Aprelin 24-də Ağdam şəhərinə köç edənlər respublikamızın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 397 nəfər köçürülüb
Böyük Qayıdış Azərbaycanın 2030-cu ilədək beş Milli Prioritetindən biri kimi müəyyən olunub. Bu Milli Prioritetlərə əsaslanan “Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası” yeni inkişaf mərhələsindəki hədəflərə çatmağa xidmət edən mühüm sənəddir. Qarabağ və Şərqi Zəngəzurun bərpası və Böyük Qayıdış Proqramı çərçivəsində genişmiqyaslı tədbirlər görülür. Bu ərazilərdə həyata keçirilən irimiqyaslı infrastruktur layihələri, sosial obyektlərin açılışı və əhalinin doğma torpaqlarına qayıdışı ölkənin daxili resursları hesabına uğurla icra olunur. Qarabağ və Şərqi Zəngəzurda şəhərlərin, kənd və qəsəbələrin bütün infrastrukturu-su, kanalizasiya xətləri, elektrik enerjisi sistemi, yollar yenidən qurulur. Dövlət başçısının tapşırığının icrası ilə gündən-günə sürətlənən bərpa-quruculuq işlərinin sayəsində keçmiş məcburi köçkünlər öz doğma yurdlarına qovuşurlar.
Qırx dörd günlük Vətən müharibəsində qazanılmış şanlı Qələbə nəticəsində işğaldan azad edilən bütün rayonlarımız kimi, Ağdam da özünün inkişaf və dirçəliş mərhələsinə qədəm qoyub. Ölkəmizin başçısının rəhəbrliyi ilə Böyük Qayıdışın ən yüksək səviyyədə təmin edilməsi üçün Ağdamda da bütün dünyanı heyrətə gətirən layihələr reallaşdırılır. 2020-ci il noyabrın 23-də Ağdama səfər edən Prezident İlham Əliyev şəhərdə Azərbaycan Bayrağını ucaltdı. Dövlət başçısı və birinci xanım Mehriban Əliyeva Ağdam Cümə məscidini ziyarət etdilər. Prezidentimiz Ağdam məscidinin qarşısında çıxış edərək, erməni vandalizminin mahiyyətini bir daha dünya ictimaiyyətinin diqqətinə çatdırdı və Ağdamın yenidən bərpa ediləcəyini bildirdi. Otuz ilə yaxın davam edən işğal dövründə xarabalığa çevrilmiş Ağdam bu gün özünün yeni inkişaf dövrünü yaşayır.
Prezident İlham Əliyevin Qarabağa və Şərqi Zəngəzura davamlı səfərləri zamanı həyata keçirilən təməlqoyma və açılış mərasimləri, reallaşdırılan digər layihələr deməyə əsas verir ki, bu nəhəng işlər bölgələrin simasını tamamilə dəyişdirib. Böyük Qayıdış Proqramı çərçivəsində Ağdama köç edənlərin sayı gündən-günə artır. Dövlətimizin başçısı İlham Əliyev aprelin 20-də BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının səksən ikinci sessiyasının iştirakçılarına müraciətində bildirib ki, Azərbaycan işğal zamanı tam dağıdılmış və azad edilmiş ərazilərdə unikal və genişmiqyaslı yenidənqurma layihələrini həyata keçirir: “Böyük Qayıdış Proqramı uğurla icra olunur. 80000-dən artıq insan öz həyatını yenidən qurmaq, doğma yurdlarına qovuşmaq, təhsil almaq və işləmək məqsədilə Qarabağ və Şərqi Zəngəzur bölgələrinə qayıtmışlar. Bununla belə, minalar humanitar və inkişaf sahələrində ciddi təhdid olaraq qalır. Asiya və Sakit okean üzrə Komissiyanın əhatə dairəsində olan bir sıra ölkələrdə də mövcud olan mina problemi bu sahədə geniş beynəlxalq əməkdaşlığı zəruri edir. 2020-ci ildə münaqişə başa çatdıqdan sonra 400-dən artıq azərbaycanlı mülki şəxs mina partlayışları nəticəsində həyatını itirmiş və ya yaralanmışdır.”
Aprelin 24-də Ağdama növbəti köç karvanı yola salınıb. Ağdam şəhərinə köç edənlər respublikamızın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Bu mərhələdə Ağdam şəhərinə 110 ailə - 397 nəfər köçürülüb. Köç edənlər respublikanın müxtəlif yerlərində, əsasən yataqxanalarda, sanatoriya və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdir. Doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Onlar, həmçinin torpaqlarımızı işğaldan azad edən rəşadətli Azərbaycan Ordusuna, qəhrəman əsgər və zabitlərimizə minnətdarlıqlarını bildirib, bu yolda canlarından keçən şəhidlərimizə rəhmət diləyiblər.
Zahid Rza, “İki sahil”