraciət edərək deyib ki, tarix boyu müxtəlif qüvvələr erməni xalqından öz qaranlıq məqsədləri üçün istifadə edib. Bu gün isə Ermənistan üçün yeni bir fürsət yaranıb. Bu fürsət regionda sülhə və əməkdaşlığa əsaslanan yeni münasibətlər sisteminin qurulmasıdır. Sadə vətəndaşlar bu prosesi dəstəkləməlidir. Əks halda, nifrət ritorikası və təxribat xarakterli addımlar Ermənistanın gələcəyini təhlükə altına sala bilər.