24 aprel 2026 17:30
117

Həyatı, elmi-ictimai fəaliyyəti hər kəsə örnək olan Azərbaycan qadını

Dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş böyük oftalmoloq-alim Zərifə xanım Əliyeva XX əsr Azərbaycan tarixinin görkəmli simalarındandır.  O, vətənin başını daim ucaldan, geniş dünyagörüşünə malik görkəmli ictimai elm xadimi, istedadlı həkim və müəllim, əvəzsiz ziyalı olmuşdur. Zərifə xanımın fitri istedada malik novator alim, pak və nadir bir insan kimi yaşadığı dərin mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim, həkim üçün həyat və mənəviyyat dərsi, kamillik, müdriklik məktəbidir. Zərifə xanım Əliyevanın zəngin irsi, tibbin müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir.

Zərifə xanım Əliyeva mənalı və zəngin ömür yolu keçmiş, elmi nailiyyətləri, pedaqoji fəaliyyəti, ictimai mövqeyi ilə daim örnək olmuşdur. Onun xarakterinə xas olan səmimilik, alicənablıq, tələbkarlıq, xalqına və vətəninə sonsuz məhəbbət kimi keyfiyyətlər onu təkcə görkəmli bir alim deyil, həm də yüksək mənəviyyat sahibi kimi tanıtmışdır. 

Zərifə xanım Əliyeva Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir. O, vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın dünya təcrübəsində birincilər sırasında peşə, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair çox dəyərli tədqiqatların, o cümlədən “Terapevtik oftalmologiya”, “İridodiaqnostikanın əsasları” kimi nadir elmi əsərlərin müəlliflərindən biri, 150-yə yaxın elmi əsərin, dərslik və dərs vəsaitlə­ri­nin, 12 monoqrafiyanın, 1 ixtira və 12 səmərələşdirici təklifin müəllifi olmuşdur.

Akademik Zərifə Əliyeva həm də görkəmli ictimai xadim idi. O, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin, keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin, “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Zərifə Əliyeva bir sıra orden və medallara, Azərbaycanın Əməkdar elm xadimi fəxri adına layiq görülmüşdü.

Oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə 1981-ci ildə ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görülmüş ilk qadın idi.

Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Zərifə xanım Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdi.

Zərifə Əliyevanın çoxşaxəli fəaliyyətinin ən mühüm istiqamətlərindən birini pedaqogika sahəsi təşkil edib. Azərbaycan Həkimləri Təkmilləşdirmə İnstitutunun professoru, Oftalmologiya kafedrasının müdiri kimi, o, yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib, həkimlərin biliyinin artırılması üçün qüvvəsini və vaxtını əsirgəməmişdir. Akademik Zərifə Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə hər zaman böyük diqqət ayırmışdır. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.Onun birbaşa rəhbərliyi altında gənc alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir. Zərifə xanım Əliyevanın yetirmələri olan alimlər oftalmologiya sahəsində onun başladığı genişmiqyaslı elmi araşdırmaları bu gün də uğurla davam etdirirlər. 

Zərifə xanım Əliyeva Azərbaycan qadınının ən gözəl xüsusiyyətlərini öz şəxsiyyətində təcəssüm etdirən əsl ziyalı idi. Görkəmli oftalmoloq-alimin dərin biliyi və mədəniyyəti, insanpərvərliyi, səmimiliyi və təvazökarlığı, Vətənə məhəbbəti və xeyirxahlığı onun şəxsiyyətini tərənnüm edən gözəl insani keyfiyyətlər idi. Zərifə xanımın daxili aləmi, vəzifə borcuna, xəstələrə və ətrafdakılara münasibəti 1983-cü ildə nəşr edilmiş “Həkimin əxlaqi tərbiyəsi, deontologiya, səhiyyə etikası və əxlaq məsələləri” əsərində özünü daha parlaq büruzə verir. Qeyd etmək lazımdır ki, onun bu əsəri mahiyyət etibarilə daha geniş əhəmiyyət kəsb edir, təkcə səhiyyə aləmində deyil, həm də məişət və ailə əlaqələri də daxil olmaqla, bütövlükdə cəmiyyətdə insanların qarşılıqlı münasibətlərinin öyrənilməsində önəmli rol oynayır.

