Çinin paytaxtı Pekində 19-cu Beynəlxalq Avtomobil Sərgisi - “Auto China 2026” öz işinə başlayıb.
“İki sahil” xəbər verir ki, dünyanın ən böyük avtomobil sərgisi olan Pekin avtosalonuna 21 ölkədən təxminən 1000 avtomobil istehsalçısı qatılır. Ümumi ekspozisiya sahəsi 380 min kvadratmetr olan sərgidə 1451 avtomobil nümayiş olunur ki, onlardan 181-i ilk dəfə ictimaiyyətə təqdim edilir. Yeni modellərdən 71-i konseptual avtomobillərdir. Builki Pekin avtomobil sərgisi həm yeni, həm də konsept avtomobillərinin nümayişinə görə əvvəlki illəri qabaqlayır.
Sərgidə təqdim olunan modellər avtomobil sənayesindəki yenilikləri və qabaqcıl texnologiyaları nümayiş etdirir. Analitiklər bildirir ki, əgər bir vaxtlar Münxen və Tokio avtosalonları bu sahə üzrə bütün diqqətləri özünə çəkirdisə, indi artıq bu təşəbbüs Çinə keçir. Burada təbii ki, yeni enerji avtomobillərinin istehsalında Çinin dominantlığı ələ alması şübhəsizdir.
Mayın 3-dək davam edən sərgiyə təxminən 1 milyon ziyarətçinin baş çəkəcəyi gözlənilir.