Hindistandakı pələng qoruqlarında safari zamanı mobil telefonlara tam qadağa tətbiq edildiyi bir dövrdə, vəhşi təbiətə turist kimi davranışlarımızı yenidən nəzərdən keçirməliyikmi?
Hindistanda günəş şüaları ilə işıqlanan meşədə cipdə irəliləyirsiniz və qəfil qarşınıza möhtəşəm bir pələng çıxır. Dərhal telefonunuza uzanır, həm heyrət dolu üzünüzü, həm də bu əzəmətli heyvanı eyni kadra sığdırmağa çalışırsınız. Buradakı uğur yırtıcı uzaqlaşmadan əvvəl şəkli çəkməyinizdir.
Belə bir anı lentə almaq səyahət xəyallarının zirvəsidir. Lakin Hindistan Ali Məhkəməsinin qərarı sayəsində bu səhnə artıq Hindistan meşələrində tez-tez görülməyəcək. Qəbul edilən qərara əsasən, ölkənin bəzi pələng qoruqlarının əsas turizm zonalarında mobil telefonların istifadəsi qadağan edilib. Səbəb isə bu cihazların və turistlərin onlardan istifadə edərkən göstərdiyi davranışların həm insanlar, həm də vəhşi təbiət üçün təhlükəli hesab olunmasıdır.
Bu ilin fevralında yayılan şok video vəziyyətin nə qədər ciddi olduğunu göstərdi. Kadrlarda Rantambor Milli Parkı ərazisində vəhşi bir pələng bir neçə safari maşını tərəfindən mühasirəyə alınır və meşəyə qayıtmaq üçün onların arasından keçməyə məcbur olur. Bir neçə metr aralıda isə turistlər şəkil çəkir və qışqırırlar. Pələngin sıxılmış və stress altında olduğu aydın görünür. Hindistanda “safari tıxacları” adlandırılan bu cür vəziyyətlər getdikcə daha çox yayılır.
Bu qərar, turistlərin artıq yalnız vəhşi heyvanları görməklə kifayətlənməyib, eyni zamanda özlərini də həmin anın içində sənədləşdirmək istəmələri probleminin getdikcə artmasına verilən bir cavab kimi qiymətləndirilir.
Hindistanda pələng safariləri üçün yeni qaydalar:
• Ziyarətçilər artıq pələng qoruğuna daxil olmamışdan əvvəl mobil telefonlarını xüsusi qutuya qoymalı və ya səssiz rejimə keçirib çantada saxlamalıdır. Qərara əsasən, əsas yaşayış zonalarında telefon istifadəsinə icazə verilmir.
• Pələng qoruqlarında yollar gün batımından gün doğumuna qədər yalnız fövqəladə hallar istisna olmaqla istifadə edilə bilməz.
• Qoruqların ətrafındakı ərazilərdə tikinti və inkişaf fəaliyyətlərinə məhdudiyyətlər tətbiq edilir.
Hindistanlı jurnalist Çarukesi Ramadurainin sözlərinə görə, “insanlar heyvanlarla şəkil çəkmək üçün çox ehtiyatsız davranmağa başlayıblar. Telefonun düşməsi və bələdçilərin onu götürmək üçün cipdən düşməsi kimi hallar baş verir”. O, əlavə edib: “Bir hadisədə ana selfi çəkərkən uşaq itələnərək cipdən düşmüşdü. Bələdçi dərhal tullanıb uşağı götürmüşdü – pələng isə bir neçə metr aralıda idi”.
Selfisiz zona
Hindistan dünyada vəhşi pələng populyasiyasının təxminən 75%-nə – yəni 3600-dən çox vəhşi Benqal pələnginə ev sahibliyi edir. Onların əksəriyyəti ölkədəki 58 rəsmi qoruqda, o cümlədən Rantambor Milli Parkı və Cim Korbett Milli Parkı kimi ərazilərdə yaşayır. Benqal pələngi hələ də nəsli kəsilməkdə olan növ hesab edilsə də, Hindistanda aparılan mühafizə tədbirləri nəticəsində onların sayı 2010–2022-ci illər arasında iki dəfə artıb.
