24 aprel 2026 21:48
125

“Ryanair” aviaşirkəti Berlin aeroportunda fəaliyyətini məhdudlaşdırır

İrlandiyanın “Ryanair” aviaşirkəti Berlin-Brandenburq hava limanında fəaliyyətini əhəmiyyətli dərəcədə azaltmaq qərarına gəlib.

“İki sahil” Almaniyanın “RBB” televiziyasına istinadla xəbər verir ki, şirkət bazasını bağlayacağını və qış uçuş cədvəli çərçivəsində reyslərin təxminən yarısını ixtisar edəcəyini bildirib.

Qərar oktyabrın 24-dən qüvvəyə minəcək. Aviaşirkət bu addımı hava limanında yüksək rüsumlar və sərnişin sayının azalması ilə əsaslandırır. Nəticədə 2027-ci ildə Berlin Brandenburq Aeroportu üzrə sərnişin dövriyyəsinin 4,5 milyondan 2,2 milyona düşəcəyi gözlənilir. Hazırda şirkət bu hava limanından Avropanın 12 ölkəsində 30-dan çox istiqamətə uçuşlar həyata keçirir.

“Ryanair”, həmçinin Berlin Brandenburq Aeroportunda yerləşdirilmiş yeddi təyyarəni Avropa İttifaqında daha aşağı xərcli hava limanlarına köçürməyi planlaşdırır. Şirkət qərarını Almaniyada tətbiq olunan hava nəqliyyatı vergisi və rüsumların artırılması ilə əlaqələndirib.

Məlumata əsasən, Berlin Brandenburq Aeroportu idarəsi bu iddiaları təkzib edərək bildirib ki, belə artım planlaşdırılmır və tərəflər arasında danışıqlar davam edir.

Qeyd edək ki, Berlin Brandenburq Aeroportunda pandemiyadan sonra sərnişin axını hələ də tam bərpa olunmayıb. Ötən il hava limanından 26 milyon sərnişin istifadə edib ki, bu da 2019-cu illə müqayisədə xeyli azdır. Aşağıbüdcəli digər aviaşirkətlər – “EasyJet” və “Wizz Air” də Almaniyada fəaliyyətlərini qismən azaldıb.