Zərifə Əliyeva tibb işçisinin ətrafdakıların tərbiyəsində mühüm rol oynadığını, cəmiyyətin əxlaq etalonu olduğunu qeyd edirdi. Həkimin borcu insanın sağlamlığı, həyatı və xoşbəxtliyi naminə çalışmaqdır. Zərifə xanım haqlı olaraq belə hesab edirdi ki, həkimin həyati mövqeyi onun xəstəyə münasibətini müəyyənləşdirən başlıca amildir: “Yalnız o şəxs əsl həkimdir ki, xəstənin ağrılarını məhz özünün ağrıları hesab edir. Belə bir həkim üçün hər dəfə xəstəni qəbul etmək, xəstəliyə düçar olmuş insanla söhbət etmək həm xəstə qarşısında, həm də cəmiyyət qarşısında, başlıcası isə öz vicdanı qarşısında mənəvi məsuliyyəti deməkdir”.

Zərifə xanımın fitri istedada malik novator alim, mənalı ömrü, keçdiyi şərəfli həyat yolu hər bir Azərbaycan vətəndaşı, hər bir alim və həkim üçün həyat və mənəviyyat dərsi, kamillik və müdriklik məktəbidir. Tibb aləmində bir çox yeniliklərə imza atmış, Azərbaycan oftalmologiya elmini bütün dünyada tanıdan, yüksək intellekt sahibi, yorulmaz alim, akademik, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyevanın elmdə açdığı yol ildən-ilə inkişaf edir, onun yazıb-yaratdığı monumental əsərləri, qoyub-getdiyi elmi nailiyyətləri, pedaqoqluq səriştəsi, irsi daim araşdırılır, öyrənilir, neçə-neçə tədqiqat əsərlərinin mövzusuna çevrilir. Onun zəngin elmi irsi, oftolmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, qazandığı nailiyyətlər, yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifəsidir. İnsanlara bitib-tükənməyən sevgi, məhəbbət dolu geniş ürəyə sahib olan, gözlərə işıq, nur bəxş edən, Vətən təəsübünü bütün doğrulardan üstün tutmağı bacaran, özünün fitri istedadı ilə elmin, insanlığın ən yüksək zirvəsinə ucalan akademik Zərifə xanım Əliyeva bu xüsusiyyətləri ilə həm müasir gənclərə, həm də gələcək nəsillərə nümunə və örnəkdir.

Zərifə xanım Əliyeva adına Milli Oftalmologiya Mərkəzi, Naxçıvan şəhər poliklinikası, Akademik Zərifə Əliyeva adına Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutu, adına küçələr, xəstəxanalar, körpələr evi, təlim-təhsil ocaqları və sair onun adının əbədiləşdirilməsinin layiqli göstəricisi, ona qoyulan hörmətin, bəslənilən rəğbətin, göstərilən ehtiramın nəticəsidir. Bakıda müasir Oftalmologiya Mərkəzinin yaradılması Zərifə xanımın çoxdankı arzularından idi. Bu gün bu mərkəz görmə qabiliyyətində problem olan hər kəsin pənah gətirdiyi yerdir.

Zərifə xanım insanlara nur bəxş etmiş həkim-oftalmoloq, elm fədaisi, vətənpərvər alim, xeyirxah insan və əlbəttə ki, Azərbaycan qadınının mücəssəməsi olaraq vəfalı ömür-gün yoldaşı, eyni zamanda, qayğıkeş ana kimi bu gün xatirələrdə yaşayır. Zərifə xanım həyatı daim mübarizələrdə keçən Heydər Əliyevin ömür-gün yoldaşı idi. O, Ümummilli Liderlə çiyin-çiyinə addımlayır, qayğısına qalır, çətin günlərdə ona arxa-dayaq olurdu. Xoşbəxtlikdən, bu cür ağır iş prosesində Heydər Əliyevin bir dayağı da ailəsindən aldığı mənəvi dəstək idi. Sonralar, 1995-ci ildə Ulu Öndər Zərifə Əliyevanın abidəsinin açılışı zamanı ömür-gün yoldaşının onun həyatında oynadığı rol haqqında belə demişdi: “Gənc yaşlarımdan mənim həyatım dövlət işi ilə bağlı olubdur. Mən bütün həyatımı buna sərf etmişəm və bu gün də bu yolda çalışıram. Bu yolda mənim həmişə səmərəli, müvəffəqiyyətlə çalışmağımda, hesab edirəm ki, ailə vəziyyətimin çox böyük rolu olub. Zərifə xanım kimi həyat yoldaşım olduğuna və o, ailəmdə çox yüksək mənəvi mühit yaratdığına görə mən xoşbəxt olmuşam. Həyatımın bütün dövrlərində işlə məşğul olduğuma görə ailə məsələlərinə fikir verməyə vaxtım olmayıb. Bunların hamısı Zərifə xanımın üzərinə düşüb və o da bu vəzifəni şərəflə, sədaqətlə, çox böyük məharətlə yerinə yetirib”.

