27 aprel 2026 12:50
137

Gündəlik həyat tərzi dəyişiklikləri ürək-damar xəstəliklərinin qarşısında əsas müdafiə xəttidir - OXUYUN XƏBƏRİNİZ OLSUN!

Kardioloq: Profilaktika, sağlam qidalanma və aktiv həyat tərzi ÜDX riskini əhəmiyyətli dərəcədə azaldır

Ürək-damar xəstəliklərinin (ÜDX) qarşısının alınmasında gündəlik həyat tərzi dəyişiklikləri mühüm rol oynayır. Mütəxəssislərin fikrincə, düzgün qidalanma, fiziki aktivlik və zərərli vərdişlərdən imtina bir çox hallarda dərmanlardan belə daha güclü qoruyucu təsir göstərə bilər.

Mərkəzi Neftçilər Xəstəxanasının Kardiologiya şöbəsinin müdiri Şəfəq Nəzirova mövzu ilə bağlı “İki sahil”ə açıqlamasında bildirib ki, gündəlik həyat tərzində edilən dəyişikliklər ürək sağlamlığında həlledici rol oynayır. 

Onun sözlərinə görə, ürək-damar xəstəliklərinin böyük hissəsi qarşısı alına bilən risk faktorları ilə bağlıdır. Kardioloq qeyd edib ki, sağlam qidalanma damarların daxili qatını qoruyur və xolesterinin azalmasına kömək edir. Aralıq dənizi pəhrizi - zeytun yağı, balıq və tərəvəz əsaslı qidalanma - ən effektiv modellərdən biri hesab olunur. Duzun azaldılması təzyiqi tənzimləyir, trans yağlar və işlənmiş qidaların məhdudlaşdırılması isə aterosklerozun inkişafını ləngidir. Onun sözlərinə görə, düzgün qidalanma infarkt riskini 30–40 faizədək azalda bilər.

Ş. Nəzirova fiziki aktivliyin də ürək sağlamlığı üçün vacib olduğunu bildirib. Həftədə ən azı 150 dəqiqə orta intensivlikdə hərəkət qan dövranını yaxşılaşdırır, artıq çəkinin azalmasına və təzyiqin balanslaşmasına kömək edir.  “Aktiv insanlar ürək-damar xəstəliklərinə daha az tutulur,” - deyə o vurğulayıb.

Mütəxəssis siqaretin tərgidilməsini ən sürətli və effektiv qoruyucu addım kimi dəyərləndirib.  Onun sözlərinə görə, siqaret damarları daraldır və tromb riskini artırır, lakin tərgidildikdən bir il sonra risk göstəriciləri nəzərəçarpacaq dərəcədə azalır. Yuxu və stress faktorlarına da toxunan kardioloq bildirib ki, xroniki stress təzyiq və ürək ritmində pozulmalara, az yuxu isə metabolik problemlərə səbəb olur. Gün ərzində 7–8 saat keyfiyyətli yuxu ürək üçün qoruyucu hesab olunur.

Həmsöhbətim əlavə edib ki, artıq çəki də hipertoniya, 2-ci tip şəkərli diabet və lipid pozğunluqları ilə sıx bağlıdır. Hətta 5–10 faiz çəki itkisi belə ciddi sağlamlıq faydası verir. “Risk faktorları bir-birini gücləndirdiyi üçün kompleks yanaşma vacibdir,” — deyə Ş. Nəzorova bildirib.
Kardioloq onu da vurğulayıb ki, gündəlik sağlam vərdişlər xəstəliyin qarşısını alır, mövcud xəstəliyin gedişini yavaşladır və dərmanlara ehtiyacı azalda bilər. 

“Ən real və effektiv müalicə əslində profilaktikadır,” — deyə o, qeyd edib. Ş. Nəzirova əlavə edib ki, ÜDX-nin azaldılması üçün cəmiyyət səviyyəsində profilaktika, davranış dəyişiklikləri və səhiyyə xidmətlərinə çıxışın gücləndirilməsi vacibdir. Onun sözlərinə görə, sağlam qidalanmanın təşviqi, fiziki aktivliyin artırılması, siqaretlə mübarizə, erkən diaqnostika və maarifləndirmə proqramları bu istiqamətdə əsas rol oynayır. “Duz və şəkərin azaldılması, trans yağların məhdudlaşdırılması, sağlam qidaların əlçatan olması, məktəblərdə və iş yerlərində düzgün qidalanmanın təşviqi populyasiya səviyyəsində ən güclü təsirə malikdir,” - deyə kardioloq bildirib.

O, həmçinin gündəlik 30 dəqiqə hərəkətin, ictimai idman infrastrukturunun genişləndirilməsinin və oturaq həyat tərzinin azaldılmasının ÜDX riskini aşağı saldığını vurğulayıb. Ş. Nəzirova qeyd edib ki, siqaretlə mübarizə, erkən müayinələr və risk qruplarının skrininqi infarkt və insult hallarını əhəmiyyətli dərəcədə azaldır. Onun sözlərinə görə, dövlət səviyyəsində düzgün səhiyyə siyasəti  və ilkin səhiyyə xidmətlərinin gücləndirilməsi uzunmüddətli nəticələr üçün əsas şərtdir.

Nəticə olaraq kardioloq bildirib ki, ürək-damar xəstəliklərinin azaldılmasında əsas prinsip “müalicədən çox profilaktika, fərdi davranışdan çox ictimai sistem dəyişiklikləri” olmalıdır.

Yaqut Ağaşahqızı, “İki sahil”