Lakin bu artım eyni zamanda vəhşi təbiətə hörmət və heyvanların təhlükəli ola biləcəyi dərk edilmədən pələng safarilərinə marağın yüksəlməsinə səbəb olub. Son beş il ərzində Hindistanda pələnglərin səbəb olduğu 418 təsadüfi ölüm hadisəsi qeydə alınıb.
Nature Safari India şirkətinin baş direktoru Şərad Kumar Vatsın sözlərinə görə, mobil telefonlar safari davranışlarına hər səviyyədə təsir göstərib. Onun bildirdiyinə görə, sürücülərin WhatsApp vasitəsilə bir-biri ilə əlaqə saxlaması heyvanların görüldüyü yerlərin daha tez paylaşılmasına səbəb olur və bu da “safari tıxacları”nın yaranma ehtimalını artırır. Geolokasiya ilə paylaşılan sosial media postları isə əlavə problem yaradır.
“İnsanlar şəkillərini geotag etdikdə, müəyyən yerlər – məsələn, balaları olan pələngin su içdiyi məkan – hamıya məlum olur və hamı ora axışır”, – deyə o bildirib. “Halbuki bu cür ərazilər mümkün qədər toxunulmaz saxlanmalıdır. Məsafə qorunmalıdır və mobil telefonlar bu məsələdə problemə çevrilmişdi.”
Vatsın fikrincə, əsas prioritet pələnglər olmalıdır: “Əgər biz onlara qarşı həssas davranmasaq, onlar yox olacaq. Pələng olmazsa, pələng turizmi də olmaz.”
Mühafizə hər şeydən öncə gəlir
Ali Məhkəmənin yeni qərarı gecə safarilərini də qadağan edib, çünki bu fəaliyyətlər pələngləri narahat edir. Eyni zamanda qoruqların ətraf ərazilərində tikinti və inkişaf fəaliyyətləri məhdudlaşdırılıb. Qərar davamlı turizmi ön plana çıxarır, yerli icmaların idarə etdiyi qonaq evlərini dəstəkləyir və kütləvi turizmə bənzər fəaliyyətləri arxa plana keçirir. Turizm operatorlarına bu qaydaları tətbiq etmək üçün 3–6 ay vaxt verilib. Əsas təsirin isə musson mövsümündən sonra qoruqlar yenidən açıldıqda daha aydın görünəcəyi gözlənilir.
Mumbayda fəaliyyət göstərən davamlı turizm üzrə məsləhətçi Ritu Maxijanın sözlərinə görə, bu dəyişikliklər turizm sənayesindən tam uyğunlaşma tələb edir:
“Prinsip sadə və zəruridir: mühafizə hər şeydən əvvəl gəlir. Operatorlar yalnız pələnglərin müşahidəsinə yönəlmiş yanaşmadan uzaqlaşıb, yaxşı təşkil olunmuş gündüz təcrübələri təqdim etməlidir. Qonaq evləri ekoloji standartlara tam uyğunlaşmalı və aşağı təsirli infrastruktur qurmalıdır. Tur planlaşdıranlar isə turist gözləntilərini daha yavaş və daha dərindən vəhşi təbiət təcrübələrinə yönəltməlidirlər.”
Qlobal dəyişiklik çağırışı
Hindistan vəhşi təbiət turizmi qaydalarını sərtləşdirən yeganə ölkə deyil .
Etik bir safarini necə etmək olar?
• Tur operatorlarından soruşun ki, onların Global Sustainable Tourism Council (Qlobal Davamlı Turizm Şurasının) və ya hər hansı milli və beynəlxalq turizm qurumu tərəfindən verilmiş rəsmi sertifikatı varmı.
• Öz proqramları çərçivəsində və ya xeyriyyə ianələri vasitəsilə təbiətin mühafizəsi ilə əlaqəli olan safari turlarına üstünlük verin.