Zaman bizi Zərifə Əliyeva kimi böyük şəxsiyyətlərdən uzaqlaşdırdıqca biz onların dəyərini daha dərindən dərk edirik. Zərifə xanım zəngin elmi-pedaqoji fəaliyyəti ilə adını elm və pedaqogika tariximizə qızıl hərflərlə yazmış böyük alim və müəllim, xeyirxah əməlləri ilə könülləri sevindirmiş nurlu insan, eyni zamanda, müasir Azərbaycanın qurucusu Heydər Əliyevin ömür-gün yoldaşı olmuş şərəfli Azərbaycan qadını və daim Azərbaycan sevgisi ilə yaşayan iki övlad böyütmüş, Vətənimizə Qarabağın xilaskarı İlham Əliyev kimi uzaqgörən rəhbər bəxş etmiş bir ana olaraq xalqımızın qəlbində özünə əbədi abidə ucaltmışdır. 

Zərifə xanım haqqında çoxlu şeirlər, məqalələr, kitablar yazılmış və yazılacaqdır. Lakin bu böyük insan haqqında ən xoş, ən səmimi və ən gözəl sözləri onu hər kəsdən yaxşı tanıyan və hamıdan çox sevən ömür-gün yoldaşı Ümummilli Lider Heydər Əliyev söyləmişdir: “O, mənə sadəcə ömür-gün yoldaşı deyildi. O, mənə dost, dayaq idi. İşimin çətin olduğu bütün dövrlərdə ailəm haqqında çox rahat düşünürdüm. Çünki mənim Zərifə Əliyeva kimi sədaqətli, cəfakeş, fədakar ana olan ömür-gün yoldaşım var idi”.

Bu gün onun ruhu şaddır ki, Prezident İlham Əliyev Ulu Öndərin layiqli davamçısı kimi Azərbaycan dövlətçiliyinin daha da möhkəmləndirilməsi yolunda nəhəng işlər görür, hər birimizin Qarabağ həsrətinə son qoyaraq, ərazi bütövlüyümüzü bərpa etdi. Biz fəxr edirik ki, onun böyüdüb tərbiyə etdiyi, bu gün Azərbaycanın Prezidenti olan cənab İlham Əliyev özünün yorulmaz və əzmkar fəaliyyəti, böyük zəhməti və doğma Vətənə sonsuz sədaqəti sayəsində ölkəmizin dünyada lider dövlətlərdən birinə çevrilməsini təmin edir.

Bu gün Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyeva Zərifə xanımın ənənələrini davam etdirərək, bütün dünyada Azərbaycan qadınlarının adını yüksəldir. Milli-mənəvi sərvətlərimizin qoruyucusu olan Mehriban xanım Azərbaycanda təhsilin, səhiyyənin, mədəniyyətin və digər sahələrin inkişafı üçün əlindən gələni edir. Özünün ictimai fəallığı və şəxsi örnəyi ilə müasir Azərbaycan qadınını bütün dünyada ləyaqətlə təmsil edir, Azərbaycan ailəsinin yüksək mənəvi dəyərlərə söykəndiyini və ümumbəşəri ideallar əsasında yaşadığını təcəssüm etdirir.

İnsan Yaradan tərəfindən maddi və mənəvi sınaqlara məruz qalır. Hansı insan bu sınaqlardan şərəflə çıxırsa, əsil insan da odur. Belə şəxslərə Allah hər iki dünyada əbədi səadət bəxş edir. Zərifə Əliyeva da həyatın bütün sınaqlarından şərəflə çıxmış məhz belə bir insan idi. Son dərəcə vətənpərvər, ləyaqətli şəxsiyyət, ailə səadətinin qoruyucusu, fədakar ana, ən əsası isə xeyirxah insan. Bu gün Zərifə Əliyeva Azərbaycan xalqının ürəyində məhz belə yaşayır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Zərifə xanım haqqında söylədiyi sözlər bu böyük insanla bağlı duyğuları dəqiq ifadə edir: “Zərifə xanımın nurlu obrazı həmişə bizim ürəyimizdədir. Onu tanıyanlar və tanımayanlar, haqqında kitablarda, məqalələrdə oxuyanlar da, hesab edirəm ki, onun nurlu obrazını daim öz ürəyində saxlayır. Zərifə xanım böyük həkim, böyük alim, böyük insan idi. Onun əziz xatirəsi onu tanıyanların qəlbində daim yaşayacaqdır”.

Gülxarə TARVERDİYEVA,
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı