Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın təşəbbüsü ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Dövlət Sosial Müdafiə Fondunun departament müdirləri və Fondun Bakı şəhərində yerləşən müəssisələrinin rəhbərləri üçün 5 saylı Bakı DOST mərkəzində “İnformasiya əldə etmək hüququnun müdafiəsi” mövzusunda növbəti təlim keçirilib.
“İki sahil” xəbər verir ki, təlimdə İnformasiya əldə etmək hüququnun müdafiəsi şöbəsinin müdiri Lamiyə Zeynalova informasiya əldə etmək hüququ sahəsində beynəlxalq və milli qanunvericiliyin tələbləri, eləcə də dövlət orqanları və digər informasiya sahiblərinin bu istiqamətdə daşıdıqları vəzifələri barədə ətraflı məlumat verib. Daha sonra Ombudsman Aparatının əməkdaşları tərəfindən Müvəkkilin informasiya sahiblərinin “İnformasiya əldə etmək haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərindən irəli gələn vəzifələri yerinə yetirməsinə nəzarət funksiyaları, həmçinin qanunvericiliyin tələblərinin pozulduğu təqdirdə Ombudsmanın protokol tərtib etmək səlahiyyətinə dair məlumatlar iştirakçıların diqqətinə çatdırılıb.
Tədbirin gedişində mövzuya dair hazırlanmış videoçarx nümayiş olunub, informasiya əldə etmək hüququnun təşviqinə xidmət edən maarifləndirici çap materialları və metodiki vəsaitlər haqqında təqdimat edilib.
Tədbirin sonunda mövzu üzrə iştirakçıları maraqlandıran suallar Ombudsman Aparatının nümayəndələri tərəfindən cavablandırılıb.