• Bələdçilərin və heyətin yerli icmadan olub-olmadığını öyrənin. Bələdçilər ərazinin vəhşi təbiəti və onun qorunması ilə bağlı məlumatlı olmalıdır. Yerli sakinlərə məxsus və onlar tərəfindən idarə olunan qonaq evlərində qalmaq gəlirin yenidən həmin icmaya qayıtmasına kömək edir.
Ötən il wildebeest (gnu, çöl antilopu) miqrasiyası zamanı çəkilmiş narahatedici videogörüntülərdən sonra – turistlərin köç edən heyvanların yolunu kəsməsi fonunda – Keniyanın Turizm və Vəhşi Təbiət Nazirliyi tur operatorları üçün yeni davranış qaydaları təqdim edib. Bu qaydalara əməl etməyənləri intizam və ya hüquqi məsuliyyət gözləyir.
Svalbard ərazisində də qütb ayılarını izləmə ilə bağlı yeni tənzimləmələr qüvvəyə minib. Qaydalara əsasən, turist gəmiləri mövsümdən asılı olaraq bu yırtıcılardan 300–500 metr məsafə saxlamalıdır.
Sri Lanka-da isə milli parklarda həddindən artıq sıxlıq yerli tur operatorlarını hökumətdən daha güclü müdaxilə və daha yaxşı tənzimləmə tələb etməyə vadar edib. Bütün bunlar göstərir ki, vəhşi təbiət turizmində ciddi dəyişikliklərə ehtiyac var. Məqsəd isə turizm ilə mühafizə arasında daha sağlam balans qurmaqdır. Hindistan turizm sektoru ümumilikdə bu dəyişiklikləri müsbət qarşılasa da, ölkənin yanaşmasının kifayət qədər olub-olmaması və bəzi tədbirlərin daha diqqətlə işlənməsinin lazım gəlib-gəlmədiyi ilə bağlı suallar qalmaqdadır.
Keniyada fəaliyyət göstərən özəl safari bələdçisi Zarek Kokar hesab edir ki, problem yalnız mobil telefonlar və fərdi davranışlarla məhdudlaşmır, həm də safaridən gözləntilərin yenidən müəyyənləşdirilməsini tələb edir.
“Böyük obyektivlərlə daha yaxşı bucaq əldə etmək üçün yerə enməyə çalışan fotoqraflar bəzən sakitcə telefonla şəkil çəkən insanlardan daha böyük problem yaradır”, – deyə o bildirib. “Əsas məsələ çox vaxt əvvəlcədən düzgün gözləntilərin formalaşdırılmamasıdır. Əgər turistlər gələndə vəhşi təbiətlə qarşılaşmanın daha da yaxınlaşmaq və ya nəyin bahasına olursa-olsun dramatik kadr əldə etmək demək olduğuna inanırlarsa, bələdçi böyük təzyiq altında qalır.”
Kokar turistlərin bu unikal təbiət məkanlarının qorunmasında öz rollarını anlamalarının vacibliyini vurğulayır. Onun fikrincə, aydın qaydalar və hətta məsuliyyət öhdəliyi bu anlayışı gücləndirə bilər.
Hindistanda isə təcrübəli safari turisti Praçi Coşi də safarinin mahiyyətinə yenidən baxılmasının tərəfdarıdır. O deyir: “Məncə turistlər yalnız pələng görməyə fokuslanmaqdan imtina etməli, bunun əvəzinə daha geniş ekosistemi – müxtəlif landşaftları, zəngin quş aləmini və meşəni xüsusi edən təbii anları qiymətləndirməlidirlər.”
Bu isə daha az “zəmanətli” heyvan müşahidələri və turistlər üçün daha sərt qaydalar demək ola bilər. Lakin bəlkə də əsas məqam elə budur: safarinin dəyəri ideal şəkli çəkməkdə deyil, ümumiyyətlə orada olmaqdadır.
Aytən Feyzili,
BSU-nun tələbəsi